Gürcüstanın etnik azərbaycanlı icmasında erkən evliliklər və qız qaçırma…
(Adlar anonimliyin saxlanılması məqsədilə gizlədilib)
Adət və ənənə: icma üçün güclü, fərdlər üçün çətin
Etnik azərbaycanlılar Gürcüstan əhalisinin 6 faizini (233,024) təşkil edir və ölkənin ən böyük etnik qrupudur. Onların əksər hissəsi ölkənin cənub-şərqində, Ermənistan və Azərbaycan sərhədində məskulaşıblar. Bu icmalar lokal adət və ənənələrin məngənəsindədirlər. Yaxın tarixlərdə həmin adət və ənənələr Gürcüstanın Kvemo-Kartli bölgəsində bir neçə intihar hadisəsinə və digər bədbəxt hadisələrin baş verməsinə səbəb olub.
Əsasən etnik azərbaycanlıların yaşadığı, 9,000 nəfər əhalisi olan Telavi rayonunun Qaracalar kəndində son 3 ildə bir neçə faciəvi hadisə baş verib.
Qaracalar kənd sakini Gunay Abdullayevanın 15 yaşlı qızı Aysel ailəsi onu istəmədiyi evliliyə məcbur etdiyi üçün intihar edib.
Günay xanım bizə öz həyat hekayəsini danışmağı qəbul etdi.
“Həyatım bir göz qırpımında dəyişdi. Həmin gün qızımla oğlum teleiziyada kinoya baxırdılar. Mən onları yoxladım və banka bağlamağa getdim. Qəflətən oğlumun qışqırıq səslərini eşitdim. Tez qızım otağına qaçdım, onun cansız bədənini və döşəmədəki silahı gördüm”.
O, qızını evliliyin onu xoşbəxt edə biləcəyinə inandırmağa çalışdığını deyir:
“Oğlunu qızımla evləndirmək istəyən ailə var idi. Mən onların fikrini qızıma dedim. Onlar yaxşı ailədilər və istəyirdim ki, qızım xoşbəxt olsun. Ancaq… Mən bilmirdim ki, o, başqa oğlanı sevir”.
Ana deyir ki, sözügedən oğlan qızına hər gün məktublar və güllər yollayırmış, ancaq Ayselin ailəsi hisslərin belə açıq-aşkar nümayiş etdirilməsindən narahat olub. Gunay dedi ki, kənddə belə hərəkətlər yolverilməz və biabırçılıq hesab olunur:
“Mənim qızım utancaq və saf qızdır, o oğlanla görüşməyib. Ancaq mən bilmirdim ki, qızım da oğlanı gizli şəkildə sevirmiş. O öləndən sonra gündəliyini oxudum və başa düşdüm ki, onun da həmçinin oğlana qarşı hissləri olub. Biz onu evlənməyə məcbur etdik. Adətlər onu ölümə apardı”
Ayselin pərəstişkarı onun ölümünə dözə bilməyib və ailəsinin dərman qutusundan götürdüyü çox sayda dərmanları qəbul edərək intihara cəhd göstərib. Ancaq xoşbəxtlikdən ailəsi onu xilas edə bilib.
Günay qızının divardakı şəkillərini göstərdi və davam etdi:
“Onu görürsüz? Biz uşaqlarımızı yaxşı böyütmüşük. Onların yeməyinə və paltarlarına xəsislik etməmişik. Ancaq görünür onların ehtiyacı olan şey bu deyilmiş – bizim mənəvi və emosional dəstəyimizə ehtiyacı var imiş. Mən başqa analara məsləhət görürəm ki, uşaqları ilə daha tez-tez ünsiyyətdə olsunlar və onları adət-ənənələrin təzyiqindən qorusunlar — bu, ən vacibidir”. Erkən evliliklər heç cür Gürcüstanda baş verən nadir hadisələrdən birinə çevrilmir, xüsusilə azərbaycanlı icmalarında. Birləşmiş Millətlər Təşkilatı erkən evliliyi cütlüklərdən birinin yaşının 18 –dən az olması ilə müəyyənləşdirir.
