Mənbə: Meydan Tv

Ölkədəki ''stalinizm''in yadigarları

Bu insanlara yenidən bu və ya digər formada səlahiyyət verilsə, yenə də nəticə xaos olacaq

Bugünlərdə sosial şəbəkələrdə “90-lar siyasətdən getməlidir” başlıqlı paylaşımlar gündəm yarada bildilər. Məncə, yanaşmanın gündəm yaratmasının bu fikrin özü və ya fikri səsləndirənlərin kimliyi ilə birbaşa əlaqəsi yox idi. Bu fikrə verilən sərt reaksiya məsələni gündəmə çevirdi. Bir liberal kimi, insanların yaşına və ya digər göstəricilərinə görə qruplaşdırıb ümumiləşdirilməsi ilə razılaşmasam da, burada müəyyən qədər həqiqətin olduğunu düşünürəm. Bu həqiqətin nədən ibarət olduğunu məqalədə izah etməyə çalışacağam. İlk öncə qeyd etmək lazımdır ki, bu məqalədə qeyd edilən “90-lar” məhz yaşına görə deyil, düşüncə tərzi və siyasi proseslərə sərgilədikləri yanaşmalarına görə qruplaşdırılır. Digər sözlə ifadə etsək, “90-lar” deyəndə 90-larda siyasi proseslərə qoşulmuş və eyni zamanda 90-cı illərin köhnə, sovetdənqalma dünyagörüşünü paylaşan yaşlı və yeni nəslin nümayəndələri nəzərdə tutulur. Bəzi fərdlərdən misal gətirilsə də, məqalənin məqsədi konkret şəxsləri müzakirə etmək deyil, “90-lar” düşüncə tərzini oxucuya çatdırmaqdır.

1990-cı illərdə siyasi proseslərə qatılanların demək olar ki, hamısı köhnə sovet təhsili alıblar. Sovet təhsili ilə sən güclü mühəndis, aqronom, həkim, fizik, riyaziyyatçı və s. ola bilərsən, amma sən nə güclü biznesmen, nə də güclü siyasətçi ola bilməzsən. Bunun səbəbi isə çox sadədir. Siyasət və biznesin tədrisi sovet təhsil sistemindən kənarda qalmışdı. Məhz bu səbəbdən də bu təhsilin yetirmələri olan əksər biznesmenlər (aralarında istisnalar da ola bilər) hakimiyyətin birbaşa, ya da dolayısı ilə himayə etdiyi biznesmənlərdir; ya da 90-larda SSRİ-nin dağılması ilə rəhbərlik etdiyi müəssisələrə sahib olan şəxslərdir. Yəni, bu qrup insanların demək olar ki, heç biri öz şəxsi innovativ ideyaları ilə biznes qurub uğur qazanan insanlar deyillər. Bu ölkələrin innovativ texnoloji inkişafdan geri qalmalarının da əsas səbəbi, zənnimcə, budur. Digər tərəfdən, SSRİ təhsil sisteminin özəyini təşkil edən Marksizmə görə, biznes və ya özəl mülkiyyət qadağan olunmuşdur. Özəl mülkiyyətin təmin olunması isə biznesin inkişafı üçün əvəzedilməz vasitədir.

Biznes kimi, siyasətdə də məsələ çox acınacaqlıdır. Siyasətin bir fənn kimi tədrisi yolverilməz idi. O zaman siyasətçilər əsasən tarixçilər, şərqşunaslıq ixtisasına yiyələnənlər və ya hərbçilər olurdular. Bu insanların da siyasət və siyasi proseslər haqqında anlayışları əsasən partiya tarixi və ya kommunizm/sosializm idealogiyalarını əzbərləməklə formalaşırdı. Partiya siyasi tarixini əzbərləmək isə insanların gözündə həmin tarixi proseslərin iştirakçısı olmuş şəxsləri, o cümlədən Lenin və Stalini şişirdir və insanlarda şəxsiyyətəpərəstişliyi möhkəmləndirirdi. Bundan əlavə, partiya tarixini və ya marksizmi əzbərləməklə insanlarda analitik və ya tənqidi düşüncə qabiliyyəti deyil, əzbərçilik inkişaf edirdi. Əzbərçiliyə öyrəşmiş siyasi liderlərin dövlətin və ya xalqın taleyi ilə bağlı verdiyi siyasi qərarlar isə çox zaman faciəvi olurdu.

