”Ölkə qanunlarla deyil, fərdlərlə idarə olunur”

“Bu komissiya ilə İlham Əliyev xalqın gözünə kül üfürür, yanmış binadan qalmış kül”

Source:

Mayın 20-də prezident İlham Əliyev 1 gün əvvəl Binəqədi rayonunda baş vermiş yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının toplantısını keçirib. İclasda prezident məmurlara iradlarını ifadə edib və sərt ittihamlar səsləndirib.

Çıxışını son vaxtlar həbs olunan iş adamlarından başlayan dövlət başçısı deyib ki, həmin iş adamları dövlət əmlakını talayıb, dövlət vəsaitini oğurlayıblar: “Vəzifəli şəxslərin ailə üzvləri cinayət törədirlər, ondan sonra məsuliyyətdən yayınmaq istəyirlər. Əfsuslar olsun ki, onlara himayədarlıq edən dövlət məmurları da var, onları məsuliyyətdən yayındırmaq üçün min cür əməllərdən çıxırlar. Burada oturanlar mənim mövqeyimi bilir. Bir adam, xüsusi ilə dövlət məmuru, böyük vəzifə sahibi məsuliyyətdən qaça bilməyəcək. Məsuliyyətli olmaq lazımdır. Cinayət törətmisənsə, get, cəzasını çək”.

“Azərbaycanda indi nə qədər qanunsuz evlər tikilir, sanki heç kimin xəbəri yoxdur”

İlham Əliyev deyib ki, Azərbaycan ictimaiyyəti hər bir hadisədən xəbərdardır. Azərbaycanda toxunulmaz insan yoxdur: “Cinayət törədibsə, məsuliyyət də olmalıdır. Mən dəfələrlə demişəm ki, vəzifəli şəxslər özlərini normal aparsınlar, insanlarla ünsiyyət qursunlar, insanları incitməsinlər, onlar özləri, ailə üzvləri qanunu pozmasınlar. Amma nə görürəm? Yenə də mənim göstərişlərimi icra etməyənlər var. Və nəticə nə olur? Onlar özləri də bədbəxt olurlar. Azərbaycan ictimaiyyəti də hər şeyi bilir. Heç kim qanundan kənarda qala bilməz. Ancaq biz görürük ki, bu qaydalar pozulur, qanunsuz evlər tikilir. Azərbaycanda, paytaxt Bakıda indi nə qədər qanunsuz evlər tikilir. Sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının xəbəri yoxdur, şəhər icra başçılarının xəbəri yoxdur, heç kimin xəbəri yoxdur”.

Dövlət başçısı atası, sabiq prezident Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq” parkının bir hissəsini zəbt ediildiyinə toxunub: “Mən orada haradasa 7-8 il bundan əvvəl olmuşdum və görmüşdüm ki, “Dostluq” parkında ağaclar qırılır, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin, aydınlaşdırın, bütün tikilən binalar qanunsuzdur, onları sökün. Qoy, onları tikənlərə dərs olsun. O gün həmin əraziyə gələndə yenə də görürəm ki, düz “Dostluq” parkının yanında – yamacda villalar tikilib. Dedim ki, bunları tikənlərin kim olduğunu öyrənin. Heç bir adam çıxmadı. Dedim ki, bir villanı sökün, görün, işin arxasından kim çıxacaq. Heç kim çıxmadı. Dedim, belədirsə, əgər heç kimə məxsus deyilsə, sökün, bunları dağıdın, başqalarına dərs olsun. Qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Orada elə istinad divarları tikilib ki, bəlkə də təkcə onun tikintisinə bir neçə milyon manat sərf edilib. Bu qədər özbaşınalıq olmaz”.

“Bütün bu həngamə yanlız o bir nəfəri gözə soxmaq üçün idi”

Dövlət Komissiyasının iclası ilə bağlı tanınmış vəkillər, siyasilər və ictimai xadimlər münasibətlərini sərgiləyiblər.

Vəkil Xalid Bağırov Facebook səhifəsində yazıb ki, onsuz da komissiyadan bir şey gözləmirdi: “Bu komissiya ilə İlham Əliyev xalqın gözünə kül üfürür, yanmış binadan qalmış kül. Bu komissiya sırf təbliğata hesablanmış komediyadır. Fikir verdinizsə, komissiya üzvlərinin heç birinin qarşısında mikrofon yox idi, danışıqlarını anlamaq da olmurdu. Orda mikrafon yanlız bir nəfərin, komissiya üzvü olmayan bir nəfərin qarşısında qurulmuşdu, onun danışığı da aydın anlaşılırdı. Və bütün bu həngamə yanlız o bir nəfəri gözə soxmaq üçün idi”.

