Ölüm kağızı əllərində olan ahıl qadınlar aclıq aksiyası edir. Artıq 5 gündür davam edən aksiyada vaxtaşırı halları pisləşir, evlərinə təcili yardım gəlir.
Türkan qəsəbə sakinlərinə saxta ölüm kağızı çıxardılıb, adlarına olan torpaq sahələri satılıb. İşin üstü açılandan sonra qəsəbə sakini Natiq Məmmədsoy ahıl qadınlara vəkil tutmaqda kömək edib. Deyilənə görə, elə həmin vaxt polisə çağırılıb hədələnən Natiq, daha sonra həbs olunub.
Martın 5-də saxlanılan Natiq Məhəmmədsoya qarşı Cinayət Məcəlləsinin 228.1 (qanunsuz silah saxlama) və 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə) maddələrilə ittiham irəli sürülüb. Özü isə məhkəmədə bildirib ki, narkotik və silahın ona aidiyyəti yoxdur. İşin üstünün açılmağında vasitəçi olduğuna görə şərlənib. İndi qadınların torpaq dərdi yadlarından çıxıb. Aclıq askiyası edərək Natiqin həbsdən, özlərinn xəcalətdən çıxmağını istəyirlər.
Türkan sakinlərinin ölmüş kimi təqdim olunub, əmlakının ələ keçirilməsilə əlaqədar Baş Prokurorluğun İstintaq İdarəsində araşdırmalar gedir. İşlə bağlı sabiq icra nümayəndəsi Rahil Babayev və qəsəbə sakini Çingiz Səfərov həbs edilib. İttiham olunan digər sakin Daşqın Nəsirov isə ev dustaqlığına buraxılıb.