Birləşmiş Millətlər Təşkilatının Qadın Komitəsinin 2014-cü ildəki xüsusi hesabatına əsasən, Kvemo Kartlidə sorğuda iştirak edən qadınların 32 faizi 18 yaş aralığında ailə qurub. 20 qadından biri 14 yaşından az və 16 faiz qadın 16 yaşından öncə ailə qurub.
Ayselin ölümündən bir gün sonra, 19 mart 2014-cü ildə Gürcüstanın Ombudsmanı Ucha Nanushvili ölkədə erkən evliliyi qadağan etmək üçün çağırış edib.
O öz çıxışında qeyd edib: “Vəziyyət narahat edicidir və bütün cəmiyyətlər bu məsələnin kədərini dərk etməli, onlarla gənc qızın erkən evliliyinə və onlara qarşı tətbiq olunan zorakılığa görə məsuliyyət hiss etməlidir”.
Nilgün Bayramova adlı başqa bir qız da 2013-cü ildə eyni səbəblərə görə intihar edib.
Kimdir günahkar?
Ayselin oxuduğu məktəbin direktoru, Reyhan Cavidova bildirdi ki, hər iki qız yaxşı qiymətlər alıb və yaxşı tərbiyəyə malik olublar.
“Onlar yaxşı oxuyurdular. Digər dostları və müəllimləri ilə də münasibətləri yaxşı idi. Biz məktəbdəki psixoloqlarla da danışmışıq, Ancaq onlar deyiblər ki, qızlarda dəyişkən və qəribə davranışların heç bir göstəricisi olmayıb”.
Öz müşahidələrinə əsaslanan Cavidova inanır ki, son illərdə erkən evliliklərin sayında azalma olub. Ancaq bu proseslər yenə də davam edir və tamamilə qarşısını almaq mümkün deyil deyə o, bildirib:
“Uşaqlar tez-tez öz ailələri ilə mübarizə aparmırlar. Çünki evliliyin nə məna kəsb etdiyini başa düşmürlər. Onların əksəriyyəti bunu bir növ oyun kimi qəbul edir. Ancaq bəziləri isə yox, Aysel və Nilgün kimi. Hər iki halda baş verənlərə görə valideynlər məsuliyyət daşıyır”.
Müdirin sözlərinə görə, onlar zorakı, erkən və planlaşdırılmış evliliklərə qarşı təlimlər edirlər, sadəcə qanun azyaşlı uşaqlarını evləndirən valideynlərin qarşısını ala bilmir , çünki valideynlər qanunlardan qorxmurlar.
Emin Muradov, Bolnisi rayonu, Manxuti kənd orta məktəbinin müdiri deyir ki, çox vaxt qızlar hələ 9-cu sinifi bitirməmiş məktəbi tərk edirlər. O, həmçinin erkən evliliklərə görə məktəbə daha az şagirdin cəlb olunduğunu vurğulayır :
“Sadəcə bir ildə erkən evliliklərə görə şagirdlərin 127 nəfərdən 114 nəfərə kimi azaldı. Nəticədə şagird çatışmazlığına görə biz bəzən sinifləri bağlamağa məcbur oluruq. Bu, həm də dərs saatlarını azalmasına gətirib çıxardığı üçün müəllimlərə də təsir edir.
Ötən il dörd qız məktəbi 12-ci sinifdə tərk etdi və bir neçə oğlan da ailələrinə və evlilik məcburiyyətlərinə görə məktəbə gəlməyi dayandırdı. Biz həmçinin o sinifi də bağlamağa məcbur olduq.
Gürcüstan qanunvericiliyinə görə, əgər şagirdlər məktəbi evliliklə əlaqədər səbəblər üzündən tərk etsələr, Sosial Xidmətlərə və polisə zəng etmək məktəb müdirinin öhdəliyindədir. Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 172-ci maddəsində qeyd olunur ki, “uşaqların tərbiyə və təhsilinin məcburiliyinin təmin olunmamasına” görə valideynlər günahkardır, buna görə onlar xəbərdarlıq almalı və ya 2000 və daha çox inzibati cərimə tələb olunmalıdır.
Lakin təcrübədə bu cəzalar nadir hallarda tətbiq olunur.
Muradov dedi ki, dövlət orqanlarına bir neçə məsələyə görə xəbərdarlıq etməyi qərara alsa da, daha sonra düşünüb: “Biz eyni kəndin sakinləriyik, burda mənim edə biləcəyim heç nə yoxdur …Mənim qarışmağa nə haqqım var?”
Hətta qanunların pozulması hallarında etnik azərbaycanlılar da həmçinin, gürcü xalqı kimi ailə məsələsi hesab olunan işlərə qarışmağı yolverilməz hesab edirlər. Məktəb nümayəndələri belə rəftar edəndə valideynlər tez-tez şikayət edirlər və qeyd edirlər ki, onlara necə xoşdursa, elə də edəcəklər. Bu səbəbdən məktəb müdirləri çox vaxt polisə və Sosial Xidmətlərə erkən evliliklər barədə məlumat vermirlər.
İctimai nəzarətin olmaması təhlükəli ola bilər
Gürcüstanda “İşgəncə Qurbanlarının Psixoloji və Analitik Reabilitasiya Mərkəzi”nin psixoloqu Salome Gegova deyir ki, valideynlər belə cəmiyyətlərdə uşaqların emosional və psixoloji sağlamlığına yox, maddi rifahına daha çox diqqət ayırırlar.
“Bəzi valideynlər intiharın gəldiyini görmürlər, çünki yeniyetmələr həyatlarında nə baş verdiyini gizlətməyi yaxşı bacarırlar. Valideynlər bəzən uşaqlarının şəxsi həyatlarında baş verən çətinlikləri bilən ən sonuncu insan olurlar”.
Bu fakt ona əsaslanır ki, yeniyetmələr öz hisslərini gizlətməyə yaxşı adaptasiya olunurlar. Ancaq burda xəbərdarlıq əlamətləri var.
Psixoloq məsləhət görür ki, valideynlər bu əlamətləri görməzlikdən gəlməsinlər: “Davranışlardakı hər-hansı dəyişikliklər ciddi nə isə deməkdir. Məsələn, əgər yeniyetmə normalda ünsiyyətcildir, lakin birdən-birə özünü cəmiyyətdən təcrid etməyə başlayırsa və ya həyat haqqında ümidsiz düşüncələrini dilə gətirirsə, bu, onun əlamətidir ki, o, özünü tələyə düşmüş hiss edir. Bu əlamətlər vacib deyil ki, intiharın göstəricisi olsun, ancaq onlar qırmızı bayraq ola bilər”.
Problemin mürrəkkəbliyini anlatmaq üçün qeyd etmək olar ki, istənməyən evliliklərə məcbur edilənlərin bir çoxu maddi cəhətdən ailələrindən asılıdırlar və valideynlərinə tələblərini bildirmək üçün heç bir seçimləri yoxdur.
Belə misallardan biri də 16 yaşlı Məlahət İbrahimovadır.
Məlahət Kvemo Kartli regionunda yerləşən Marneuli rayonunun Qırıxlı kəndində yaşayır.
Məlahətin ailəsi maddi vəziyyətlərinə görə onu təhsilini davam etdirmək istəməsinə baxmayaraq, 3-cü sinifdən məktəbdən uzaqlaşdırıb və o evdə anasına kömək etməyə başlayıb.
Daha sonra valideynləri 16 yaşında, xoşagəlməz şəkildə onun evlənməsinə qərar veriblər.
22 yaşlı Rzanın anası, ailə dostları Gulnar Sadiqova qərar verib ki, oğlunu Məlahətlə evləndirsin.
Baxmayaraq ki, bəy və gəlin şiddətlə bu ideyaya qarşı çıxıblar. Məlahətin ailəsi buna razı olub. Rzanın artıq sevgilisi var idi və Məlahət isə evlənməyə maraq göstərmirdi, xüsusilə də heç vaxt görüşmədiyi bir insanla.