Vəkil bildirib ki, Dövlət Komissiyası təqsirkarları ortaya çıxarmaq üçün yaradılmır. Bu əməliyyat-istintaq fəaliyyətini və ədalət mühakiməsini həyata keçirən strukturların işidir. Dövlət komissiyaları cəmiyyətdəki, aktual olan problemi, faciəni doğuran idarəçilikdəki sistemli səbəbləri müəyyən etmək üçün yaradılır. Daha bizdəki kimi normal ölkədə idarə edənlər yığışıb özlərindən ibarət, özlərini yoxlamaq üçün komissiya yaratmırlar. Yenə İlham Əliyev bu yamanmış Konstitusiyanın 109-cu maddəsinin 32-ci bəndinin onun üçün yaratdığı seyrangahdan istifadə edib, Konstitusiyanın 92, 94 və 95-ci maddələrinin Milli Məclisə, 125-ci maddəsinin məhkəmə hakimiyyətinə verdiyi səlahiyyətləri tapdalayır”.

Vəkil qeyd edib ki, Dövlət Komissiyasının obyektiv araşdırma aparması üçün zəruri olan müstəqilliyi doğuşdan mövcud deyil: “Bunu artıq gördük. Zakir Qaralovun Kəmaləddin Heydərov yönəlik ittihamlarını elə İlham Əliyevin özü təkzib etdi. Hətta hazır versiya da verdi istintaqa- “Sertifikatlar verildikdən sonra, malların tərkibi dəyişdirilib”.

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Meydan TV-yə deyib ki, dövlət başçısı Əliyev ictimai rəyin ciddi şəkildə dəyişdiyini hiss etdiyi üçün müəyyən addımlar atır: “Bu addımların reklam və imitasiya tərəfi ilə bərabər real tərəfi də ola bilər. Real tərəf ictimai fikrin gücündən asılıdır. İctimai fikir, cəmiyyət nə qədər fəal olacaqsa, hakimiyyət məsələyə o dərəcədə ciddi yanaşacaq. Əgər əvvəlki qəzalardan sonra olduğu kimi cəmiyyət yenə də bir neçə günə hadisəni unutmağa üstünlük versə, hakimiyyət faciədən heç bir nəticə çıxarmayaraq, öz korrupsiya fəaliyyətinə və xalqa saymazlıq yanaşmasını davam etdirəcək. Hakimiyyət bütün xalqın sarsıldığı bu faciə ilə bağlı matəm elan etmirsə, deməli, hadisəni unutdurmağa çalışacaq”.

“Korrupsiya piramidasının başında dövlət başçısı özü dayanır”

Mərkəz rəhbəri “müəyyən addımlar deyəndə, nələri nəzərdə tutursunuz” sualına belə cavab verib: “Kimlərinsə cəzalandırılması məsələnin bir tərəfidir. Çünki korrupsiya piramidasının başında kimin dayanması bəllidir. Dövlət başçısı özü dayanır, bu bəllidir. Kadrların da müəyyənləşməsi, hansı kadrın hara təyin olunması, hansı rüşvət, korrupsiya əməlində kimlərin iştirak edə biləcəyi yuxarıda müəyyənləşdirilir. Faciənin günahkarlarının cəzalandırılması mühümdür, amma, gördüyünüz kimi, dövlət komissiyası əsasən elə bu faciəyə məsuliyyət daşıyan vəzifə sahiblərindən ibarətdir. Ona görə də kiminsə cəzalandırılması məsələnin formal tərəfidir. Məsələnin mahiyyəti odur ki, birinci növbədə yanğının nəticələri qısa müddətdə aradan qaldırılmalıdır. Yaxınlarını, əmlakını itirmiş adamlara mənəvi, maddi, psixoloji dəstək üçün adekvat dövlət tədbirləti sözdə yox, əməldə gerçəkləşdirilməlidir. Eyni amanda, bundan sonra yanğınların, oxşar faciələrin qarşısını almaq üçün konkret addımlar atılmalıdır. Sadəcə, 5-10 binanın üzlüklərinin sökülməsi görüntüdür”.

