Rusiyanın İnsan haqları üzrə müvəkkili Tatyana Moskalkova blogerin həbsindən danışıb
“Rusiya Xarici İşlər Nazirliyi və Baş Prokurorluq “1993 və 2007-cu il cinayət işləri üzrə hüquqi kömək haqqında beynəlxalq konvensiyalar”a əsasən, Aleksandr Lapşinin cəzasının ölkə ərazisində çəkilməsi üçün ekstradisiyasını tələb edə bilər. Bu istiqamətdə danışıqlar aparılır”.
Rusiyanın Ombudsmanı “RİA Novostiyə” açıqlamasında belə deyib.
Daha öncə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirmişdi ki, Bakıda 3 il həbs cəzasına məhkum edilən Rusiya və İsrail vətəndaşı, bloger Aleksandr Lapşinin mümkün ekstradisiyası Kremlin mövzusu deyil.
İyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində bloger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə Lapşini Cinayət Məcəlləsinin 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə təqdirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.
Bundan əlavə məhkəmə hökmü ilə A.Lapşinin ittiham olunduğu Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma – eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Hakim bildirib ki, həmin maddə üzrə ittiham məhkəmə zamanı təsdiqini tapmayıb.
Rəsmi məlumatlarda qeyd edilib ki, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycanın dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.
A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur.