”Ölkəni böhrandan yalnız azad sahibkar çıxara bilər”

”Hökümətin qarşısında duran əsas və həlli vacib olan vəzifə biznesə dəstək olmaqdır”

Source:
Qubad İbadoğlu


”Hökümətin qarşısında duran əsas və həlli vacib olan vəzifə biznesə dəstək olmaqdır”

Bu fikri Demokratiya və Rifah Hərəkatının rəhbəri, iqtisadçı Qubad İbadoğlu öz Facebook səhifəsində yazıb.

İbadoğlu düşünür ki, Azərbaycanı böhrandan yalnız azad sahibkar çıxara bilər.

“Bü gün Azərbaycan iqtisadiyyatında böhranı xarakterizə edən ən başlıca tendensiya ölkədə işgüzar fəallığın aşağı düşməsi, iş yerlərinin bağlanması və istehlak qiymətlərin bahalaşmasıdır. Azad sahibkarlıq fəaliyyətinə tənzimləyici və nəzarətedici dövlət orqanlarının haqsız və yersiz müdaxilələrinin davam etməsi, onlara səmərəli maliyyə-kredit xidmətlərinin göstərilməməsi və ədalətli rəqabət mühitinin olmaması səbəbindən ölkədə biznesin cari fəaliyyəti pisləşir və perspektivləri tutqun görsənir. Bu ərəfədə hökümətin qarşısında duran və həlli vacib olan əsas vəzifə hədəfi yeni iş yerləri olan sahibkarlıq islahatlarına başlamaqdır. Sahibkar üçün lazım olan ən başlıca şərt öz malına və xidmətinə sərbəst qiymət qoyub, onu azad şəkildə satmaqdır”,-deyə o qeyd edib.

Onun fikrincə, dövlət idarəetməsində struktur dəyişiklikləri, bəzi qurumların ləğvi və yenidən təşkili dövlət vəsaitlərindən qənaətlə istifadəyə və səmərəli tənzimləmə mexanizmlərinin yaradılmasına xidmət etsə də, bu gözlənilən böhranı qabaqlamaq üçün kifayət etmir: “Çünki yalnız bu tədbirlərlə gündən-günə azalan biznes subyektlərinin, bağlanan iş yerlərinin, artan qiymətlərin qarşısını almaq mümkün olmayacaq, ən yaxşı halda bu vaxtilə şişirdilmiş dövlət xərclərinin və şişman dövlət aparatının saxlanmasına yönələn vəsaitlərin optimallaşdıırlmasına gətirib çıxaracaq. Bu da əhəmiyyətlidir. Amma idxalı əvəz edən yerli istehsal sahələrinin və onların ixrac potensialının müəyyənləşdirilməsi üçün klaster yanaşması üzrə dəstək proqramları hazırlanmalı; Sahibkarları müasir bazar münasibətlərində rəqabət aparmasına yardım etmək üçün biznes inkişaf xidmətlərini genişləndirməli; Xarici bazarlara mal və xidmət çıxaran sahibkarlar üçün stimullaşdırıci ixracat paketləri hazırlanmalı və onların xaricdəki tanıtım fəaliyyətlərinə, yatırımlarına dövlət dəstəyi göstərilməli; Yeni yaranan və ya mövcud olan sahibkarlıq subyektlərinin əlavə yatırdığı sərmayələr üçün təşviq Planları hazırlanmalı; Xarici investisiyaların cəlbi məqsədilə milliləşdirmə, özgəninkiləşdirmə və oxşar nəticələrə gətirib çıxaran hər hansı digər tədbirlərin görülməyəcəyinə və bu cür şəraitin yalnız milli təhlükəsizlik səbəblərindən zəruri olduğu hallarda ədalətli kompensasiyanın təmin ediləcəyinə zəmanətlər verilməli; Viza və miqrasiya siyasətinə yenidən baxılmalı və viza rejimi, xüsusilə də iş vizası liberallaşdırılmalı; Xarici investorlara qanunla tələb olunan vergilərin və rüsumların ödənilməsindən sonra sərəncamında qalan mənfəəti i valyutada sərbəst və maneəsiz köçürmək üçün məhdudiyyətlər aradan qaldırılmalı; İstehsalçının buraxdığı məhsullara dair beynəlxalq standartlara uyğun keyfiyyət və mənşə sertifikatlarının mərkəzləşdirilmiş şəkildə gömrük orqanlarına təqdim olunması, eləcə də ölkələr arasında standartların qarşılıqlı formada tanınması ilə həmin məhsulların idxalını həyata keçirən şirkətlər müvafiq sənədləri təqdim etmək tələbindən azad edilməli; Yerli məhsulların ixracı zamanı mənşə, keyfiyyət sertifikatlarının və təsdiqedici kod nömrəsinin verilməsi asanlaşdırılmalı; Sahibkarlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi sadələşidirlməli və bu sahədə şəffaflıq artırılmalıdır”.

Qubad İbadoğlu qeydlərinin rəhbərlik etdiyi hərəkatın “İqtisadiyyatda əsas və təxirəsalınmaz tədbirlər Paketi”ndən götürüldüyünü əlavə edib.

Ana səhifəXəbərlər”Ölkəni böhrandan yalnız azad sahibkar çıxara bilər”