Olmaq və ya olmamaq?

Azərbaycanda seçkilərin formal xarakter daşıması, seçkili orqanlarda seçilənlərin deyil, təyin olunanların təmsil olunması sirr deyil

Source:
Seçki 2013
Seçki 2013

Azərbaycanda seçkilərin formal xarakter daşıması, seçkili orqanlarda seçilənlərin deyil, təyin olunanların təmsil olunması sirr deyil. Buna görə də istər virtual, istərsə də real müzakirələr zamanı tez-tez “bu qədər xərc çəkib niyə seçki keçirirlər, onsuz da qutudan istədiklərini çıxarırlar”, “bu 125 deputata hədər yerə niyə maaş ödəyirlər, ləğv etsinlər parlamenti” kimi fikirlərə rast gəlmək olur.

Doğrudan da, adı millət vəkili olsa da, heç vaxt millətin problemlərini dilə gətirməyən, əksinə hər dəfə əksinin söyləməklə insanların əsəblərinə toxunan şəxslərin hələ buna görə 2-3 min maaş alması ilə barışmaq asan deyil.

Üstəlik, dövlət hesabına ev, maşın, sürücü, köməkçi, ezamiyyət, aparatı saxlamaq və digər çoxsaylı xərclər var.

Ümumiyyətlə, 2018-ci ildə Milli Məclisin saxlanma xərcləri 1,2 milyon artırılaraq 25 milyon 432 min manata çatdırılıb. Bunun da təxminən 69 faizini əməkhaqqı fondu və əməkhaqqına olan əlavələr təşkil edəcək.

Yeri gəlmişkən, büdcəyə aid bütün məsələlər kimi parlamentin saxlanılması, deputatların maaşı məsələsinin də təsdiqi Milli Məclisin ixtiyarındadır. Lakin təbiidir ki, hətta bu məsələdə də sərbəstlik nümayiş etdirə bilmirlər.

Əksinə, tez-tez deputatlardan maaşların, ezamiyyə xərclərinin azlığından şikayət eşidirik. Qanunla ixtiyarları çatdığı bir şeyi özlərinə etməyə cəsarəti çatmayan orqanın millətə görə nəsə edəcəyini gözləmək üçün çox saf olmaq lazımdır.

Müşahidələrə əsasən söyləmək olar ki, xüsusilə fəal olan, tez-tez qalmaqallı açıqlamaları gündəmdə olan deputatlara yumşaq desək, antipatiya hətta icra hakimiyyəti və hüquq-mühafizə orqanları məmurlarına olan antipatiyadan daha yüksəkdir.

Buna görə də təxəyyülümüzü işə salıb hökumətin parlamenti ləğv etmək məsələsini referenduma çıxardığını təsəvvür etsək, real olaraq lehinə ciddi səs toplaması qaçılmazdır. Seçicilər sırf o deputatları işsiz-maaşsız qoymaq, üzlərini görməmək üçün səs verəcəklər.

Parlamentimizin gözəlliklərini səthi müzakirə edəndən sonra keçək seçki məsələsinə.

Son referendumdan 5-6 ay sonra Mərkəzi Seçki Komisssiyasının çəkdiyi xərclər açıqlandı. Məlum oldu ki, bu referendum dövlət büdcəsinə 22 milyon manata başa gəlib. Xərclərin bəzi maddələri xüsusilə heyrət doğururdu.

Bildiyimiz kimi, seçkilər zamanı seçicilərin sayından bir qədər artıq olmaqla seçki bildirişləri və bülletenləri çap olunur. Bu məhsullar adi kağızda və heç bir xüsusi qoruyucu işarələr olmadan hazırlanır. Buna baxmayaraq, qiymətlər, necə deyərlər, göz oxşayırdı.

Seçicilərin evinə göndərilən və ya göndərilməli olan əl boyda bildirişlər nə az, nə azacıq, tam 25,91 qəpiyə başa gəlib. Müqayisə üçün bildirək ki, təxminən eyni ölçülərə malik, lakin xüsusi kağızda və ciddi qoruyucu işarələrlə hazırlanan 100 dollarlıq əskinas 12,3 sentə başa gəlir, bu da 21 qəpik edir.

Səsvermə bülleteninin biri isə 1 manat 72 qəpiyə başa gəlibmiş. Çap olunan 5 milyon 270 min 613 ədəd səsvermə bülleteninə görə dövlət büdcəsindən 9,1 milyon manat vəsait silinib.

Son referendum zamanı bəzi daşınmaz seçki qutularıının sıradan çıxması səbəbilə 552 ədəd yenisi alınıb. Hər birimizin gördüyü və xüsusi özəlliyi olmayan bu qutuların birinin 238 manat 94 qəpiyə alındığı iddia olunur və ümumən vergi ödəyənlərə 131 min 900 manata başa gəlib.

Başqa xərclər də var – təşviqat plakatları, lövhələr, seçki kabinələri üçün işıq plafonları və s. Üstəlik, müxtəlif seçki komissiyalarının kimisi daimi, kimisi də seçki kampaniyası dövründə maaş alan minlərlə üzvləri.

Bütün bunlardan sonra da səsvermə nə hakimiyyət orqanlarının formalaşmasında, nə referendumdakı suallara həqiqi cavabların verilməsində rol oynamır. Ona görə də seçkilərin ləğv edilməsini söyləyən vətəndaşı anlamaq çətin deyil. Lakin razılaşmaq çətindir.

Çünki istər seçki, istər parlament cəmiyyətin azadlığı yolunda bir mərhələdir. Ən saxta seçki seçkisizlikdən, ən lal-kar parlament mütləq hakimiyyətdən yaxşıdır. Seçkinin və parlamentin mövcudluğundan təkan verib irəli getmək lazımdır, geriyə yox. Məsələni əsaslandırmaq məhkəmə sistemi barədə müqayisə aparmaq daha izahedici olur.

Orta əsrlərdə Qərbi Avropada hətta ən hüdudsuz hakimiyyətə malik olan krallar belə ürəkləri istəyən şəxsi və ürəkləri istəyən şəkildə cəzalandıra bilmirdilər. Günahkarın cəzasını məhkəmə müəyyən etməli idi. Təbii ki, hər şey müasir dövrdə olduğu kimi deyildi.

O zaman bir çox insan hüquqları, o cümlədən, işgəncəyə məruz qalmamaq hüququ tanınmırdı. İstintaq altında olan şəxslərdən etirafedici ifadələr almaq üçün ağlasığmaz metodlara əl atırdılar. Bütün bunlara dözüb etiraf etməyən isə yox, bəraət almırdı. Əksinə, səhv yoldan dönmək istəmədiyi üçün daha ağrılı edam növünə məruz qalırdı.

Birinci Xaçlı yürüşündən sonra səlibçi cəngavərlərin bir qrupu tərəfindən Tampliyerlər ordeninin əsası qoyuldu. İki əsrə yaxın fəaliyyət göstərən orden olduqca zəngin və qüdrətli bir təşkilata çevrilmişdi. XIV əsrin əvvəllərində

Fransa kralı, Gözəl ləqəbli IV Filipp müxtəlif səbəblərdən ordenə son vermək qərarına gəldi.

1307-ci il il oktyabrın 13-də, cümə günü (13 tarixinin və cümənin üst-üstə düşməsinin pis əlamət olması inancının kökü barədə versiyalardan biri də bu hadisə ilə əlaqələndirilir) Fransa ərazisindəki bütün tampliyerlər qəfil basqınla həbs edildilər.

İstintaq zamanı cəngavərlər guya xristianlıqdan dönmələri, bidətə və şeytana uymaları barədə etiraqfedici ifadələr vermələri üçün dəhşətli işgəncələrə məruz qaldılar. Ordenin Böyük qrossmeysteri Jak de Mole də işgəncələrə dözməyib özünə və ordenə atılan böhtanla razılaşdı. Lakin məhkəmə prosesi zamanı ifadələrindən imtina etdi. Nəticədə yenidən şeytana tapınmış birisi kimi tonqalda yandırıldı.

