Ölüm hökmü kimi ev (VİDEO)

“Sizin yaşadığınız fərdi yaşayış evi qəzalı vəziyyətdə olduğundan və hər an yaşayış üçün təhlükəli yaradacağından bir daha xahiş edirik evinizin yararlı hala gətirilməsi ilə bağlı hər hansı qərar qəbul olunana qədər evinizi tərk edəsiniz.

Əks halda hər hansı qəza baş verərsə, buna görə məsuliyyəti özünüz daşıyacaqsınız”.


Suraxanı rayon İcra Hakimiyyəti

Zığ qəsəbəsi, Həzi Aslanov küçəsində yaşayan 58  yaşlı Allahyar Nəcəfov hər ay belə məktublar alır. O da evinin qəzalı vəziyyətdə olduğunu bilir, amma gedəcəyi başqa yer olmadığından evindən çıxa bilmir. ”İcra hakimiyyəti dəfələrlə məni aldadıb. Deyirlər, biz torpaq sahəsi vermirik. Amma torpaq sahəsi satılır.  Mərhum prezident Heydər Əliyev örüş yerin torpaq sahəsi kimi ayırıb onlara verib, indi örüş sahəsin satırlar, mənim evim başıma uçur, iki-üç sot torpaq olsa belə mənə vermirlər”.

Nəcəfovun evinə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəliblər. Onlar da tərtib etdikləri rəydə evin qəzalı vəziyyətdə olduğunu təsdiqləyiblər. Şikayətçi deyir, gələnlərin hamısı hökumət səviyyəsində həll olunacaq vədi verir, amma  problem həll olunmur.

“Hər an qorxu içində yaşayırıq. Hər dəfə ayağımı yerə basanda hiss edirəm ki, nəsə ola bilər. Dəfələrlə buradan başımıza daşlar düşüb. Anam xəstə adamdır, ikinci qrup əlildir, hər dəfə qorxur”- ev sahibinin qızı Gülxar Nəcəfova deyir.

Allahyar Nəcəfov: “ Torpaq sahəsi, kompensasiya versinlər. Gedib bir yerdə koma tikərik, ya da hökumət ev versin”.

Ailə deyir ki, ev axırıncı dəfə 1967-ci ildə təmir edilib. O vaxtdan evin təmirinə imkanları olmayıb. 5 nəfərlik ailə indi divarlarının hər küncü çat verən , rütubət qoxuyan  qəzalı evdə yaşayır. “ Dəfələrlə İcra Hakimiyyətindən, icra nümayəndəliyindən adam gəlib ki, evdən çıxın. Deyirəm ki, atam, mən çıxım hara gedim ? Mənə pul ver gedim heç olmasa kirayədə yaşayım, onu da vermirlər. Deyir, nə sizin evlərin təmirinə, nə də əlavə ev verməyə bizim imkanımız var”

Suraxanı rayon İcra Hakimiyyəti ailənin evdən çıxması üçün məhkəməyə müraciət edib. Qurumun ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov deyir ki, Zığ qəsəbəsində 100-ə yaxın ev qəzalı vəziyyətdədir. Bununla bağlı 3 il əvvəl Nazirlər Kabinetinə müraciət ediblər. Amma bu vaxta qədər dövlət qurumu sakinlərin köçürülüb-köçürülməməsi ilə bağlı  qərar verməyib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Meydan TV-yə bildiriblər ki, qərarın gecikdirilmə səbəblərini araşdırıb icra hakimiyyətinə məlumat veriləcək.

Allahyar Nəcəfov isə ani bir titrəmədən, sürüşmədən evin üstünə çökəcəyinə əmindir. Ona evdə qalmağa xəstəliyi imkan vermir, evdən çıxmağa da pulu yoxdur. Bir də məhkəmənin nəticəsin gözləyir, evdən çıxarılmasına qərar verilsə, hara gedəcək ?

 “5 günlük ömür qalıbsa, heç olmasa onu da 5 gün rahat yaşaya bilək də “ – Allahyar Nəcəfov deyir.

Ana səhifəVideoÖlüm hökmü kimi ev (VİDEO)