“Dövlətin başında dayanan adam aldanmaq istəməsə, heç kim onu aldada bilməz”

Sabiq Müsavat başqanı hesab edir ki, dövlət, ölkə idarə olunmur: “Ölkəni bir qrup rüşvətxor ancaq özlərinin sərvətini artırmaq naminə fəaliyyət göstərməklə idarə edirlər. Təbii ki, bu da dövlət idarəçiliyi deyil. Ona görə də faciədən sonra cəmiyyətin haqlı tələblərini yerinə yetirməklə yanaşı ölkədə gerçək şəkildə siyasi və iqtisadi azadlıqlar reallaşmalıdır. Əks təqdirdə, biz bir faciədən digər faciəyə doğru gedəcəyik”.

İsa Qəmbər İlham Əliyevin onu aldatmaları, yalan məlumatlar vermələri barədə fikirlərini belə şərh etdi: “Dövlətin başında dayanan adam aldanmaq istəməsə, heç kim onu aldada bilməz. Bu, mümkün olan şey deyil. Çünki dövlətin prosesə nəzarət etmək və alternativ informasiya almaq kimi o qədər geniş imkanları var ki, dövlətin başında dayanan adam özü istəməsə, onu heç kim aldada bilməz”.

“Hər il büdcədə bu fasaddəyişmə işlərinə 180-220 milyon manat pul ayrılırmış”

Komissiyanın toplantısı barədə öz Facebook səhifəsində AXCP Əli Kərimli yazıb ki, dövlət səviyyəsində baş vermiş cinayətləri ört-basdır etməyə nə qədər çalışsalar da, bir çox dəhşətli həqiqətlər də ortaya çıxır: “Gözlərin daha çox zilləndiyi, sualların daha çox ünvanlandığı fövqəladə hallar naziri Ilham Əliyevin qarşısında açıq şəkildə bildirdi ki, “bu işlərin ekspertizasız və FHN-ə müraciət olunmadan aparılması barədə xəbərdarlıq edilib”. İndi hər kəs özü fikirləşsin ki, FHN-lə hesablaşmadan 263 binada belə təmir – tikinti işlərini kim(lər)ə arxalanıb etmək olar”.

AXCP sədri daha sonra xatırladır: “İctimaiyyət 2013-cü ildə Tibb Universitetinə aid binada, bu ilin aprel ayında Xətai rayonundakı binada tezalışan örtüklərlə üzlənmiş binalarda yangın baş verdiyini xatırlayır. Z. Qaralov etiraf edib ki, ilk belə hadisə 2012-ci ilin dekabr ayında Sumqayıt şəhərində, böyük faciəyə qədərki sonuncu yanğın da bu il aprelin 27-də Buzovna qəsəbəsində baş veribmiş. Beləliklə, 19 may facisəsinə qədər bu tezalışan üzlüklər 4 dəfə yanğına səbəb olub, amma heç kim faciənin qarşısının alınmasına çalışmayıb. Dövlət beləmi idarə olunmalıdır? Məlum olub ki, “Global Construction” şirkəti adından bu riskli, lakin pullu biznes 2010-cu ildən başlanıb. O da məlum oldu ki, hər il büdcədə bu fasaddəyişmə işlərinə 180-220 milyon manat pul ayrılırmış. 5 ildə bu fasaddəyişməyə xərclənən pullar 1milyard manat oldumu? O da ortaya çıxdı ki,1 milyard manat dövlət büdcə vəsaitlərinin xərcləndiyi, insanların həyatı üçün təhlükəli olan bu təmir işlərinin xeylisini nəinki FHN-in razılığını almadan, hətta icra hakimiyyətləri ilə rəsmi müqavilə bağlamadan həyata keçiriblər”.

Əli Kərimli bildirib ki, baş verənlər barədə hər kəs düşünməlidir: “Normal dövlət idarəetməsi, hüquqa hörmət olan yerdə bu miqyaslı hadisələr baş verə bilərmi? Dövlət beləmi olur? Beləmi olmalıdır?”

“Ramiz Mehdiyevin kürəkəni deputat İlham Əliyev “Global Stone” şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi”