Məhz bu səbəbdən də SSRİ siyasi liderləri qərarlarını analitik hesablamarla deyil, əsasən keçmişdə baş vermis hadisələr haqqında əldə olunan məlumatlar üzərindən verirdilər. Bu məlumatları toplayan orqan isə KQB idi. Buna görə də KQB və bu aparatın zabitləri SSRİ dövründə son dərəcə nüfuza sahib idilər. Siyasi qərarların qəbul olunmasında kəşfiyyat məlumatları hər zaman hər bir ölkədə xüsusi çəkiyə malik olsa da, SSRİ-də bu yeganə vasitə idi. Əldə olunmuş məlumat yanlış olardısa (çox zaman olurdu), analitik yanaşma olmadığından, verilən siyasi qərar da yanlış olurdu və çox zaman SSRİ üçün faciə ilə bitirdi. Biz bunu SSRİ-nin ABŞ-la nüvə silahları uğrunda öz iqtisadiyyatını çökdürəcək rəqabətə girməsi, “Karib böhranı” zamanı Xuroşovun verdiyi yanlış siyasi qərar (ABŞ öz silahlarını Türkiyədən geri çəkməyi planlaşdırsa da, SSRİ vəziyyəti düzgün qiymətləndirə bilməməsi nəticəsində ABŞ-dan yalnız Kubaya hücum etməməyi tələb etdi və ABŞ da bunu sevərək qəbul etdi) və SSRİ kimi bir siyasi gücün dağılmasına gəririb çıxaran minlərlə yanlış siyasi qərarlarda görürük. Səbəb isə çox sadə idi. Təhsil sistemi analitik yox, əzbərçi kadrlar yetişdirməyə xidmət edirdi. Bu əzbərçi və şəxsiyyətə pərəstiş edənlər isə müstəqil qərar qəbul edə bilmir və çox zaman da verdiyi qərarlar böhrana səbəb olurdu.

Deyəcəksiz ki, bundan bizə nə. Biz bunu həmin düşüncə tərzini paylaşan Elçibəy və Heydər Əliyevin siyasi fəaliyyətlərində də gördük. Xalqın seçdiyi iddia edilən bir prezident bir korpus komandirinin “dövlət çevrilişinə” cəhdinə cavab olaraq verdiyi qərar Azərbaycan siyasi tarixində bir ləkədir (“dövlət çevrilişi”nin dırnaq içində yazmağımın səbəbi isə o dövrdə baş verənlər haqqında dolğun məlumatın heç yerdə olmamasıdır. Ortada olan bütün məlumatlar konkret şəxslərin fikirlərini və maraqlarını əks etdirən qarşılıqlı ittihamlardır). Hətta bu ittiham doğru olsa belə, Sürət Hüseynov öz dəstəsi ilə dövlət çevrilişinə cəhd etmiş olsa belə, bir dövlət başçısının bir korpus komandirinin qarşısında prezidentlik postunu qoyub qaçması müstəqil və ya analitik düşüncənin olmamasının bariz nümunəsidir. Əzbərçiliyə öyrəşən bu insan, əzbərlədiyi faktlar arasında belə bir təcrübənin olmadığını düşünüb qaçmağa üstünlük verdi. Ehtimal olunur ki, yanlış etdiyini sonradan anladı və Kələkidən Bakıya qayıdaraq yenidən siyasi mübarizəyə başlamaq istədi. Həmin qərarın nəticəsi olaraq isə KQB generalı Heydər Əliyev Elçibəy tərəfindən dəvət olundu və ölkədə diktaturanın əsası qoyuldu.

Gəlin məsələyə başqa bir prizmadan baxaq. O zaman bütün məlumatlar analitik hesablamalar üzərindən deyil, yalnız və yalnız əldə olunan məlumatlar əsasında verildiyi üçün Heydər Əliyev və onun KQB şəbəkəsi bu məlumatları çox sadə bir formada saxtalaşdıra bildi. Heydər Əliyevin Elçibəylə danışıqda “sənin adamların mənə zəng edib məni dəvət edirlər” deməsi, Fərəc Quliyevin Naxçıvandan qayıdaraq Sürət Hüseynovu vətən xaini aldandırması Elçibəyə “sənin ətrafın səni dinləmir və proseslər artıq sənin nəzarətində deyil” mesajını verərək onda “qaç!” qərarını vermək üçün ideal saxta bir zəmin yaratdı.

Eyni yanaşmanı biz Heydər Əliyevin də siyasətində gördük. Rəsul Quliyev müsahibələrinin birində Heydər Əliyevlə bağlı yuxarıda qeyd edilən yanaşmanı bir daha təsdiq edir. Onun sözlərinə görə, ABŞ-dakı görüşdən sonra Heydər Əliyevə ölkədəki vəziyyətlə bağlı bəzi qeyri-dolğun məlumatlar daxil olur. Məlumatların dolğun olmaması üzündən Heydər Əliyev adekvat qərar qəbul edə bilmir və ölkəyə qayıtmaqda tərəddüd edirdi. Yəni, əgər o dövrdə Heydər Əliyevin özü kimi kimsə onun üçün saxta məlumatlar istehsal etmiş olsaydı, Əliyev də Elçibəydən daha sürətli qaçardı. Stalini əzbərləməklə isə Heydər Əliyev Stalin üçün yaradılan mifə qibtə edirdi. O, SSRİ dövründəki fəaliyyəti ilə bağlı verdiyi müsahibələrin birində Stalinin ölüm gününü belə şərh edirdi: “Çox qəribə idi, Stalin elə bir şəxsiyyət idi ki, öldüyü gün onu sevən və sevməyən yüzminlərlə insan onunla vidalaşmağa gəlmişdi”. Heydər Əliyev də öz simasında yeni bir Stalin yaratmağa çalışdı və qismən də buna nail oldu.

İndi keçək əsas məsələyə. Bu gün 90-lardan siyasi fəaliyyətlə məşgul olanlar da sovet partiya tarixini və ya Stalini əzbərləyərək siyasi karyera qurmağa çalışanlardır. Bu da onların siyasi mübarizəsində öz əksini tapır. Stalinizmdən xilas olaraq “heydərizm”ə bulaşan bu siyasilər demokratiyanı nə nəzəri olaraq öyrənə bildilər, nə də praktiki olaraq yaşadılar. Bu siyasətçilərin yetişdirdikləri gənc kadrlar da eyni düşüncəni və eyni yanaşmanı paylaşaraq, şəxsiyyətə pərəstişliyin və ya “heydərizm”in qurbanına çevrilirlər. Heydər Əliyev hakimiyyəti öz şəxsiyyəti üzərində quranda, buna adekvat olaraq, klassik müxalifət də mübarizəni İsa Qəmbər və ya Əli Kərimli üzərində qurdu. Heydər və İlham Əliyevlər medianı nəzarətə götürəndə demokratik dəyərləri unudan Musavat və AXCP özlərinin medialarını yaradaraq Əliyevlər kimi senzura və böhtan tirajlamağa başladılar. Partiyanın mediaya sahib olması isə liberal dəyərləri alt-üst edir. İlham Əliyev trol ordusunu yaradanda Əli Kərimlinin yetişdirdiyi AXCP gəncləri trolluğa cəlb olundu. Bu “stalinizm” və ”heydərizm”in məntiqi davamıdır.