Belə bir ədalət məhkəməsi var idi Qərbi Avropada. Amma hər halda, bu, məhkəmə idi. Ən qüdrətli monarxlar belə kimisə cəzalandırmaq istəyəndə məhkəməyə müraciət etməli idilər. İngiltərədə VIII Henrix arvadı Anna Boleyni edam etdirmək üçün, Fransada XIV Lüdovik əliəyri maliyyə naziri Nikola Fukeni ömürlük zindana saldırmaq üçün hakimin hökmünə möhtac idilər.

Şərqdə isə (istər Rusiya olsun, istər müsəlman coğrafiyası) vəziyyət başqa cür idi. Məhkəmələr təbii ki, yox deyildilər. Lakin ali hakimin öz düşmənini məhv etmək üçün onlara ehtiyacı yox idi.

Osmanlıda yenicə taxta çıxan sultanın hakimiyyətinə təhdid olmasın deyə öz qardaşlarını öldürməsi tamamilə qanuni hal idi. Lakin iş bununla yekunlaşmırdı. Sultan istədiyi adamı istədiyi an heç bir səbəb göstərmədən edam etdirə bilərdi.

Azərbaycan və Türkiyə ictimaiyyəti “Mühteşem yüzyıl” serialından bunun şahidi oldular. Sultan Süleyman Qanuni dövlətin ikinci ən qüdrətli adamı, sədr-əzəm İbrahim Parqalı ilə axşam yemək yedi, gecə isə boğduraraq öldürtdü. Sevimli hərəmi Hürrəm xatunun dediklərinə inanaraq digər qadından olan oğlu şahzadə Mustafaya da eyni aqibəti yaşatdırdı.

Diqqətəlayiq başqa bir fakt da odur ki, belə hüdudsuz hakimiyyətə təkcə ən qüdrətli sultanlar malik deyildilər.

Dövlətin zəiflədiyi zamanlarda “peşəkar yararsızlığı” ilə seçilən sultanların belə (məsələn, 1640-1648ci illərdə hakimiyyətdə olmuş Dəli İbrahim) kəsdikləri başa sorğu-sual yox idi. Yəni Qərbi Avropanın ən qüdrətli kralların belə malik olmadıqları səlahiyyətə Şərqin ən zəif hökmdarları sahib idilər.

Fikirlərimizlə razılaşmayanlar Qərbi Avropa tarixindən məhkəməsiz qətllərlə bağlı faktlar tapıb etiraz edə bilərlər. Bəli, belə faktlar mövcuddur. Məsələn, Fransada III Henrix hakimiyyətinə təhlükə saydığı hersoq Henrix Qizi qətl etdrdi. Lakin fərq ondadır ki, bu, qanunsuz əməl idi, kral tərəfindən törədilsə belə cinayət sayılırdı. Şərqdə isə hökmdarlar bunu tam qanuni əsaslarla həyata keçirirdilər.

Əsrlər ötdükcə məhkəmə sistemi təkmilləşdirildi, işgəncələr qadağan edildi. Qanunsuz yollarla əldə edilmiş ifadələr və sübutlar etibarsız sayıldı. Məhkəmələrdə çəkişmə prinsipi əsas götürüldü, hakim ittiham və müdafiə tərəfi arasında arbitr rolunu oynadı. Bəzi ölkələr Andlılar məhkəməsi formasına müraciət etdilər və s.

Bizim bu gün heç bir dərdə dərman olmayan seçki və parlament institutlarımızla (elə məhkəmələrimizlə də) eyni təkamül baş verməlidir və verəcək. Bunun əvəzində onların ləğv edilməsi geriyə dönüş, involyusiya olardı.

Ona görə də bu institutların Hamletsayağı “Olmaq və ya olmamaq?” sualının cavabı yalnız “Olmaq!”-dır. Hətta indi heç bir şeyə yaramadan milyonlarla xərc tələb etsələr belə.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəOlmaq və ya olmamaq?