Bakı şəhəri Nizami rayonu Şirin Mirzəyev küçəsində iki ailə yaşadıqları binada qanunsuz söküntü işləri aparıldığını iddia edir. Binada söküntü işlərini Yeni Dövr MTK aparır.
Məsələ ilə bağlı Yeni Dövr MTK-nın sədr müavini Ramiz Rəhimoğlu ilə görüşdük. Çəkilişə icazə verməsə də, səsinin yazılmasına etiraz etmədi. O bildirdi ki, ailə evin bazar qiymətindən çox pul istəyir. Odur ki, razılıq əldə edilmir.
Ramiz Rəhimoğlu həm də BŞİH tərəfindən tikintiyə icazə verildiyini əsas gətirərək, söküntü işlərinin aparıldığını deyir.
Binada isə təhlükəli vəziyyət höküm sürür. Binadan qaz xətti keçir və eyni zamanda söküntü işləri aparılır. Mənzillərin ara divarları ağacdandır. Sakinlər deyir ki, hər an yanğın hadisəsi baş verə bilər. Bundan başqa, toz-torpaq evlərə dolur. İndi ailələrin tək ümüdü aidiyyati qurumların məsələyə diqqət yetirməsinə qalıb.