”Ölkənin bank sektoru böhran vəziyyətindən çıxmayıb”

Qubad İbadoğlu: ”Banklar pis nəticələrə görə statistikalarını gizlədirlər”

Source:


Qubad İbadoğlu: ”Banklar pis nəticələrə görə statistikalarını gizlədirlər”

“Accessbank”ın xarici sahibləri səhmlərinin “Nikoil Bank”ın əsas sahibi olan Vahid Ələkbərova satmaq istəmələri barədə ciddi söhbətlər gəzir.

Bunu Meydan TV-ə bank sahəsi üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov  Turan agentliyində xarici kapitallı iki aparıcı kredit təşkilatının – “NIKOIL Bank” və “AccessBank”ın birləşəcəyi ilə bağlı məlumatı şərh edərkən

deyib.

Hər iki bankın kapitalında xarici kapital var. “AccessBank” 100 faiz xarici bankdır.

“Onun səhmdarı Qara dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Almaniya İnkişaf Bankı (KfW), Almaniyanın LFS Financial Systems şirkəti və AccessHoldingdir. Lakin “NIKOIL Bank”ın səhmdarları yerli şirkətlər (TOPAZ İnvestments, ISR Holding) və fiziki şəxslər, son benefisiar Rusiyanın neft və qaz nəhəngi LUKOIL şirkətinin rəhbəri Vahid Ələkbərovdur”.

Mənbə bundan başqa, uzunmüddətli depozit və əsas kredit reytinqi “Moody`s” beynəlxalq reytinq agentliyi tərəfindən bu yaxınlarda azaldılan “Bank Respublika” və “Bank of Baku”nun bağlanmasının planlaşdırıldığınnı da söyləib.

Ə.Həsənovun fikrincə bu xəbərin doğruluq ehtimalı yüksəkdir.

“Qərb investorları üçün milli bazarımız əlverişsiz olub: əvvəlki səviyyədə gəlir yoxdur, risklər isə artıb. Vahid Ələkbərovun bankı isə uğursuz banklardan biridir. “Accessbank” kimi yaxşı idarə olunan bankı “Nikoyl”a qoşmağın sonuncuya müsbət təsiri ola bilər”.

Əkrəm Həsənov

Ekspert bildirir ki, bunun Azərbaycana da xeyri var: bankların bağlanma deyil, konsolidasiya yolu ilə getməsi yaxşıdır:

“Digər iki banka gəldikdə isə həqiqətən “Bank of Baku” və “Bank Respublika”nın vəziyyəti ürəkaçan deyil. Amma istisna deyil ki, onlar da daha güclü banklara birləşib xilas olsunlar. Çünki ümumən bu iki bankda normal idarəetmə sistemi var. Sadəcə bazar konyunkturası dəyişib, pul çatmır. Odur ki, ümid edək ki, bağlanmayacaqlar”.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlunun isə deyir ki, ölkənin bank sektoru böhran vəziyyətindən çıxmayıb, üstəlik, vəziyyət ağırlaşır. Bunu ötən ilin yekunları aydın göstərir. Təxminən 10 kredit təşkilatı 2017-ci ili zərərlə başa vurub.

“Bu gün hər üçüncü yerli bank zərərlə işləyir. Ötən il ən böyük zərəri “Accessbank” (127,5 milyon manat), “Bank of Baku” (69,6 milyon manat), “Unibank” (39,2 milyon manat), “Bank Respublika” (37 milyon manat), “AGBank” (24,2 milyon manat) ) və “Dəmirbank” (20,3 milyon manat) görüb. Yeri gəlmişkən, “DəmirBank”ın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına məxsusdur”, deyə ekspert bildirir.

Maliyyə sahəsində vəziyyəti xarakterizə edən digər məlumatlar da var. Ötən ilin ilk üç rübündə aktivlərin dəyəri “Əmrahbank”da 10,3%, “Muğanbank”da 12,5%, “Unibank”da 16,9%,

“Accessbank”da 19,2%, “Bank of Baku”da 21,1%, “Bank Respublika”da 22,1%, “NIKOIL Bank”da 23,5% azalıb.

O bildirib ki, bundan başqa, hesabat dövründə “Accessbank” kapitalın qiymətinin 6,8%, “Əmrahbank” 15,3%, “Bank of Baku” 19,9%, “AFB Bank” 21,4%, “AGBank” 21,9%, “Unibank” 37, 8%-i itirib.

“Azərbaycan Beynəlxalq Bankı, “Günay Bank” və “Naxçıvanbank”a gəlincə, onlar bu dövr üçün hesabat dərc etməyiblər. Çox ehtimal ki, bu banklar pis nəticələrə görə statistikalarını gizlədirlər”.

Qubad İbadoğlu

Q.İbadoğlu deyib ki, hər şey bank sektorunda azalmanın davam edəcəyini göstərir.

“Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, ölkənin bank sektorunun məcmu aktivləri 1 dekabr 2017-ci il üçün 26 393.9 milyon manat olub. Aktivlər ilin əvvəlinə nisbətən 16,05 faiz azalıb. Bankların kredit portfeli 28,8 faiz daralıb. Hesabat dövründə 9 bank filialı bağlanıb, bankların ümumi öhdəlikləri 21,25% – 23 255 milyon manatadək, depozit portfeli isə 4,2% – 15 723 milyon manatadək azalıb.

Yaxın gələcəkdə maliyyə sektorunda sabitləşmə perspektivləri xülyadır. Müstəqil analitik Natiq Cəfərli “Turan”-a müsahibəsində belə deyib. Onun sözlərinə görə, bu sahədə problemlər hələ də qalmaqdadır, bank xidmətlərinə tələbat azdır, banklar kapital təzyiqi ilə üzləşib, çox həcmdə pis borclar toplanıb, biznes kreditləşməsi faktik olaraq dondurulub, bankların mənfəəti xeyli azalıb. Ötən il ərzində kreditləşmə 4 milyard manat azalıb. Bu, ciddi rəqəmdir. Beynəlxalq reytinq agentlikləri Azərbaycan banklarının reytinqlərini azaltmaqda davam edir.

“Əgər bu il sistemin optimallaşdırılması prosesi bitməzsə, “pis” banklara heç bir real yardım olmayacaqsa, onlar bu “bataqlıqdan” özləri çıxa bilməyəcək. Vəziyyətdən çıxış yollarından biri problemli bankları bağlamaqdır. Amma daha çox vahimə və aşiotajdan qaçmaq üçün iki və ya üç zəif bankı birləşdirmək məsləhətdir” – deyə N.Cəfərli vurğulayıb.

2015-ci ildə ölkədə iki devalvasiyasından sonra manat iki dəfə dəyər itirib.

2016-cı ildə ölkədə ümumilikdə 11 bankın lisenziyası ləğv edilib. Bu onların öhdəlikləri yerinə yetirə bilməmələri ilə izah edilib.

2017-ci ildə “Caspian Development Bank” və “Atabank” konsolidasiya olaraq “Atabank” adı ilə fəaliyyət göstərir. 2017-ci ilin dekabrında “Dəmirbank”ın lisenziyası ləğv edilib.

Hazırda Azərbaycanda 30 bank fəaliyyət göstərir.

Ana səhifəXəbərlər”Ölkənin bank sektoru böhran vəziyyətindən çıxmayıb”