Məlahət etiraz etsə də, heç kim onu dinləməyib:
“Heç kim məndən soruşmadı, nə düşünürəm. Bu, mənim həyatımın qərarı idi, ancaq heç kim məndən soruşmadı. Mən bunu biləndə iki gün ağladım. Anam mənə dedi ki, bu, bir gün baş verəcək, ancaq mən o vaxt nə baş verəcəyini anlamadım. Çox qorxdum və çarəsiz hiss etdim” .
Məlahətin və Rzanın valideynlər uşaqlarının evlənməyinə qərar verib.
Kiçik nişan mərasimindən qısa müddət sonra Məlahətin babası vəfat edib. İslam adətlərinə görə, ailə 40 gün yas saxlamalı idi.
Ancaq Rzanın ailəsi qərar verib ki, gözləməsin. Məlahəti qaçırıblar.
Məlahət deyir ki, onun valideynləri maddi səbəblərə görə onun qaçırılmasına razılıq veriblər: “Rza məni qaçırmaq istəmədi, ancaq ailəsi onu məcbur etdi. Bizim adətlərdə əgər qız qaçırılırsa, onun ailəsi qızına cehiz vermir. Mənim ailəm kasıbdır və buna görə razılaşdılar. Onlar ənənəvi toya sərf olunan xərclərdən azad olmaq üçün bu murdar ənənələrə razı oldular”.
Məlahət üçün indi heç nəyin asan olmadığını deməyə ehtiyac yoxdur. O, şikayət edir ki, hamilə olmasına baxmayaraq, əri onu fasiləsiz olaraq döyür və valideynləri onun problemlərinə qulaq asmır. Onun atasının cavabı isə xüsusilə sərt olub.
O bir dəfə qızına deyib: “Məlahət, biz səni çox istəyirik, ancaq adətlərimizi bilirsən. Əgər qız evi gəlin donu ilə tərk edərsə, kəfənlə geri qayıtmalıdır”.
Məlahət buna cavab olaraq bildirib ki, o, evdən gəlin donu ilə çıxmayıb və o vaxt imzalanmış rəsmi evlilik sənədi də olmayıb. Onun atası bu məqamda cavab verməkdən imtina edib.
Onun anasının dəstəyi isə sadəcə dözməyi və taleyinə tabe olmağı məsləhət görməkdən ibarət olub.
Məlahət indi 4 aylıq hamilədir və başına gələnlərdən acı kədər duyur: “Mən təhsil almaq istərdim, yaşıdlarımla vaxt keçirmək və güclü qadın olmaq istərdim. Çölə də çıxa bilməmişəm. Bütün günü evdə olmuşam. Çünki mən qız uşağı idim və uşaqlığımı xatırlamıram”.
Məlahət kömək üçün polisə zəng etməyə qorxur: “Hamı deyir ki, ərinin səninlə necə davranması haqqında şikayət etmə. Polisə zəng etməyə cəsarətim də yoxdur. Mən bilmirəm necə davranım, özümü necə qoruyum. Mən burdakı adətlərimizi və mentalitetimizi sevmirəm. Onlar məni bədbəxt edir, qadınlara ikinci şans və ya özlərini qorumaq şansı vermir. Bizim üçün sadəcə ən sona qədər taleyimizlə yaşamaq qalır”.
Nəticə
Gürcü rəhbər orqanları Gürcüstanın Cinayət Məcəlləsinin 150-ci maddəsini hazırlayaraq erkən evliliklər məsələsini həll etmək üçün addımlar atıb – 2014-cü ildən nikah zorakılığı ölkədə qanunsuz hal kimi qəbul olunur.
Lakin bu maddə üzrə 2015-ci ildə cinayət işi başlanmayıb.
Planlaşdırılmış və erkən evliliklər kimi adət-ənənələrə bağlılıq uşaqların hüquqlarının ağır şəkildə pozulması deməkdir. Ancaq bəzi cəmiyyətlərdə adət-ənənələrə hörməti bəhanə edərək bu evlilikləri davam etdirirlər. Ona görə də bütün tərəflər-valideynlər, müəllimlər, məktəb müdirləri, QHT-lər, eləcə də dövlət orqanları bu məsələ ilə bağlı birlikdə hərəkət etməlidirlər.