Ölkədən köç edənlər

Ayrılarmı könül candan

Source:
Bilal Həsənov
Bilal Həsənov

Ayrılarmı könül candan,

Qoparmı heç, məmur kreslodan…

(xalq yaradıcılığı, internetdən seçmələr)

Bu arada, indiki hakimiyyətin samballı fiquru sayılan nəqliyyat naziri kreslosundan ayrıldı. Məlum şəxs köhnə qvardiya arasında babat çəkiyə malik idi. Hərçənd ki, opportunist məmur və keyfiyyətli kreslo ayrılığı camaatmızın dərdi-sərin azaltmır, buna rəğmən millət bir həftə sevinməyə macal tapdı. Lakin düşünürəm ki, bu məsələdə xalqın sevinci yersiz idi.

Çünki Mahmudovun, Əbiyevin, Mərdanovun, Ələkbərovun getməsi ilə nə dəyişdi? Tam doğru. Heç nə! Onsuz da, dala davamlı nazir kreslosu tənha qalan deyil, çünki bu ölkədə kimsəsizlik ancaq vətəndaşa məxsusdur. Bir ton sosial problemli, işsiz, pulsuz, hüquqsuz, işiqsız, qazsız və nəhayət, yiyəsiz azərbaycanlıya.

Amma ölkədə kreslodan gedən təkcə məmur deyil. Məsələn, dövlət büdcəsindən pul da babat gedir. Həm də gedən pul, məmur kimi, lüzumsuz, faydasız yerdəyişmə edir. Gərəksiz idman oyunları, konsertlər, parklar, mərmər bardyurlar. Ümumiyyətlə, bu ölkədə rüşvət, məmur, kreslo sinonim sözlərdir. Hər üçü bir-biri ilə sıx bağlıdır. Necə deyərlər müqəddəs üçlük. Vətəndaş isə həqiqətən dözülməz dərəcədə tənhadır. Özü də bu çox pis tənhalıqdır.

İnsanları intihara, dəlixanalara, zirzəmilərə qovur. Bu tənhalıq bu gün, dünən doğulmayıb, bu 25 ilin tənhalığıdır. Bizim qardaş tənhadır, biz hər birimiz millət olaraq tənhayıq, eyni ölkədə, şəhərdə yaşasaq belə, ayrı-ayrılıqda tənha və acizik. Adamın doğulduğu, böyüdüyü, yaşadığı ölkədə özünü acizanə hiss etməyi faciədir. Permament davam edən bu hal gec-tez insanı ya intihara, ya ölkədən qaçmağa vadar edir.

“Mən bu bədbəxt ölkəni sevirəm, çünki ayrısını görməmişəm”. ( N. Mandelştam)

Bəylər, razılaşın, indi ölkəmizdə böyük köç başlayıb. Müstəqillik dönəmindən bu günə qədər azərbaycanlılar belə həcmdə ölkədən köçmürdülər. Cahan yarandığı gündən insanlar qaçırlar, miqrasiya edirlər, mühacir olurlar. Məsələn, quqenotlar Fransadan Lyudovikin əlindən, protestantlar Zalçburqdan, yəhudilər isə Polşadan qaçırdılar.

Vətəndaşın yaşadığı diyarını tərk etməsi bir çox halda baş verə bilər. Müharibə, dini ekstremizm, irqçilik, seksual təcavüz. Azərbaycanda bütün hallarda bu ünsür yekdir, sarsılmazdır və əbədidir. Bu, indiki siyasi sistemdir. İndi soracaqsınız ki, yenə hakimiyyət? Yenə sistem? Nə verib ala bilmirsiz bunlardan? Dərd odur da, heç nə ala bilmirik. Nə istəyirik?

