Gültəkin Hacıbəyli: “İqtidar daxilində qarşıdurma və mərkəzdən qaçma meylləri arta bilər”
Mərkəzi Bankın 21 dekabr qərarı güman ki, uzun müddət müzakirə predmeti olacaq. İqtisadçılar, siyasi xadimlər qərar elan olunan gündən və ondan əvvəl də fəsadların ola biləcəyini proqrozlaşdırırdılar. Eyni zamanda, devalvasiyanın 48 faiz olacağını ehtimal belə etmirdilər. Sabiq deputat Gültəkin Hacıbəyli ilə söhbətimizdə gündəmin əsas mövzusu və ondan çıxan iqtisadi-siyasi suallara cavab verməyə çalışdıq.
– Gültəkin xanım, 2015-cı ili Mərkəzi Bankın 21 dekabr qərarı ilə başa vurmağımız gözlənilməz olmadı ki? O mənada ki, əksəriyyət Mərkəzi Bankın manatla bağlı qərarını gələn ilin ilk günlərində gözləyirdi…
– Mərkəzi Bankın qərarı mənim üçün gözlənilməz olmadı, Facebook səhifəmdə də dəfələrlə bu barədə yazmışam. Xüsusilə son günlər qərarın yeni ilə qədər elan olunacağı bəlliydi, çünki neftin qiymətində növbəti çöküş başlayandan, ABŞ Konqresinin neftlə bağlı 40 illik qadağası götürüləndən və nəhayət, Federal Ehtiyatlar Sisteminin qərarından sonra Mərkəzi Bankın belə bir qərar verəcəyi aydın idi. Çünki son iki hadisə neftin dünya bazarında qiymətinin enməsinə təkan verdi, qiymət 36 dollar həddinə çatdı, hətta “Brent” markalı neft ilə ABŞ neftinin qiyməti arasındakı fərq aradan qalxdı. Nəticədə siyasi proseslərə ləng reaksiya verən cəmiyyətimiz, vətəndaşlarımız maliyyə bazarındakı olaylar əsasında əllərindəki manatı dollara çevirməyə başladılar. Son bir neçə gündə Mərkəzi Bank rekord həddə dollar itirdi. Təkcə 8-11 dekabr tarixlərində Mərkəzi Bankın 255 milyon vəsait itirməsi qeyd olundu. Dekabrın 11-də, 1 gündə 59 milyon dollar itirildi, sonrakı günlərdə isə itki daha böyük oldu, son günlərin itkisi isə 120-150 milyon arasında idi. Dünənə olan məlumatlara görə, Mərkəzi Bankın ehtiyatları 5,5 milyard dollardan aşağı düşmüşdü. Belə olanda yeni ili gözləməyə imkanın olmadığı artıq aydın idi, həm də yeni il ərəfəsində qiymətlər də artır və bunun nəticəsində pula daha çox ehtiyac yaranır. Əgər qərar elan olunmasaydı, Mərkəzi Bank 1 milyard da itirəcəkdi.
– Çox qəribədir, hökumət ABŞ Konqresində sanksiyalar gündəmə gələn zaman “üzən məzənnə”yə keçdi, niyə indi?
– Əslində, bu, hakimiyyətin çıxılmaz vəziyyətinin bariz göstəricisidir. Konqresin Helsinki Komissiyası tərəfindən Azərbaycana qarşı sanksiyaların tətbiq olunması ilə bağlı qanun layihəsi təqdim olunandan sonra belə bir addım atmaq hakimiyyətin maraqlarına birbaşa zərbədir. Siyasi baxımdan hakimiyyət üçün kövrək məqamda bu addımın atılması iqtidarı ciddi risklərlə üz-üzə qoyur. Ancaq vəziyyət sosial-iqtisadi baxımdan o qədər kritik və ağırdır ki, hakimiyyət 21 dekabr qərarını elan etməkdən başqa çıxış yolu görməyib, əks halda Mərkəzi Bankın resursları bir neçə günə tükənə bilərdi.
–
O zaman hökumət 21 dekabr qərarı ilə müsbət nə əldə edəcək?