Problem təkcə bu insanlarla bitmir. Biz bura bu günlərdə azadlığa çıxmış və çıxdığı gün də “bilmirəm mən müxalifətə qoşularam, yoxsa müxalifət mənə” fikrini səsləndirən “heydərizm”in bariz nümunələrindən biri olan Əli İnsanovu, Qurban Məmmədovu, İsgəndər Həmidovu, Arif Hacılını, “sən bizi tənqid edirsənsə, biz də sənə agent deyə bilərik” fikrinin müəllifi Tofiq Yaqublunu və bu düşüncədə olan Milli Şuranın digər üzvlərini əlavə edə bilərik. Bu insanlar fərqli düşərgələrdə və bəzən də bir-birinə qarşı olan səngərlərdə yer alsalar da, onları birləşdirən bu düşüncə tərzidir. Gördüyünüz kimi, bu insanlar demək olar ki, siyasi mübarizə meydanını əldə saxlayıblar və yeni gələn qüvvələrə qarşı da son dərəcə amansız olurlar. Bu insanların hakimiyyətə qarşı apardıqları mübarizənin səmimiliyini sorğulamıram. Bildiyim budur ki, bu insanlar, verdikləri qurban və çəkdikləri əziyyətlərə baxmayaraq, yuxarıda qeyd edilən səbəblərə görə ölkəyə dəyişiklik gətirə biləcək şəxslər deyillər. Bu insanlara yenidən bu və ya digər formada səlahiyyət verilsə, yenə də nəticə xaos olacaq.

Adlarını qeyd etdiyim şəxslər “heydərizm”in və ya dolayısı ilə “stalinizm”in təsirindən çıxa bilmədikləri üçün siyasi mübarizədə ideya və idealogiyanın gücünə və əhəmiyyətinə inana bilmirlər. Bir tərəfdən şəxsi və ya tənqidi düşüncə qabiliyyətinin olmaması, digər tərəfdən isə “stalinizm” və ya ”heydərizm”-dən doğan şəxsiyyətə pərəstişliyə tutulmaları siyasi mübarizədə ideyanı şəxsiyyətlə əvəz edir və bütün siyasi mübarizəni şəxsiyyətə qarşı, şəxsiyyət uğrunda aparırlar. Onlara görə inqilabları şəxslər edir, amma əslində isə ideyalar inqilablar törədir. Rusiya (Marksizm), Kuba (Marksizm), İran (İslam), Fransada (liberalizm və maarifçilik) fərdlər deyil, ideya və ideologiyalar qalib gəldi. Qonşumuz Ermənistanda Paşinyan deyil, onun təbliğ etdiyi liberalizm qalib gəldi. İnsanlar Paşinyanın arxasınca deyil, onun təmsil etdiyi liberalizmin arxasınca getdilər. Əgər Paşinyan da çıxıb Əli Kərimli kimi “sizi qələbəyə mən aparacam” deyib, öz şəxsiyyətini önə çəksəydi və təbliğ etdiyi liberalizmi arxa plana qoysaydı, inanmıram ki, kimsə onun təşkil etdiyi mitinqlərə gələr və ona dəstək olardı. Bu sadə məntiqi anlamaq o qədər də çətin olmamalıdır, tənqidi düşüncəni bacaranlar üçün. Bundan əlavə, Amerika dövlətini fərdlər öz eqoları üzərində deyil, liberal sütunlar üzərindən qurdular. Həmin bu dəyərləri isə həm hakimiyyət və həm də bizim klassik müxalifət hər addımda tapdalayaraq ölkədə tamam fərqli bir mühit yaradıblar.

Bu mühitə qarşı mübarizə aparan ReAl və onun sədri İlqar Məmmədov isə mühiti dəyişməkdənsə (bunun nə qədər çətin olduğunun fərqindəyəm), sanki mühitə uyğunlaşmağa doğru istiqamət götürüb. Hakimiyyətə qarşı heç bir təzyiq mexanizmi olmayan İlqar Məmmədovun “mən siyasi məhbusların adını çəkdim, onlar azad oldular”, “jurnalistlər daha diqqətli olmalıdır və ya onlara təlim keçmək lazımdır” kimi avtoritar və senzura qoxusu verən açıqlamaları ölkədəki ümumi siyasi mübarizənin şəxsiyyətlər arasında və şəxsiyyətlər uğrunda getməsindən xəbər verir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/do97y7

Ən çox baxılan