“Şərikli çörək” filminin baş qəhrəmanı Vaqif demişkən, öz çörəyimizi istəyirik, öz çörəyimizi. Rəis və müəllim yığını korrupsiya ilə silahlanıb, insanların yaşayış halın dözülməz ediblər. Hər ikinci adam bu ölkədən qaçmaq istəyir. Həm də tək yox, nəsillikcə, ailəlikcə, birlikdə, ömürlük. Camaat əmlakını, olan-qalanını satıb, min yolla aradan çıxır.

Hələ mən mühacir statusu ilə spekulyasiya edən fırıldaqçıları demirəm. Avropada, Kanadada, Amerikada, Avstraliyada oturum almaq, iş tapmaq adı ilə milləti aldadıb ev-eşiyin satdırırlar. İqtidara müxalif partiyalarda bəzi adamlar üzvülük kartı alveri edir, müxalifət qazetlərində xaltura yazılar dərc etməklə adi adamlardan pul qopardırlar. Guya bu yolla insanlar Avropada oturum alacaq, firavan, şad və xürrəm yaşayacaqlar.

Mühacir olanlar arasında ziyalılar, yaradıcı insanlarda var. Çünki düşünən vətəndaşa, yaradıcı potensialı olana bu ölkədə yaşamaq ikiqat ağırdır. Hakimiyyət yaradıcı insana ən azından estetik diskomfort yaradır. Şair Brodski demişkən, mənim sovet hakimiyyəti ilə yalnız estetik fərqim var. Bu isə millətin genofonduna tutarlı zərbədir. Azərbaycanlılar bunu artıq bir dəfə 37-də yaşayıblar. İndi isə deyəsən yenidən, köhnə, amma azca humanist variantda bizə yeridillər.

“…əgər cismim xalqıma gərək deyilsə, onda demək ruhum lazım olacaq”.

(…mühacirət öncəsi İ. Brodskinin L.Brejnevə məktubundan)

Brodski demişkən, yaxşı yadıma düşdü, bizim mədəniyyət, akademik çevrə adamlarının ölkədən mühacirət etməsi bəndənizə Sovetlərin 60-cı illərin sonun xatırladır.

Bəli, qeyri-rəsmi “оттепель” adlanan, distalinizm, şəxsiyyətə pərəstişin ifşa edilməsi, soyuq müharibə və Xruşovun BMT-nin assambleyasında çəkməsin çıxardıb kürsüyə vurduğu dövrün sonların.

Bir sözlə, sosializmin insan siması aldığı zamanın bitməsi. Brejnevin hakimiyyətə gəlməsi ilə SSRİ-dən minlərlə ziyalı, yazıçı, musiqiçi, rəssam, şair, publisist, heykəltəraş mühacirət etmişdir. Tanınmışlardan Dovlatov, Brodski, Aksenov, Şemyaqin, Barışnikov, Soljenitsın, Neznanskiy, Nekrasov, Efimov, Maramzin, Aryev, Voynoviç, Limonov, Sokolov, Aleşkovskiy və sairə, saydıqca qurtarmaz.

Bu insanlar Sovetin siyasi sisteminə, dövlət quruluşuna, mərkəzi partiyaya, marksist-leninist ideologoyasına qarşı idilər. Hətta Dovlatov yazırdı ki, mühacir, dissident olmaq artıq publisist, yazıçı olmaqdan üstündür. Mühacirlik bir növ dəb halını almışdır.

Mühacir-fransız sözüdür, ” ölkəsindən qovulan”-deməkdir.

Dissident-latın sözüdür, “narazı olmaq”-deməkdir. (Vikipediyadan qısa məlumat)

Amma Sovetdən qaçan insanlar, sığınacaq aldığı ölkədə həm də dissidentlik edirdilər. Sonralar dissidentlik rus ədəbiyyatına, mədəniyyətinə böyük töhfə vermişdir.

