Olland Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıb

Əliyev isə “heç kimin siyasi baxışlarına görə təqib edilmədiyini söyləyib” deyib

Source:


Əliyev isə “heç kimin siyasi baxışlarına görə təqib edilmir” deyib

Mayın 12-də ikitərəfli sənədlər imzalandıqdan sonra Bakıda Azərbaycan və Fransa prezidentlərinin mətbuat konfransı keçirilib. Müstəqil mətbuat tədbirə dəvət olunmayıb.

Fransa KİV-in məlumatına görə, prezidentlərə həbdə olan jurnalist Rauf Mirqədirov və hüquq müdafiəçisi Leyla Yunusun təqib olunması barədə suallar verilib.

“Mən həmişə insan hüquqları mövzusuna  toxunuram və bu, xüsusilə də Fransanı, Fransa xalqını maraqlandıran bir məsələdir”, – Olland deyib. O qeyd edib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.

Prezident İ.Əliyev  bu  suala “ insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir” cavabını verib.

“Siyasi islahatlar bizim üçün çox vacibdir, çünki biz ölkəmizi müasirləşdiririk, müasir, güclü Azərbaycan qururuq və Fransa kimi demokratiyanın böyük ənənələri olan ölkə ilə bu məsələlərdə daim bir yerdəyik, müzakirələr aparılır”,  İ.Əliyev bildirib.

Daha sonra Fransa prezidenti  Dağlı1 Qarabağ münaqişəsi  ilə bağlı  fikrini bildirib. Onun sözlərinə görə, Avropa, Fransa ölkənin ərazi bütövlüyünü daim yüksək qiymətləndirir və onu dəstəkləyir. “Biz mövcud  münaqişələrin danışıqlar yolu ilə həll edilməsinə cəhd göstəririk. Bu, eyni zamanda Qafqaz səfərimizin əsas məqsədidir”, – o vurğulayıb.

“ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın da üzərinə böyük məsuliyyət düşür. Biz də bu münaqişənin həlli, eyni zamanda, etimadın bərpa edilməsi üçün öz tərəfimizdən müəyyən səylər göstərməliyik”, – Olland bildirib.

Energetika məsələsinə toxunan Olland deyib ki, İ.Əliyevlə görüşdə Fransa şirkətlərinin Azərbaycanın neft-qaz layihələrində iştirakı məsələsinə toxunulub.

Öz növbəsində İ.Əliyev bildirib ki, Bakı və Paris arasında münasibətlər yüksək səviyyədədir. Eyni zamanda Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər gözəl dialoqa nümunədir.

“Avropa İttifaqı ilə siyasi-iqtisadi əlaqələrimiz var. Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı irəli sürdüyü layihələr Avropa İttifaqı tərəfindən dəstəklənir. Daxili və xarici siyasətlə bağlı addımlarımıza heç bir kənar dövlət təsir edə bilməz. Azərbaycan müstəqil siyasət yürüdür. Biz siyasi və iqtisadi islahatlar aparırıq”,- İ.Əliyev bildirib (Turan İA)

Ana səhifəXəbərlərOlland Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıb