Bu yaxında anam üzüntü ilə üzümə baxıb, “Kaş, əlil arabasında olmayaydın” dedi. Ona təsəlli verdim və dedim ki, “Hər işdə bir xeyir var. Düşün ki, bəlkə də indi arabada olmasaydım ya həbsdə, ya da qəbirdəydim. Mən üzülmürəm, sən də üzülmə! Bu cür daha xeyirli insan olacağımı düşünürəm. Yaxşı olacaq!” Anam səmimi və ürəkdən dediyim fikirlərlə razılaşdı və gülümsədi. Hiss edirəm ki, anam həmin söhbətdən sonra reallığı daha rahat qəbul edir və elə də çox darıxmır. Bu, mənim üçün dünyalardır. O yaxşı bilir ki, mən necə davakar və hiperaktiv biri idim. Əlillik məni müəyyən qədər islah elədi.
İndi daha yaxşı dərk edirəm ki, heç kimi üzməyə haqqım yoxdur. Maksimum çalışıram bədənimdəki ağrıları və psixoloji sıxıntılarımı da həmişə valideynlərimdən gizlədəm. Zatən 19 yaşımda keçirdiyim qəzadan sonra aldıqları və bu gün də içlərində yaşatdıqları ruhi-psixoloji sarsıntı onlara ömürlərinin axırına qədər bəs edəcək. Ona görə onların üzülməməsinə çox həssas yanaşır və xeyirli övlad kimi özümü doğrultmağa çalışıram.
İndi ən sevdiyim yazıçı Stephen Kingin (Stiven Kinq) məşhur bestselleri “The dead zone” (“Ölü zona”) romanından bir hissə yadıma düşdü.Deməli, əsərin qəhrəmanı Johnny Smith (Conni Smit) keçirdiyi ağır avtomobil qəzasından sonra 5 ilə yaxın xəstəxanada komada yatıb, oyandıqdan sonra fövqəltəbii gücə malik olduğunu müəyyən edir. O komada olduğu müddətdə həkimlərdən başqa sevdiyi qız və Conninin atası onun heç vaxt özünə gəlib, oyanacağına inanmırlar. Ancaq Conninin fanatik dindar anası ümidlə oğlunun sağalacağına inanır.
Conni oyandıqdan sonra ilk dəfə ona toxunan tibb bacısının oğlunun bir gözünün tutulduğunu və əməliyyatdan sonra açılacağını hiss edib, gördüyünü deyəndə onun sözlərinə əhəmiyyət vermirlər. Başından aldığı travma ilə bağlı bir şey hesab edirlər. Daha sonra onu müayinə edən həkim ilə əl sıxışdıqda həkimi Veyzakın uşaq vaxtı 2-ci dünya müharibəsi dövründə Polşada itkin düşdüyünü və həkimin ölü saydığı anasının sağ olduğunu, Kaliforniyada yaşadığı ünvanı görür.
Ona inanmayan həkim həmin ünvana uyğun nömrəni tapıb, zəng edərək gerçəkdən anasının sağ olduğuna əmin olur. Bundan sonra xəstəxanaya axışan jurnalistlər Connini suallarla bezdirirlər. Onda əsl öncəgörücülük yaranır. Keçmişi və gələcəyi insanların özlərinə və əşyalarına toxunaraq görən və hiss edən Conni hadisələrin cərəyan etdiyi coğrafi xüsusisiyyətləri, təqvimi və nömrələri görə bilmir ki, həmin qapalı və qaranlıq məkanı “ölü zona” adlandırır.
Yadıma məhz ölüm ayağında olan Conninin anasının oğluna olan sözləri düşür. “Bu fövqəltəbii qüvvə sənə Allahdan bəxş olunmuş müqəddəs vergidir o səni müəyyən missiyanı yerinə yetirmək üçün həyata yenidən qaytardı”(!).
Conni hamı kimi adi həyat sürməyə çalışır. Amma onun qeyri-adi qabiliyyəti haqqında xəbər tutan şerif Bannerman Connidən silsilə qətllər törədən qatili tapmağı xahiş edir. Coni öz fövqəltəbii gücü hesabına illərdir qızları-qadınları zorlayıb, öldürən manyakın şəxsiyyətini müəyyən edir. Bu şerif Banermanın yanında çalışan və heç kimin şübhələnmədiyi polis Frenk Dodd olur ki, ifşa olunandan sonra intihar edir. Heç də yaxşı insan olmayan, uğurlu biznesmen, yaşadıqları Ricuey şəhərinin meri Qreq Stilson başqa biznesmenləri onların intim fotoları ilə şantaj edir, fiziki təzyiqlər edib külli miqdarda pul alır və xalq arasında yaratdığı nüfuzla ABŞ nümayəndələr palatasına girir.
Həmin ərəfədə qalmaqallı şəxs kimi obraz yaradan Connini qəzadan əvvəl işlədiyi məktəb rəhbərliyi müəllim kimi işə təyin etməkdən imtina edirlər. Xoşbəxtlikdən, varlı biznesmen öz oğlu Çak üçün Connini repetitor kimi villasında işə götürür. Çakın məzun günü onu qucaqlayan Conni hiss edir ki, Çak və onların məktəblərindən məzun olan şagirdlərin çoxu məzun gecəsi üçün gedəcəkləri restoranda güclü yanğın nəticəsində həlak olurlar. Conni öz şagirdini qorumaq üçün onun ora getməsinin qarşısını alır. Çakın atası çətinliklə də olsa, oğlunun evdə qalmasına razı olur. Axşam xəbərlərində isə həmin restoranın damına çaxan şimşək nəticəsində güclü yanğın baş verdiyini və çoxlu insanın ölüb-yaralandığı xəbərini eşidirlər.
Conni siyasətlə maraqlanmağa başlayır. Tez-tez siyasi xadimlərin xalqla görüşü zamanı siyasətçilərin əlini sıxır və onların gələcəyi barədə müəyyən informasiyalar əldə edir. Hətta 1974-cü ildəki seçki kompaniyası ərəfəsində namizədlərdən Cimmi Karterlə əl sıxışıb, salamlaşanda onun 1976-cü il prezident seçkilərində qalib gələcəyini görür. Siyasi arenada və xalq arasında getdikcə daha da nüfuz qazanan Qreq Stilson öz mitinqi zamanı Conni ilə əl sıxışarkən onun gələcəkdə prezident seçildiyini və nüvə silahından istifadə edərək 3-cü Dünya Müharibəsinə səbəb olduğunu görür. Q.Stilsonun keçmişi və yeni əməlləri barədə təhqiqat aparan FTB agenti müəmmalı şəkildə ölür. Bundan sonra isə Conni qərara gəlir ki, gələcəkdə milyonlarla insanın ölümünə səbəb olacaq Qreq Stilsonu öldürsün. Əsərin axırı barədə heç nə yazmıram ki, maraqlı olsun.
Kitabı özünüz tapın, oxuyun!
Müəllifin yazdığı əsərlər içində ən çox bəyəndiyi “Ölü zona” 4 qavrayış mərhələsindən ibarətdir: simvolik, tarixi, şəxsi-psixoloji və siyasi. Əsərin əsas janrı siyasi-trillerdir. Bundan başqa orda dedektiv və horror(dəhşət) elementləri də var. İlk dəfə 1979-cu ildə kitab halında nəşr olunan roman bir çox mükafatlara layiq görülməklə yanaşı “The New Times” qəzetinin bestseller romanlar siyahısında ilk pillələrdə yer alır. Daha sonra məşhur rejisor David Crondenberg (Devid Kronenberq) 1983-cü ildə əsəri film kimi ekranlaşdırır.
Filmdə Conninin rolunu ən sevdiyim Hollywood aktyorlarından biri olan Critopher Walken (Kristofer Uolken) oynayır. O bu rola çox yaraşırdı və öhdəsindən çox gözəl gəlib. Romandakı bir çox hissə ixtisara salındığı və bəzi hadisələr tamamilə başqa süjetlə ekranlaşdırıldığı üçün, o qədər də bəyənmədim. Amma həmin roman əsasında 2002-2007-ci ildə ekranlaşdırılmış teleserialdan çox-çox yaxşıdır.
Düşünürəm ki, mən də məhz əlillik qazandıqdan sonra daha xeyirli olmuşam. Yox, elə başa düşməyin ki, bu özünü tərifləməkdir. Mən “Ölü zona”nın qəhrəmanı Conni kimi İsa peyğəmbər tipində xilaskar biri deyiləm. Amma öz ölkəmdə dar çərçivədə və ağır şərtlər altında əlilliyi olan şəxslərin psixoloji, fiziki və sosial-ictimai problemlərindən yazıb, onların həlli yolunda mübarizə aparıram. Az müddət ərzində cəmiyyətə və oxuculara az da olsa, töhvədə bulunmuşamsa nə mutlu mənə!
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…