İki gündür vətəndaşların pambıq məsələsinə reaksiyasını görüb, təəccüblənirəm. Onlar bizim insanlarımızı necə də pis tanıyırlar. Həkimlərin, müəllimlərin, mədəniyyət işçilərinin və sair başqa peşə sahiblərinin pambıq tarlalarına tökülməyini zülüm, zillət, məcburiyyət kimi qarşılayan, onlara canları yananlar, hətta bu məşəqqətə dözməyib, onların etiraz edəcəklərinə ümid edən insanlar, doğrudan da, yaxın tarixdən bu qədərmi xəbərsizdir? Onlar insanlarımızı bu qədərmi pis tanıyır?
Bir azca keçmişə qayıdım. Təxminən 7-8 il əvvəl, Biləsuvarda yaşayan valideynlərimə baş çəkəndə, işlədiyim qəzetin redaktorundan tapşırıq aldım. Dedi ki, rayonda yaşayan qocaman pambıq ustası Qızqayıt Həsənovanı tapıb, ondan müsahibə alım. O zamanlar ömrünün son illərini yaşayan Qızqayıt nənə rayonun Xırmandalı kəndində yaşayırdı. Müsahibəyə getməzdən əvvəl, öz dövrünün qəhramanı hesab edilən bu qadının ölkədə nə qədər tanındığını yoxlamaq üçün, anama sual verdim ki, Qızqayıt Həsənovanı tanıyırmı. Anamın cavabı zümzümə oldu:
Şan-şöhrətin Qızqayıt,
Dillədə dastan olur.
Əllərinlə gül açır,
Muğan gülüstan olur.
Sovet vaxtı bu mahnı məşhur müğənni, bəstəkar Elmir Mirzoyevin xüsusi və qəribə bir rəğbət bəslədiyi Məmmədbağır Bağırzadənin ifasında, dövlət televiziyasında tez-tez səsləndirilirmiş. Bu mahnı qarabağlı, şirvanlı, gəncəli, göyçəli demədən, sadə insanların dilində əzbər olanda, Qızqayıt Həsənova Muğanın adamqovuran istisində əllərini pambıq qavazağı dalaya-dalaya tarlada tər axıdırdı. Və Qızqayıt ömrünü, cavanlığını tarlada keçirib, əllərinin yarası sağalmayan yüzlərlə pambıq qəhrəmanlarından ancaq biri idi. Onun kimi Şamama vardı, Sevil, Sürəyya vardı, daha kimlər vardı.
Sovet zəhmətkeşləri üçün bu sadə kənd qadınları həsəd yeri olduqları qədər də, arzularının təcəssümü idilər. Belə kənd qızlarını əmək qəhramanı, deputat eləməklə, sovet hökuməti kəndliləri inandırırdı ki, hər kəs, hər bir kəndli əməyi, zəhməti ilə ucala, şöhrət, vəzifə, pul qazana bilər. Kolxozçu qadın düşünürdü ki, əgər həmkəndlim, qonşum, İmaməli kişinin qızı pambıq yığmaqla deputat olubsa, Moskvaya gedirsə, ona ad, pul, maşın, orden verirlərsə, deməli, mənə də verə bilərlər. Onun da iki əli var, mənim də. O olubsa, mən niyə olmayım?
Etiraf edək ki, pula, şöhrətə, vəzifəyə savad, ali təhsil, kitab-dəftər, yazı-pozu, qəliz-qəliz işlərə baş qoşub, əldə etməyə həvəsi, hünəri olmayanlar üçün çox gözəl motivasiyadır. Alim, mütəxəssis, həkim, siyasətçi, professor olmaq üçün gərək oxuyasan, oxuyasan, o universitet, bu akademiya ayaq döyəsən, elmi iş yazasan, müdafiə edəsən, neçə adamın minnətini götürəsən, nə var-nə var axırda hansısa jurnalda yazın çıxacaq, professor adı alacaqsan, ya almayacaqsan, nəsə, kimsə olacaqsan, olmayacaqsan, hələ bilmək olmaz.
Amma pambıq sadə və konkret söhbətdi. Yığırsan. Pulunu alırsan. Az yığdın –az alırsan. Çox yığdın –çox alırsan. Lap çox yığdın- olursan əmək qəhrəmanı. Deputat da ola bilirsən. Medal alırsan. Maşın alırsan. Ev alırsan. Oğul-uşağın universitetə imtahansız qəbul olunur. Qohum-əqraba sənə hörmət edir. Şəninə mahnılar qoşulur, dövlət televiziyasında oxunur. Mahnı dillərdə gəzir. Bütün bunları əldə etmək üçün səndən tələb olunan təkcə pambıq yığmaqdır.
Sovetlər dağılıb, pambıq orgiyası sönəndə, nə qədər adam illərlə heyifsiləndi. Sovet vaxtı qəhrəman pambıqçıların imtiyazlarını yada salıb, niskilini çəkənlər oldu. Yaşlılar təəssüflə deyirdilər ki, kimdi indi pambıqçıya qiymət verən, o vaxt filan vardı, feşman vardı. Heyif deyildi sovet vaxtının pambıqçılığı? Adı ad, medalı medal, vəzifəsi vəzifə. İndi kimdi yüz əlli kilo pambıq yığana dəyər verən-zad.
İndi hakimiyyətin pambıqçılığa həvəslə girişməsi havayıdan deyil. İnsanlar var ki, özünü belə sadə, heç bir əqli zəhmət tələb eləməyən işlərdə təsdiq göstərməyə amadədir. Hakimiyyət də xalqın gücü qoluna verən kəsiminə gözəl imkanlar yaradır. O insanlar da bu imkanlardan çox həvəslə istifadə edəcəklər. Pambıq da yığacaqlar, ad da alacaqlar, medal da alacaqlar, maşın da istəyəcəklər, plan da verəcəklər, hələ rayonlar arasında yarışlar da keçiriləcək. Hamı da sevinəcək buna. Yeni söhbət olmasa da, yeni motivasiyadır və etiraf edək ki, gözəl motivasiyadır. Gəlin özümüzü elə aparmayaq ki, guya o pambıq tarlalarına aparılan insanlar öz iş yerlərində xalqa gözəl, qüsursuz xidmətlər göstərirdilər, pambıq yığmaqları bu keyfiyyətə xələl gətirəcək. Pis həkim, pis müəllim, mədəniyyətsiz mədəniyyət işçisi elə pambıqsız da pis idi, pambıq yığanda da pis olacaq. Həm də, nəyi pisdi ki, pambıqçılara tarlada nəsə olsa, həkim yanında, tibb bacısı yanında. İynə vurmağa pambıq da var.
Üstəlik, nəzərə alaq ki, pambıqçılığa verilən vüsət, təkcə sadə zəhmətkeşlərə deyil, ədəbiyyat və mədəniyyət adamlarımıza da yeni iş yerləri, imkanlar açır. Pambıq, qəhrəman pambıqçılar barədə yeni şeirlər, mahnılar yazmaq, onların portretlərini çəkmək, həyatları barədə pyeslər yazmaq, tamaşaya qoymaq, kino çəkmək lazım gələcəkdir ki, bütün bunlar mədəniyyətimizə nə qədər töhvə verəcək.
Bizə isə adama bir-iki ton popkorn alıb, yeni müasir, yeni, silikonlu, tatuajlı Qızqayıtları, Sürəyyaları, Şamamaları gözləmək qalır.