Vəkil Aslan İsmayılov toplantıdan aşağıdakı nəticələrə gəlib: “Ən təəccüblüsü odur ki, sən demə, hələ 2014-cü ilin fevralından başlayaraq bu il aprel ayının 10-da baş verən yanğına qədər iki oxşar hadisə – əvvəl Sumqayıtda, sonra isə Buzovna qəsəbəsində baş vermiş və bu baradə Baş Prokuror Zakir Qaralovun xəbəri olub. Çıxışında bunu deyən Baş Prokuror nə üçün bir tədbir görmədiyini isə açıqlamadı. Bundan sonra ilk günlərdən baş vermiş faciədə adı hallanan FH naziri Kəmaləddin Heydərov çıxış etdi və

qanunsuzluq olduğunu bildiklərini və müvafiq strukturları tikintinin qanunsuz aparıldığı barədə dəfələrlə xəbərdar etdiklərini xatırlatdı. Çıxışçıların demək olar ki, hamısı bildirdi ki, başıbəlalı təmir-tikinti işləri heç bir müqavilə olmadan, qanunsuz, yerli icra başçılarının xeyir-duası ilə aparılıb. Çox maraqlı hal alınır. Ölkənin ən nüfuzlu nazirlərindən sayılan FHN-nin başçısı Kəmaləddin Heydərov prezidentin yanındakı iclasda onların suçunun olmadığını, qanunda nəzərdə tutulduğu qaydada dəfələrlə müvafiq xəbərdarlıqlar etdiklərini bildirdi. Deməli, bu işi görənlər onların hər ikisindən güclü şəxs olub. Nə üçün belə yazıram? Çünki hamı kimi mən də bilirəm ki, ölkə qanunlarla deyil, fərdlərlə idarə olunur. Prezidentin çıxışında verdikləri suallardan, iştirakçıların çıxışına reaksiyadan görünürdü ki, hadisənin artıq hakimiyyət üçün təhlükə yaratdığı ona bəllidir və bu hadisədə bütün günahkarların aşkar edilməsində, cəzalandırılmasında israrlıdır. Prezidentdən sonra isə Azərbaycanda ikinci şəxsin Ramiz Mehdiyev olduğu heç kimdə şübhə doğurmur. Ramiz Mehdiyev iclasda iştirak etmirdi. Bu, ola bilsin onun sağlamlığı ilə bağlıdır. Hərçənd ki, akademikin bu günlərdə iş başında olduğunu TV-lər nümayiş etdirmişdilər. Bundan əlavə, “Haqqın.az” saytının Ramiz Mehdiyevin kürəkəni, Milli Məclisin deputatı İlham Əliyevə verdiyi sualda o, dünən rəhbəri həbs olunmuş “Global Stone” şirkətinə bilavasitə aidiyyatı olduğunu etiraf etmişdi. Hərçənd ki, bir neçə dəqiqə bundan əvvəl həmin məlumat saytdan çıxarıldı. Bundan başqa, bu günə qədər səsini eşitmədiyimiz deputat İlham Əliyev bu gün çıxış etdi və baş vermiş hadisəni dolayısı ilə təxribat adlandırdı. Nəzərə alsaq ki, metallurgiya sahəsi Ramiz Mehdiyevin oğlunun dostu olan Rasim Məmmədovun inhisarındadır, bu təmirlərdə dəyəri heç də üzlük materiallarından az olmayan metal məmulatlardan istifadə edilmişdir, məntiqi sonuc öz yerini tutur”.

“Son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir”

“Prezident çıxışında bir neçə dəfə vəzifəli şəxslərin qohumlarının öz imkanlarından sui istifadə etmələrini xüsusilə vurğuladığını, rayon icra hakimiyyəti başçılarının faktiki olaraq Ramiz Mehdiyevdən başqa heç kimlə hesablaşmamalarını, Kəmaləddin Heydərovun, Zakir Qaralovun prezidentin yanında gücsüzlüklərini etiraf etməsi Ramiz Mehdiyevin kürəkəni, deputat İlham Əliyevin bu təmirlərlə birbaşa bağlılığını göstərir. Əgər bu cür olmasaydı, insanların evlərinin içindəki təmirlərə də burnunu soxan müvafiq strukturlar hamının gözü qarşısında yüz milyonların yeyildiyi qanunsuz tikililərə heç vaxt göz yummazdılar. Mən hələ aparılan işlərin təhlükəliliyini demirəm. Başqa məsələ isə məsuliyyətli şəxslər də azdan-çoxdan bu yem yerindən öz paylarını alıblar. Zənn edirəm ki, bu faciəyəyə səbəb olmuş təmir-tikinti işlərinin arxasında kimlərin durduğu Dövlət Komissiyasının iclasında iştirak edənlərə məndən də yaxşı bəllidir. Sadəcə, son dövrlər regionda Rusiyanın güclənməsi həmin şəxsləri konkret adları çəkməkdən çəkindirir”,-deyə Aslan İsmayılov fikrini bitirib.

Ana səhifəXəbərlər”Ölkə qanunlarla deyil, fərdlərlə idarə olunur”