Dünya qloballaşır. Bütün sahələrdə qloballaşma öz axarı ilə gedir. İqtisadi, siyasi, sosial və sair, və ilaxır qloballaşmada dünya ölkələri bacardıqları kimi iştirak edir. Azərbaycan da dünyanın bir parçası olduğu üçün bu qloballaşmalardan yan keçə bilmir. Amma necə? Hakimiyyətin apardığı siyasət qloballaşan dünyada hansı yeri tutur və ya hakimiyyətin siyasəti ölkədə daha çox nəyi qloballaşdırır? Son zamanlar apardığım müşahidələr, eşitdiyim və şahidi olduğum hadisələr məni ölkədə “intihar qloballaşması”ndan yazmağa vadar etdi…
Deyəcəksiniz ki, intiharın qloballaşmağa nə dəxli var, intihar ən çox psixoloji faktorla bağlıdır və sair və ilaxır, eləmi!? Dəxli var! Əgər bu gün ölkəmizdə intiharlar kütləvi xarakter halına gəlib çıxıbsa, intihar edənlərin yaş həddi müxtəlifdirsə, onun səbəblərini aydınlaşdırmağa və qlobal adlandırmağa dəyər. Doğrudur, öz canına qəsd edən insanın ciddi psixoloji problemi olmasa, özünü öldürməz, intihar etməz. Amma bu psixoloji durumun anormallaşmasının səbəbi nədir, görəsən!? Niyə insan bu vəziyyətə düşür? Bu suallara cavab axtarmaq lazımdır. O zaman bir çox məqamlar aydınlaşır və intiharlara gətirib çıxaran psixoloji durumun səbəbini tam çılpaqlığı ilə görürsən: ölkə iqtidarının yarıtmaz xarici və daxili siyasəti.
Ölkənin hər bir yaşayış məntəqəsi (kənd, qəsəbə, şəhər, məhəllə) ayrı-ayrılıqda həmin ölkədəki vəziyyətin tam mənzərəsini verə bilir. Məsələn, bizim kənddə 4 intihar hadisəsi baş verib yaxın 5 ildə. Onun üçü son iki ayda olub. Yaş təbəqəsi və sosial durumu da bütün sahələri əhatə edir: gənc, orta yaş və qoca, nisbətən imkanlı, kasıb, çox kasıb. Əgər gəncin özünə qəsd etməsini elmi-texniki tərəqqinin imkanları ilə bağlayırıqsa, orta yaş və qocanın intiharını nə ilə bağlayaq?! Biri banklara həddən artıq borcu olduğu üçün, digəri xəstəliyi ilə əlaqədar, ağrılarına tab gətirə bilmədiyindən, normal müalicə almaq üçün maddi imkanları olmaması üzündən canına qəsd edir.
Bütün bunların kökündə ölkədəki anormal vəziyyət, yarıtmaz iqtisadi siyasət, baş alıb gedən korrupsiya və monopolizm, bütövlükdə hakimiyyətin insanlığa zidd, qeyri-peşəkar siyasəti durur. Əgər bu gün vətəndaşımız “çörək pulu” qazanmaq üçün öz kəndini, rayonunu, ölkəsini tərk edirsə, getdiyi yerdə düz-əməlli qazanc əldə edib ailəsinə göndərə bilmirsə, onun xəstə valideyni, ailəsi hansı durumda olmalıdır? İnsan öz ölkəsində normal vətəndaş kimi səhər durub işinə getsə, axşam evində olsa, öz ailəsi ilə normal vətəndaş kimi ilgilənə bilsə, belə hallar olarmı?!
Səhiyyəmiz bütün dünya ölkələrində olduğu kimi rüşvət və korrupsiya aləti kimi deyil, insan üçün normal olan vətəndaşın qayğısına qalan səhiyyə kimi işləsə, bütün dünyada olduğu kimi sığorta sistemli səhiyyə olsa, həkim xəstəyə qazanc mənbəyi kimi deyil, insan kimi baxsa, dərmanlar dünya qiymətlərindən 4-5 dəfə baha olmasa, keyfiyyəti aşağı olmasa, vətəndaşımız da sağlamlığının əmin əllərdə olduğunu bilsə, belə hallar baş verərmi?! Mağazanın nisyəsini bağlamaq üçün banklardan yüksək faizli kredit götürüb sonra onu da qaytara bilmədiyini görən müəllim, həkim, məmur, təqaüdçü şirin canına qıyırsa, hələ həyatdan kam almayan gənc qız (oğlan) erkən nigaha məcbur edildiyinə görə, istəmədiyi bir işə, peşəyə məcbur edildiyinə görə, seçim hüququnun alındığına görə həyatına son qoymaq yolunu seçirsə və bütün bunlar kütləvi xarakter almağa başlayırsa, demək ki, həyəcan təbili çalınmasının zamanı çatıb artıq…
İntiharların sayı, onların yaş fərqliliyi, artma tempi, səbələri onların qloballığından və tez bir zamanda yoluxucu xəstəlik kimi hər birimizin ailəsinə, evinə iznsiz-dəstursuz gəlişindən xəbər verir…
Baxın, bütün bu intiharların kökündə iqtisadiyyatımız durur. İqtisadiyyatımızı yönətən isə iqtidardır. Məhz, korrupsiyalaşmış və monopolist iqtidarın apardığı yanlış iqtisadi siyasət, vətəndaşının sosial durumuna etinasız münasibət, hakimiyyətin öz dövlətinə, onun mülkiyyətinə şəxsi malı kimi baxması və nəhayət hakimiyyətə xalqın səsi ilə deyil, saxtakar yollarla, polis rejimi gücünə gəlməsi ölkədə bütün sahələrin tənəzzülünü reallığa yaxınlaşdırır, o cümlədən, insan faktorunun və insanların özlərinə olan inam etibarının da… Belə davam edəcəyi təqdirdə İlham Əliyevin söylədiyi kimi “ölkədə bir nəfər də yoxsul qalmayacaq”. Yəqin ki, anladınız bu necə baş verəcək…
Nə qədər ki, insanımız çıxış yolunu onların xeyri deyil, ziyanı üçün var olan iqtidarın dəyişməsində görməyəcək, nə qədər ki, hakimiyyət dəyişkənliyinin yalnız və yalnız doğru, düzgün seçki yolu ilə baş tutmasını, hakimiyyətə ancaq xalqın səsini qazanmış qüvvənin gəlməsini təmin etmək üçün mübarizə aparmayacaq, gündən-günə vəziyyətimiz daha da pisləşəcək və dünya qlobalizmində intiharların qloballaşması ilə liderlik bizim olacaq!
Şərqin ilk demokratik ölkəsini yaradan, bir əsrdə iki dəfə müstəqilliyinin bərpa olunmasını, dünyanın ən mübariz xalqı adını qazanan bir millət kimi biz yenidən öz sözümüzü deməyi bacara bilərik, haqqımıza, dövlətimizə sahib çıxa bilərik, bütün dünyaya örnək ola bilən demokratik ölkəmizi qura bilərik! Bunu istəməyimiz yetər! Qloballaşan dünyaya qlobal demokratikləşmə ilə gedək, qlobal intiharlarla deyil!