Ombudsman Qiyas İbrahimlə bağlı nazir müavininə müraciət edib

Elmira Süleymanova gənc fəala rəftardan narahatdır

Foto: arxiv


Elmira Süleymanova gənc fəala rəftardan narahatdır

Ombudsman Elmira Süleymanova həbsdəki gənc fəal Qiyas İbrahimlə rəftarın araşdırılması üçün ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Bu haqda Ombudsmandan Qiyas İbrahimin vəkili Elçin Sadıqova göndərilən məktubda bildirilir. Ombudsman Penitensiar Xidmətin rəhbərinə vəkilin istəyi üzrə müraciət edib.

Vəkilin ombudsmana göndərdiyi müraciətdə bildirilir ki, hazırda Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində olan Qiyas İbrahim müəssisə rəhbərliyi tərəfindən hədələnib, təhqir edilib, işgəncəyə məruz qalıb, əsassız olaraq cərimə kamerasına salınıb. Q.İbrahimin hüquqlarının təmin olunması üçün kömək göstərilməsi istənilib.

E.Süleymanova qeyd edib ki, ombudsmanın Milli Preventiv Qrupunun üzvləri iyulun 13-də 2 saylı cəzaçəkmə müəssisəsində Q.İbrahimlə görüşüblər.

“O, vəkilin müraciətində qeyd olunanları təsdiqləyib. Mütəmadi olaraq müxtəlif qanunsuz hərəkətlərlə üzləşdiyini bildirib. Məsələ cəzaçəkmə müəssisəsinin rəhbərliyi ilə müzakirə edilib. Hər iki tərəfə tövsiyələr verilib”, – məktubda deyilir.

Ombudsman Penitensiar Xidmətin rəisindən bu halların nəzarətə götürülməsini, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə onlara məlumatların göndərilməsini istəyib.

Qiyas İbrahimin anası Şura Əmiraslanova və vəkili Elçin Sadıqov bir neçə dəfə onun saxlandığı cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qaldığını bəyan ediblər.

Ancaq Penitensiar Xidmətsə deyilənləri təkzib edib.

Qiyas İbrahim digər fəal Bayram Məmmədovla birgə ötən il mayın 10-da saxlanıblar. Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, B.Məmmədovdan 2.904 qram, evinə baxış zamanı əlavə olaraq 1 kiloqram 150 qram heroin aşkar edilib. Q.İbrahimdən də 2.607 qram, yaşadığı mənzilə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram heroin tapıldığı iddia edilir.

Ancaq gənclər məhkəmədə ittihamları qəbul etməyiblər. Keçmiş prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək!” şüarı yazılmasına görə həbs edildiklərini bəyan ediblər. Məhkəmənin qərarı ilə onlara 10 il həbs cəzası verilib.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) həbsdəki gənc fəallar Bayram Məmmədov və Qiyas İbrahimin şikayətini icraata götürüb.

Ana səhifəXəbərlərOmbudsman Qiyas İbrahimlə bağlı nazir müavininə müraciət edib