– Hökumət çox qısa müddətdə müəyyən uduşla vəziyyətdən çıxdı. Birincisi, Mərkəzi Bankın ehtiyatları 48 faiz artdı. Bu, 3 milyard artım deməkdir. Hazırda Mərkəzi Bankın resursları 9 milyard manata yaxındır. Bu qərar büdcə kəsirini də örtməyə imkan yaradır, büdcədə ciddi kəsirin olduğunu bilirik, hardasa 3-4 milyard. 21 dekabr qərarı büdcə kəsirini müəyyən müddətə qapayacaq. Ancaq mənzərə belədir: sanki manat rezin əşyadır və biz bu əşyanı dartıb uzadırıq, bu zaman manatın alıcıllıq qabiliyyəti yüksəlmir və milli valyutanın arxasında olan iqtisadiyyat artmırsa, 5 dəfə də devalvasiya qərarı versələr, vətəndaşın rifah halına öz töfhəsini verə bilməyəcək. Hər bir milli valyuta kağız parçasıdır, bu kağıza iqtisadi dəyər qazandıran, iqtisadi-siyasi mahiyyət verən real iqtisadiyyatdır. Ölkənin real iqtisadiyyatı, real istehsal sektoru varsa, xaricə rəqabət qabiliyyətli məhsul satıb büdcəsinə real valyuta cəlb edə bilirsə, həmin ölkənin milli valyutası da real puldur. Milli valyutanın arxasında real iqtisadiyyat yoxdursa, valyuta quyudan çıxarılan neft və qaz üzərində təşəkkül tapırsa, aydındır ki, neftin və qazın qiymətinin, həcminin azalması ilə milli valyuta dəyərini itirib kağız parçasına çevriləcək.
–
Deməli, Azərbaycan 2004-cü ildən sonra gələn böyük neft pulları dövründən bəhrələnə bilmədisə, zamanın itirildiyini söyləmək olarmı?
– Bəli, Azərbaycan böyük zaman potensialını və resurslarını itirdi. Çünki indi təməli qoyulan işin nəticələrini, resurs və düzgün idarəetmə olsa, 5-10 ildən sonra əldə edə bilərik. Halbuki, resurslar da artıq tükənib, Neft Fondunda 33 milyard dollar vəsait var, o da aydan-aya azalır.
–
Hakimiyyətin bundan sonra düzgün idarəetmə quracağına inanırsınızmı?
– Mövcud hakimiyyət artıq özünü tükədib, son qərar da bunu sübut etdi. İnanmıram ki, vəziyyəti bu həddə çatdıran siyasi qüvvə özündə qüvvə tapıb köklü islahatlara getsin. Ancaq Azərbaycanın bu gün köklü islahatlardan, yəni cərrahiyyə müdaxiləsindən başqa yolu qalmayıb.
–
Hökumət may ayında Xətalar Məcəlləsində dəyişikliklər etsə, büdcənin “deşikləri”ni bağlaya biləcəkmi?
– Bu, o qədər gülünc açıqlamardır ki. Bununla büdcə doldurmaq, yaxud real iqtisadiyyatın əvəzini verməkmi olar? Təsəvvür edək ki, hakimiyyət bütün vətəndaşları cərimələdi, sual yaranır, əgər insanlar işləmirsə, işləyənlərin də maaşları zamanında verilmirsə, pensiyalar cüzi həddədirsə, minlərlə vətəndaşın kredit borcu varsa, cəriməni hardan tapıb ödəyəcəklər? Yəni cərimənin ödənməsi üçün bir mənbə olmalıdır, bu mənbə yoxdursa, necə olacaq? Xətalar Məcəlləsinə olan təkliflər o qədər perspektivsiz və mənasızdır ki, dünya tarixində iqtisadi böhranın qarşısını bununla almaq heç kimin ağlına gəlməyib. Görünür, hökumət daha “yaradıcı” olduğundan bu yola əl atıb. Hesab edirəm ki, vəziyyətdən çıxış var, çünki Azərbaycanda ən böyük resurs insan resursudur.
– Bəs insana qiymət verilirmi?
