“İstehsalın azalıb, idxalın artması hökumətin bu istiqamətdə düzgün qurulmamış siyasətinin nəticəsidir”
2015-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana xaricdən 42,8 milyon ABŞ dolları məbləğində meyvə-tərəvəz idxal olunub. Dövlət Gömrük Komitəsi deyir ki, bu, ötən illə müqayisədə 2,4 dəfə çoxdur.
Ekspertlər bu günə qədər aqrar sahəyə ayrılan dövlət vəsaitləri və subsidiyaların qarşılığında ölkənin idxaldan asılı vəziyyətə düşməsini normal hesab etmirlər.
Budjet.az saytının məlumatına görə, 2012-ci ildə dövlət büdcəsindən kənd təsərrüfatı sahəsinə toplam 410 557 614 (410 milyon 557 min 614), 2013-cü ildə isə təkcə dövlət büdcəsindən 3 710 320 (3 milyon 710 min 320), 2014-cü ilin büdcəsindən 3 770 794 (3 milyon 770 min 794), 2015-ci ilin büdcəsindən isə 4 911 289 (4 milyon 911 min 289) manat vəsait ayrılıb.
“Azərbaycana əksər ərzaqlar, o cümlədən süd və süd məhsulları xaricdən gəlir”
İqtisadçı Rövşən Ağayev deyir ki, hökumət ərzaq təhlükəsizliyi sahəsinə həssas yanaşdığından problemin ciddiliyini etiraf etmir. Mümkün qədər idxaldan asılı olmadığımızı göstərməyə çalışır. Çünki hökumət bu günə qədər kənd təsərrüfatının inkişafına böyük pullar xərcləyib. İndi də sübut etməyə çalışır ki, xərclənən pullar effektivdir:
“Halbuki sadə vətəndaşlar belə bilir ki, Azərbaycana əksər ərzaqlar, o cümlədən süd və süd məhsulları xaricdən gəlir. Bu, mağazalarda açıq-aşkar görünür”.
Buğda idxalında da artım var. Son 9 ayda ölkəyə 224,8 milyon dollarlıq buğda gətirilib. Bu da 2014-cü ilin yanvar-sentyabr aylarına görə 1,3 dəfə çoxdur.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmovun fikrincə, göstəricilərə baxanda bilmək olur ki, əhali normaya uyğun qida məhsulları ilə təmin edilməyib: “Götürək ət məhsulunu, il ərzində adambaşına 80 kiloqram ət istehlak olunmalı halda, 35 kiloqram istehlak olunur. Kartof, meyvə-tərəvəz də onun kimi”.
Vahid Məhərrəmov: “İndiyə qədər göstərilən dövlət dəstəyi heç bir hesab aparılmadan, araşdırılmadan edilib”
Ekspert bildirir ki, dövlətin 2007-ci ildən buğda istehsalının hər hektarına 80 manat ayırdığı halda, Statistika Komitəsinin hesabatında görürük ki, həmin ildən buğda idxalı artıb:
“Dövlətin bu sahəyə diqqəti vəziyyəti düzəltmək yerinə daha da pisləşdirdi. İstehsal azaldı, idxal artdı. Düzdür, statistik göstəricilərdə həm də istehsalın artdığını görürük. Ancaq ölkə buğdaya olan ehtiyacını faktiki idxalın hesabına ödəyir. Hansı ölkədə aqrar siyasət bu formada həyata keçirilir? Ayrılan hər bir manat istehsala yönəlməli idi. Təbii, burada idxalda maraqlı olan qüvvələrin də təsiri var. Bu da hesablamaların düzgün aparılmadığının göstəricisidir. Ya ayrılan vəsaitlər nəzərdə tutulan kimi istifadə olunmur, ya da səmərəliliyi aşağı səviyyədədir”.
Vahid Məhərrəmov hesab edir ki, bu gün istehsalın azalıb, idxalın artması hökumətin bu istiqamətdə düzgün qurulmamış siyasətinin nəticəsidir:
“Bunlar öncədən hesablanmalı, prioritet qaydalar müəyyən edilməli idi. Azərbaycanın hansı sahədə yaxşı fəaliyyət əldə edə biləcəyi müəyyənləşdirilməliydi. İndiyə qədər göstərilən dövlət dəstəyi heç bir hesab aparılmadan, araşdırılmadan, kor-koranə edilib”.
İlham Əliyev: “Özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin etməyə çox yaxınıq”
Ekspertlər aqrar sahədə vəziyyətin ürəkaçan olmadığını desələr də, oktyabrın 22-də Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında İlham Əliyev kənd təsərrüfatı istehsalının 6,7 faiz artdığını bildirib:
“Kənd təsərrüfatının inkişafı, artımı həm sosial, həm də iqtisadi sahədir. Biz çalışırıq və çalışacağıq ki, özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz səviyyəsində təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Burada artıq qeyd edildi ki, 30 iri fermer təsərrüfatı yaradılıb, 40 min hektar yeni torpaq sahəsi dövriyyəyə buraxılıb. Taxılçılıq üzrə iri fermer təsərrüfatlarında hər hektardan 50-60 sentner məhsul götürülür. Bu, yüksək, rekord göstəricidir. Ona görə ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcək. İndi yeni əkin sahələri dövriyyəyə buraxılacaq”.
Ümid qalır yeni tədbirlərin görülməsinə. Yeni əkin sahələrinin dövriyyəyə buraxılmasının aqrar sənayedə hansı dəyişikliklərə səbəb olacağını isə indidən müəyyənləşdirmək mümkünsüzdür.