Sovet isə özünün senzura və repressiya üsullarını bizim indiki siyasi sistemə miras saxladı. Heç uzağa getməyək. Misal üçün götürək Dovlatovu. Azadlıq Radiosunda hekayəsi oxunduqdan cəmi bircə həftə sonra, elə küçədəcə, Leninqradın mərkəzində, günün-günorta çağı milislər onu oğurlayıb aparmışdılar bölməyə. Orada döyüb, təhqir edib, şəxsiyyətini alçaldıb on beş sutka vermişdilər. Dostları onun dalınca bölməyə gəldikdə, hadisənin necə baş verdiyini öyrənib inanmamışdılar. Protokolda Dovlatovun milis işçisini pilləkanlardan aşağı tulladığı yazılmışdır. Dostları bu hadisənin həqiqət olmadığını dedikdə, polis rəisi “o, bunu etsə idi 6 il, belə isə 15 sutka vermişik” – demişdir.

Brodskini Sovet hakimləri təmbəllik, işsiz olduğu üçün mühakimə edirdilər. Onu həbs etməmişdən qabaq psixoloji dispanserə salmışdılar. Gecələr lüt soyundurub, soyuq su ilə dolu vannaya salır, sonra ağ kəfənə bürüyərək səhərəcən qızdırıcı rodiatorun yanında oturdurdular. Kəfən istidən quruyaraq, şairin bədəninə yapışır, ona kəskin ağrılar verirdi. O, orada ilk sarsıntısını almışdı. Ömrünün sonuna qədər stenokordiyadan əziyyət çəkirdi.

Vasiliy Aksenovu sevdiyi xanımından istifadə edərək davaya provokasiya etmişdilər. Üzərinə yalançı, qurulmuş ölüm işi asırdılar. Yazıçı əsərini Fransada nəşr etdikdən sonra, onu Sovet vətəndaşlığından çıxardıb, Amerikya qaçmağa icazə verdilər.

Bütün bu olanlar, yazılanlar bir daha avtoritar, totalitarizmə meyilli siyasi sistemlərin yanlış yolda olduğunun göstəricisidir. Siyasi sistemlər insanları yurdlarından, obalarından, diyarlarından qova bilər, onları susmağa, həqiqəti deməməyə vadar edə bilər, dostlarını satmağa, agent işləməyə məcbur edə bilər, qismən azadlıqların əlindən alar, amma onlar insanları yox edə bilməzlər. İnsanı məhv etmək olar, amma yox etmək mümkünsüzdür.

İnsan olduqca narazıçılıq olacaq, insan olduqca doğrunu söyləmək ehtiyacı olacaq. Yuxarıda adların yazdığım dissident yazıçıların əksəriyyəti Sovet dağılandan sonra öz ölkələrinə qayıdıb gələcək siyasi hadisələrdə də öz ziyalı mövqelərini bildirmişdilər.

Paradoks, onları ölkədən qovan siyasi sistem dağıldı, o sistemin başında oturanları digər siyasilər yedi, məhv etdi. Amma repressiya olunmuş yazarlar, rəssamlar, musiqiçilər sağ qaldılar və millətə öz mədəni töhfəsini verdilər. Yaşadılar, yaşatdılar, bir dövrün tarixin yazdılar, yeni nəsillər böyütdülər. Onlardan həmən nəsilə yüzlərlə film, əsərlər miras qaldı.

Bu gün bizim ölkədə böyük köçdür. Bunun səbəbi məlumdur. Deməzdim ki, bizim o dövr rus yazıçıları kimi dissidentlərimiz var. Amma insanlarımız yad ölkələrdə məskən salaraq övlad böyüdəcəklər. İnsan tərbiyələndirəcəklər. Daha azad ölkədə, vətəndaş maarifləndirəcəklər. Onlar müəyyən zamandan sonra öz vətəninə, ölkəsinə qayıdıb töhfələrin verəcəklər. Mən buna əminəm. Bircə əmmadan savayı. Bu gedişlə o vaxta bu ölkə qalsa.

Ana səhifəMənim FikrimcəÖlkədən köç edənlər