Ölkənin işıqsız qalması təhlükə yaradırmı?

”Ermənistan Mingəçevirə bomba atsa belə, hər hansı bir təhlükə yaratmır”

Source:


”Ermənistan Mingəçevirə bomba atsa belə, hər hansı bir təhlükə yaratmır”

Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş verən yanğın nəticəsində iyulun 2-dən 3-ə keçən gecə ölkə ərazisinin demək olar ki, tam olaraq işıqsız qalması milli təhlükəsizlik baxımından bir çox suallar yaradıb.

Sosial şəbəkələrdə ən çox verilən suallardan biri də ölkəyə elektrik enerjisinin verilməsinin bir əldən asılı olmaması, bir qəza ilə ölkənin tam olaraq işıqsız qalmaması üçün hansı tədbirlərin görülməsinin vacibliyi barədə olub. Ermənistan ilə mümkün müharibə variantları da, vadar edir ki, ötən gecə baş verən hadisəyə başqa tərəfdən baxılsın. Döyüşlər getdiyi bir zamanda təxribat nəticəsində bir zərbə ilə bütün ölkə iflic vəziyətinə düşə bilərmi və bunun qarşısını necə almaq olar?

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Meydan TV-nin bu barədə suallarını cavablandırarkən dünyanın hər bir ölkəsində oxşar halların baş verməsini mümkün sayıb:

“Amma işıqların əsas mənbədən uzun müddətə sönməsi fövqəladə haldır. Səbəblər var, amma təxribat yoxdur. Mən Şəmkir rayonunda təhlükəsizlik sistemində çalışanda Su Elektrik Stansiyasının təhlükəsizliyi ilə bağlı müəyyən tədbirlər görülürdü və nəticədə biliklər də əldə etdim. Əvvəla, müharibə olarsa, Ermənistanın Mingəçevirə bomba atması hər hansı bir təhlükə yaratmır, söhbət bəndin dağılmasından gedir. Müvəqqəti olaraq işıq sönə bilər. Amma yenidən bərpa etmək mümkündür, çünki elektrik enerjisini turbinlər istehsal edir”.

İlham İsmayıl deyir ki, daha ciddi məsələ həmin turbinlərin köhnə olmasıdır:

“1945-ci ildə Almaniyadan 6 turbin gətirilərək quraşdırılıb, 1996-cı ilin ortalarına qədər turbinlər dəyişməmişdi, sonradan necə etdilər, bilmirəm. Əgər həmin köhnə turbinlər orda qalırsa, mövcud gərginliyə dözə bilməyəcək. Artıq enerji təhlükəsizliyi ilə məşğul olan strukturlar bu məsələni təhlil edib ortaya hesabat qoymalı idilər. Bəlkə dünənki hadisənin səbəbi turbinlərin köhnəliyi deyil, amma cihazların köhnəliyi sıradan çıxması ilə nəticələnər. Məsələ ondadır ki, 1945-ci ildəki işıq istehsalı ilə XXI əsrdə işıq istehsalı eyni deyil, zamanında həmin turbinlər dəyişdirilməliydi ki, gərginliyə davam gətirsin. Bir daha deyirəm, bu cihazların köhnəliyini ölkənin enerji sektoruna və təhlükəsizliyinə cavabdeh şəxslər dövlətin qarşısında çoxdan qaldırmalıydı, düşünməliydilər ki, pesrpektivdə bu cür hallar ola bilər. Necə ki, iyulun 3-də bunu gördük”.

İlham İsmayıl
İlham İsmayıl

2002-ci ildə oxşar hadisə nəticəsində Müslüm İmanov enerji naziri vəzifəsindən azad olundu. Ondan sonra 4 bənzər hadisə baş verib, amma cəzalandırlan yoxdur. İlham İsmayıl bu barədə suala sualla cavab verdi:

“Son vaxtlar böyük mənimsəmələrə rəğmən hansı vəzifəli şəxs cəzalandırılıb? İndi 6 saat işığın olmadığına görə Etibar Pirverdiyev cəzalandırılacaqmı? Xeyr, olmayacaq. Bəli, iqtisadçılar son 20 ildə enerji sektorunun modernizasiyasına 4 milyarddan çox vəsaitin ayrıldığını deyir, ancaq mənzərə bərbaddır. Görünür, əvvəlki illərdə müxtəlif sahələrə ayrılan milyardlar necə mənimsənilirdisə, enerji sahəsində də eyni mənimsəmə olub. Hətta jurnalist araşdırlmalarında “otkat”ların olduğu qeyd edilirdi. Məlum oldu ki, müdafiə və fövqəladə hallar nazirlikləri də “otkat” qaytarıb. Kim cəzalandırılıb? Heç kim! Deməli, elektrik enerjisində də “otkat”lar olub və buna görə heç kim cəzalandırılmayacaq. Məmurlar korrupsiyaya qurşanıb, amma heç olmasa, enerjinin istehsalı üçün lazım olan avadanlıqları yeniləndirsinlər, dövrün tələblərinə uyğun etsinlər. Yoxsa köhnə avadanlıqlar alacaqlarsa, problemlər təkrarlanacaq. Bütün dünyada həyati vacib obyektivlər var: işıq, qida təhlükəsizliyi və ekologiya. Normal dövlətlər bunlara gəlir mənbəyi kimi baxmırlar, dövlətin təhlükəsizliyi kimi yanaşırlar. Amma Azərbaycanda qeyri-qanuni gəlir mənbələri bu istiqamətlərdə olur”.

Ekspert İlham Şaban isə Meydan TV-yə deyib ki, “Azenerji” ASC-nin olayla bağlı açıqlamasına inanmır.

Onun sözlərinə görə, hər bir elektrik stansiyası bloklardan ibarətdir və bloklarda istehsal edilən enerji elektrik stansiyasını tərk edərkən yarımstansiya olur, yəni elektrik enerjisini tənzimləyir:

İlham Şaban
İlham Şaban

“Bəli, partlayış, qəza baş verməsi və hər şey ola bilər, heç kəs bundan sığortalanmayıb. Amma dünyanın heç bir ölkəsi özünün enerji təchizatını bir elektrik stansiyasına bağlamır. Sovetlər dövründə və müstəqillik illərində Azərbaycan Mingəçevir enerjisi stansiyasından asılı olmayıb. SSRİ zamanı ümumi enerji sisteminə bağlılıq bu asılılığı aradan qaldırıb, həm Gürcüstandan, həm Rusiyadan gələn xətlər vasitəsilə. Baxmayaraq ki, eneji istehsal mənbəyi Mingəçevir idi. Naxçıvan isə Ermənistan və İran vasitəsilə enerji alırdı. Başqa bir tərəfdən, “Azenerji”nin 36 elektrik stansiyası var, bunun 14 stansiyası böyükdür, onlardan ikisi Naxçıcvandadır. Əgər birində qəza olursa, 11 stansiya Azərbaycanın bütün bölgələrini elektrik enerjisilə təmin etməyə qadirdir. 3 iyul gecəsi baş verənlər ona dəlalət etmir ki, bütün ölkə elektrik enerjisiz qalsın. Ona görə “Azenerji”nin açıqlaması məqbul sayıla bilməz”.

Ana səhifəXəbərlərÖlkənin işıqsız qalması təhlükə yaradırmı?