“Ölüm matçı” haqqında mif

Yazar: Yadigar Sadıqlı

Foto: Meydan Tv

Çox sonralar aşkar edildi ki, sovet dövrünün bir çox mifləri kimi bu oyun ətrafındakı hadisələr də xeyli təhrif olunub

Futbolla maraqlanmağa başlayandan Kiyevin “Dinamo” komandasına azarkeşlik edirdim. Bəlkə ona görə ki, bu komanda həmin vaxtlar sovet futbolunun lideri idi və SSRİ klubları arasında ilk dəfə Avropa kuboklarından birini qazanmışdı. Bəlkə ona görə ki, sovet futbolunun ən güclü oyunçusu sayılan Oleq Bloxin həmin illər  bu komandada çıxış edirdi.

Bəlkə də “Ölüm matçı” deyilən hadisə haqqında oxuduğuma görə. Bu hadisə haqqında ilk dəfə, deyəsən, aşağı siniflərdə rus dili dərsliyində oxumuşdum. Amma başqa yerdə oxumağım da istisna deyil.  Həmin oyun haqqında 1962-ci ildə film də çəkilmişdi. Oxuduğum məqalədə və çəkilən filmdə əsasən üst-üstə düşən süjet aşağıdakı kimi idi.

Kiyevin “Dinamo” komandasının xeyli oyunçusu almanlara əsir düşür. 1942-ci il iyunun 22-də, sovet-alman müharibəsinin başlanmasının birinci ildönümündə əsasən dinamoçulardan ibarət, bir qədər də başqa komandaların oyunçuları ilə gücləndirilən komanda yaradılır və onlarla Almaniya hərbi-hava qüvvələrinin – luftvaffenin komandası arasında görüş keçirilir.

Almanlar həm irqi üstünlüklərini, həm də oyunun keçirildiyi tarixin önəmini nəzərə alaraq mütləq qalib gəlmək istəyirlər. Buna görə də Kiyev futbolçularına hədə-qorxu gəlinir, uduzmayacaqları təqdirdə güllələnəcəkləri bildirilir. Oyunu idarə edən alman hakim açıq-aşkar soydaşlarına tərəfkeşlik edir. Bütün bunlara baxmayaraq, sovet futbolçuları qalib gəlirlər (filmdə 5:4, məqalədəki hesabı isə xatırlamıram) və hamısı güllələnir.

Belə əhvalat Qərbdə birmənalı qarşılanmazdı. Pafosdan daha çox sağlam düşüncəyə üstünlük verən ingilis və ya amerikalı əhəmiyyətsiz bir oyunda qələbəyə görə 11 nəfərin həyatını itirməsinin nə qədər adekvat və rasional addım olduğu barədə düşünərdi. Amma sovet insanı başqa cür tərbiyə olunmuşdu və futbolçuların etdikləri yeganə düzgün yol sayılırdı. Sovet vətəndaşı məhz belə hərəkət etməli idi. Xatırladığıma görə, uşaq vaxtı mən də bu davranışın doğruluğunu şübhə altına almamışdım.

Yalnız çox sonralar aşkar edildi ki, sovet dövrünün bir çox mifləri kimi “ölüm matçı” deyilən oyun ətrafındakı hadisələr də xeyli təhrif olunub. 


Kiyevin işğalı Almaniya ilə müharibədə sovet ordusunun üzləşdiyi ən ağır məğlubiyyətlərdən biridir. Sovet tarixşünaslığında “Kiyev strateji müdafiə əməliyyatı” adlanan əməliyyatda 600 mindən çox biryolluq (ölənlər, itkin düşənlər və əsir alınanlar) itki verildi.

Kiyevin müxtəlif komandalarında çıxış edən futbolçuların taleyi də müxtəlif oldu. Onlardan bəziləri təxliyə edildilər, bəziləri şəhərdə qaldılar, bəziləri Kiyevin müdafiəsində iştirak etdilər. Sonuncuların bir hissəsi ordu ilə şərqə tərəf çəkilə bildi, çoxu isə əsir düşdü.

Almanlarla əməşkdaşlıq edən Konstantin Ştepa (işğal dövründə Kiyev universitetinin rektoru və almanpərəst qəzetin baş redaktoru) adlı professor işğal administrasiyasına məktub yazaraq əsir düşərgəsində saxlanılan futbolçuların azad edilməsini xahiş edir. Almanlar da loyallıq haqqında iltizam almaqla futbolçuları azad edirlər.

Əsirlikdən azad olunanlardan biri, müharibədən əvvəlki 5 il ərzində “Dinamo” komandasının qapıçısı olan Nikolay Truseviç tanışlıq vasitəsilə çörək zavoduna işə düzəlir. Daha sonra onun xahişi ilə başqa futbolçular da zavodda işə qəbul olunurlar. Çörək zavodunda işləmək bir imtiyaz idi, çünki Almaniyaya əmək mobilizasiyasından möhlət (bron) verirdi.