– Xeyr, insan resursuna qiymət verilmir və mövcud vəziyyət də bu münasibətin nəticəsidir. Ancaq Azərbaycanın çox zəngin insan resursu var, vətəndaşlarımız ölkəsini atıb Rusiyanın şaxtalı çöllərində biznes qurub, şimal dövlətin büdcəsinə vergi ödəyib və öz ailəsinə pul göndərirsə, deməli, bu barədə düşünməyə dəyər. Bu gün artıq Rusiyada da o imkanlar tükənibsə, o insanlara vətənində iş qurmaq şəraiti yaradılmalıdır. Ölkənin indiki vəziyyətdən yalnız bir çıxış yolu var: iqtisadi liberallıq, inhisarın aradan qalxması, korrupsiyanın qarşısının alınması, normal vergi sisteminin qurulması və insanlara sahibkarlıqla məşğul olması imkanlarının tanınması. Bunlar olmadığı halda büdcəni cərimə ilə doldurmaq, yaxud ölkəni düşdüyü vəziyyətdən çıxartmaq mümkünsüzdür.
– Siyasi qüvvələr nə etməlidir, önə çıxmaq məqamı yetişibmi, yoxsa gözləmək lazımdır?
– Əslində, Milli Şura daim fəaliyyətdədir və biz imkanlarımız çərçivəsində cəmiyyətin nəbzini tutmağa və ictimaiyyəti oyaq tutmağa çalışmışıq. Əlimizdə olan çox məhdud fürsətlərdən müəyyən qədər istifadə edirik. Bunların arasında sosial şəbəkələrdir, çünki başqa informasiya imkanlarımız məhduddur. Ancaq Milli Şura nə qədər təşkilatlanmış, fədakar insanların təşkilatı olsa belə, qurumun gücü ilə ölkədə dəyişikliklərə imza atmaq mümkün deyil.
–
O zaman nə etmək lazımdır?
– Xalq siyasət meydanına çıxmalıdır.
–
Xalqı kimsə meydana çıxartmalı deyilmi?
– Milli Şura əlində olan bütün resursları səfərbər edir, dəfələrlə qanun çərçivəsində aksiyalar keçirmişik, biz dinc mübarizə tərəfdarıyıq və başqa yolları tanımırıq. Başqa yollarla xalqı təşkilatlandıra bilmərik.
–
İqtisadi qərarlar idarəolunmaz durum yarada bilərmi və Milli Şuranın da bu prosesi idarə etməsi mümkünsüz görünürmü?
– Ola bilər və bizi ən çox qorxudan həmin andır. Biz hələ etirazçı elektoratı idarə etmək bacarığındayıq, amma təminat verə bilmərəm ki, 3 aydan sonra Milli Şuranın buna imkanı çata bilər. Elə ekstrimal situasiya yarana bilər ki, insanlarda qisas və qəzəb güclənər, hətta Milli Şuranı da qarşılarına alar və bizim gücümüzlə də proseslər yönəldilə bilməz. Yəni proseslər heç birimizin arzulamadığı təhlükəli məcraya yönələ bilər.
–
17 oktyabr və 14 dekabr prezidentin sərəncam və fərmanlarından sonra hakimiyyətdaxili qarşıdurmanın bitdiyini düşünmək olarmı?
– Hakimiyyətdaxili qruplar arasında qarşıdurma olacaq, bu, birmənalıdır. Birinci, Azərbaycan hakimiyyəti ideoloji dəyərlər üzərində qurulmayıb, məhz maddi maraqlardan çıxış edən loyallıq üzərində qurulub. Bu hakimiyyətin təmsilçilərini iqtidara bağlayan hansısa dəyərlər yox, sırf xidmət müqabilində maddi təminatlar, imtiyazlardır. İmtiyazlar və təminatlara çıxış imkanları məhdudlaşdıqca, istər-istəməz hakimiyyət daxilində mərkəzdənqaçma meyllərini gücləndirəcək. Xüsusilə də Konqresin sanksiya haqqında qanunu hakimiyyətin yalnız ən yüksək təbəqəsinə yox, bütün qanadlarına şamil edilib, yalnız qanunverici hakimiyyət istisna olunur. Azərbaycanda insan hüquqlarının pozulmasında məhkəmələr və hüquq-mühafizə orqanları məsuliyyət daşıyırlar. Bu baxımdan hər kəs anlayır ki, indiyə qədər əldə etdikləri iqtisadi imtiyazları, Qərb banklarındakı vəsaitləri itirdikləri halda, onlar üçün mövcud hakimiyyətin maraqlarlndan çıxış etmək artıq cəlbedici deyil. Belə olanda, iqtidar daxilində qarşıdurma və mərkəzdən qaçma meylləri ancaq artacaq.