Cəbhə xətti Kiyevdən şərqə tərəf uzaqlaşdıqca şəhərdə normal həyat əlamətləri bərpa olunur. Teatr, kino, ictimai iaşə müəssisələri yenidən fəaliyyətə başladı. Şəhərdə konsertlər verilir, tamaşalar, operalar göstərilirdi. Hətta pul islahatı aparıldı, sovet rublunu Ukrayna karbovanetsi əvəz etdi. Proses idmandan da yan keçmədi.

Kiyevin “Lokomotiv” komandasının keçmiş oyunçusu, indi almanlarla və Ştepa ilə əməkdaşlıq edən Georgi Şvetsov müxtəlif futbolçulardan və həvəskarlardan “Rux” komandasını yaratdı. Az sonra çörək zavodunun direktorunun təşəbbüsü ilə zavodun işçilərindən ibarət “Start” komandası yaradıldı. Futbolçular da bu işə həvəslə yanaşdılar, çünki yarıac dolandıqları halda futbol onlar üçün müəyyən əlavə qazanc mənbəyi ola bilərdi.

Komandanın üzvlərinin hamısı keçmiş dinamoçular deyildilər. Onların arasında Kiyevin “Lokomotiv” və “Rot Front” klublarının, hətta Odessa “Spartak”ının oyunçuları vardı. Sviridovski və Putistin isə keçmiş dinamoçular idilər və artıq bir müddət idi ki, futbol oynamırdılar. Komandada peşəkar futbolçu olmayanlar, eləcə də çörək zavodunda işləməyənlər vardı.


“Start” ilk oyunu 1942-ci il iyunun 7-də keçirdi. Onun rəqibi “Rux” komandası idi. Oyun 7:2 hesabı ilə “Start”ın xeyrinə yekunlaşdı. Sonrakı günlərdə macar qarnizonun komandası (6:2), alman artilleriyaçıları (7:1) məğlub edildilər. Dördüncü oyunda rəqib daha bir yerli komanda – “Sport” idi. Qələbəni yenə “Start” qazandı – 8:2. Bundan sonra alman dəmiryolçuları (6:0), macarların “MSG. Wal.” (5:1) və “GK SZERO” (3:2) komandaları məğlubiyyətə uğradıldı.

Avqustun 6-da almanların, əsasən, Hava Hücumundan Müdafiə qüvvələrində xidmət edən hərbçilərdən, eləcə də pilotlardan və mexanikləridən  təşkil olunan “Flakelf” komandası ilə ilk oyun keçirildi. “Start” yenə qələbə qazandı 5:1.

Sovet tarixşünaslığında “ölüm matçı” kimi təqdim edilən revanş oyunu üç gün sonra, avqustun 9-da baş tutdu (təqdim edildiyi kimi iyunun 22-də yox). Bu dəfə almanlar öz komandalarını bir qədər gücləndirmişdilər. Oyun əvvəlkilər kimi “Zenit” stadionunda keçirilirdi (sonralar “Start” adı verildi).

Hesabı almanlar açdı. Amma kiyevlilər fasiləyə qədər üç qol vuraraq birinci hissəni 3:1 hesabı ilə irəlidə bitirdilər. İkinci hissə xeyli gərgin keçdi. Əvvəlcə “Flakelf” hesabı bərabərləşdirdi. Bununla belə, “Start” daha iki qol vuraraq 5:3 hesabı ilə qələbə qazandı.

Oyundan sonra heç kəs güllələnmədi. Hər iki komanda hətta xatirə şəkli çəkdirdi (hərçənd, bəzən bu şəklin birinci oyundan sonra və ya ikinci oyundan əvvəl çəkildiyi deyilir).  Azarkeşlərdən biri “Start” oyunçularını samoqona qonaq etdi və qələbə beləcə qeyd olundu.

Bütün oyunlarda Ervin adlı alman hərbçi hakimlik edib. “Sport” komandasının oyunçusu olmuş Vladimir Noqaçevski çox sonralar, həqiqəti söyləmək daha təhlükəli olmayan vaxtlarda hakimin obyektiv olduğunu, hətta hansısa oyunda bir almanı kobud oyuna görə meydandan qovduğunu iddia edir.

Avqustun 16-da “Start” özünün son oyununu keçirdi. Rəqib yenə “Rux” komandası idi və “Start” onu 8:0 hesabı ilə darmadağın etdi. Bundan iki gün sonra isə çörək zavodunda işləyən futbolçular elə iş vaxtı həbs edildilər. Amma həbsin səbəbi “ölüm matçı” deyildi.


SSRİ-də “Dinamo”  idman cəmiyyəti və eyni adlı bütün idman klubları Xalq Daxili İşlər Komissarlığının (NKVD) sonralar isə Daxili İşlər Nazirliyinin himayəsi altında idilər. Oradakı idmançılar da formal olaraq bu qurumların əməkdaşları sayılırdılar.

Bu, SSRİ-də guya peşəkar idmanın olmamasını, bütün sovet idmançılarının gündüzlər çalışıb,axşamlar və istirahət günləri idmanla məşğul olan həvəskarlar olduğunu göstərmək üçün düşünülmüşdü. ÇSKA (və ya SKA) üzvləri hərbçi sayılırdılar. “Spartak” üzvləri guya həmkarlar təşkilatlarının işçiləri idilər  və s.

1942-ci ilin avqustunda da kimsə almanlara donos yazaraq “Dinamo” futbolçularının NKVD əməkdaşları olduğunu xəbər verdi. Donosu kimin yazdığı mübahisəlidir. Bir ehtimala görə, “Rux” komandasının kapitanı Georgi Şvetsov iki məğlubiyyətdən əsəbləşərək donos yazmışdı. İkinci ehtimalda isə çuğulçunun Georgi Vyaçkis adlı keçmiş üzgüçü olduğu deyilir.

Hər halda, həbsin səbəbi almanlar üzərində qələbə deyil, “Dinamo”nun NKVD-yə bağlılığı idi. Çörək zavodunun futbolçu işçiləri arasında dinamoçu olmayanlar üç gün sonra azad edildilər. Suxarev, Balakin və Melnikin “Lokomotiv”in oyunçuları, beləliklə, guya dəmiryolçu olduqları aydınlaşdırıldı.

Əvəzində çörək zavodunda işləməyən, həbsləri eşidəndən sonra gizlənməyə fürsət tapan  keçmiş dinamoçular axtarıldı. Belələrindən, Nikolay Korotkix sentyabrın 6-da həbs edildi. Onun yerini almanlara öz bacısı xəbər verdi, qorxurdu ki, almanlar qardaşına görə onu cəzalandırarlar.

Bədbəxtlikdən, Korotkix iki il ərzində həqiqətən də NKVD əməkdaşı olmuşdu və axtarış zamanı müvafiq uniformada şəkli tapıldı. Bundan sonra gestapoda işgəncələrə məruz qaldı, almanlar ondan Kiyevdə hansı tapşırığı yerinə yetirmək üçün qaldığını öyrənməyə çalışırdılar. Elə bir tapşırıq isə yox idi və Korotkix işgəncələrə dözməyərək həlak oldu.

Səkkiz  dinamoçu isə Sırets həbs düşərgəsinə göndərildilər. Bu düşərgə yüz mindən artıq insanın qətl edildiyi Babiy Yar adlı yerin lap yaxınlığında idi. Buranın komendantı Pol Radomski özünün qəddarlığı ilə məşhur idi. O, ən xırda nöqsanlara görə fiziki cəzalar, qətllər tətbiq edirdi.

Futbolçulardan üçü belə bir  amansızlığın qurbanı oldular. 1943-cü il fevralın 24-də onların daxil olduqları briqadanın hansısa pozuntuda günahlandıran Radomski hər üç nəfərdən birinin güllələnməsini əmr edir. Kor püşkün düşdüyü adamlar arasında üç futbolçu vardı: Truseviç, Kuzmenko və Klimenko.

Daha acınacaqlı versiyaya görə, almanlar məhbusları üz üstdə yerə uzadaraq, özləri sayıb hər üçüncünü güllələyirdilər. Kuzmenko və Klimenko püşkün qurbanı oldu. Püşk düşməyən Truseviç isə özünü saxlaya bilməyib nə baş verdiyini görmək üçün başını yerdən icazəsiz qaldırdığına görə güllələndi.

Digər futbulçular isə müharibəni sağ-salamat başa vurdular. Maraqlıdır ki, “ölüm matçı”nın iştirakçıları arasında sonralar sovet orqanları tərəfindən “işğalçılarla əməkdaşlığa görə” həbs edilənlər də vardı : Georgi Timofeyev və Lev Qundarev hər biri 10 il, Yuri Çerneqa 5 il həbs cəzasına məhkum edildilər. SSRİ-də isə bu zaman “ölüm matçı”nın bütün iştirakçılarını qəhrəman hesab edirdilər.

Sırets düşərgəsinin komendantı Pol Radomski uzun müddət itkin düşmüş sayılırdı. SSRİ, onun süqutundan sonra isə Ukrayna Radomskinin tapılması üçün cəhdlər göstərirdi. Yalnız 2005-ci ildə aşkar edildi ki, Radomski 1945-ci il martın 14-də Macarıstan ərazisində gedən döyüşlərdə öldürülüb.

Ana səhifəMənim Fikrimcə“Ölüm matçı” haqqında mif