Xülasə, nə olur-olsun, yenə də ən böyük hadisə budur ki, Nardaranda bayrağımız asılıb ay ellər, gözünüz aydın! Urusnan osmannının davası “heşzad” oldu bunun yanında, millət. Canım sizə desin, tualetdən də “molotov katleti” çıxdı, beş də artıq, koroçe polnı kamplekt. Hələ bu nədi, ortaya bir Naqif də çıxıb, gəvəzələmişdi. Çoxları paraleli 37-ci illə aparırdı, amma valla qınamayın, mənim də yadıma Pelevinin “Fransız fikrinin makedon tənqidi” («Македонская критика французской мысли») romanının baş qəhrəmanı Nasıx Nafiqov düşdü.
Romanın lap qısa xülasəsi bundan ibarətdir: oradakı baş qəhrəman olan tatar neft oliqarxının oğlu Nafiqov, qərb sivilizasiyasının vurğunu kimi Parisdə yaşayır, orada fransız fəlsəfəsini öyrənir, xüsusən fransız filosofu Jean Baudrillard tərəfindən yazılmış “Simvolik mübadilə və ölüm” (L’échange symbolique et la mort, 1976) əsərini oxuyandan sonra qərbin tam məhv olacağını gözünün qarşısına gətirib, lərzəyə gəlir. Rusiyalı oliqarxın oğlu olsa da, anlayır ki, bu məhvin başlıca səbəbi yalnız Rusiya və oradan gələn bəd enerji ilə hasil edilmiş neftdir. Axırda da bu qardaş Avropanı rusların bədliyindən xilas etmək üçün gəvəzələyə-gəvəzələyə özünə “lezva vurur”, bu xilasa nail olmaq yolunda hər şeyi edir, hətta sonda özünü də qurban verir.
İndi də bizim bu Naqif qardaşımız haranın fəlsəfəsini oxuyub bilmirəm, amma çox hiyləgər və ağıllı adamdı, bu kimdisə, bunda “taynıy” bir Rəsulzadə sevgisi varmış. Qardaş özünü ələ vermədən, elə özünə lezva vura-vura axırda elə elədi ki, aylar- illərdir Rəsulzadənin heykəlinin üçtünə taxılmış çuval götürüldü. Demək, illərlə min ağıllının, mübarizin, nə bilim, yaxşı adamın yığışıb edə bilmədiyini bir Naqif qardaş iki dəqiqənin içində həll elədi. Deyirlər, məntiqi paradoks bir ziddiyyətdir, özbək qardaşlarımız da belə izah edir ki, “koʻpchilik tomonidan kabul etilgan anʼanaviy fikr”. Canım, paradoks budur e, şəkililər demiş habı ağzuun içində. Nəsə, uca xalqım, sevgili millət, kef eləyin.
İndi bütün bu baş verən hadisələrə baxıb, heç inanmaq olmur ki, cəmi-cümü 6 ay əvvəl “Avropa oyunları”nın açılışına baxıb, orqazm olan cəmiyyət bizimki imiş. O zaman “tilfisorda” açılışı seyr edəndə Nizaminin canlandırılmış personajlarını, uçan xalçanı, onun üstündə fil-filo edən Alimi, Avropanı oğurlayan buğanı görüb, az qalmışdıq sarımızı udaq. Amanın günüydü, birdən çaşıb kiməsə “8 milyard-zat” kəlməsini deyəydin, adama neynərdilər-neynəməzdilər, daha burda yazammıram, yeri döyül. Məşhur lətifədə deyildiyi kimi: “Ay yoldaş prokuror, nə cinsi-əlaqə…”
Zarafat-zad bir tərəfə, hələ o vaxtdan, bu olimpiada-zad məsələsi ortaya gələndə, şəxsən mən lərzəyə gəlmişdim. Olimpiadalar düz 1936-cı ildən bu tərəfə bir növ lənətlidir, kim edirsə, xüsusən avtoritar rejimlər, başına bir yaradan bilir, nələr gəlir. Lütfən, bəzi istisnaları da misal göstərməyin, bizdə olan bəxt elədir ki, vallah milyonda bircə faizi də olsa da, gəlib bizi tutasıdı o söhbət. Bax, 1936-cı ilin Berlin olimpiadası, sonra canım sizə desin, 1972-ci ilin Münhen olimpiadası, sonra elə sovetin keçirdiyi məşhur 1980 Moskva olimpiadası və Yuqoslaviyadakı, Saraevo 1984-cü il qış olimpiadası – onlardan sonra nələr oldu bu ölkələrlə, xatırlayırsınızmı?
Lap sonunculardan 2008-də Pekin olimpiadası (düzdü o Gürcüstanın başında çatladı, amma o 5 günlik müharibə Çinin də belin qırdı, bu rejimin illərlə hazırladığı bütün özünüreklam kampaniyasını məhv elədi, qoydu tərsinə) və elə keçən ilin Soçi olimpiadası – sonuncu hələ əməlli-başılı bitib-qurtarmamışdı ki, nələr oldu, daha onu hamı bilir. Daha bilmirəm, bu metafizikadı, taledi-nədi, olimpiada-zad söhbətini eşidən avtoritar rejimlər gərək cındır görən cin kimi hürksün, daha olan-qalanını da onlara xərcləməsin, neftin bu aşağı düşən zamanı.
Yəni neujenni “bizimkilər” kimi ağıllı, hiyləgər, adamlar bunu bilməyəcək qədər sadəlövh imiş?
İndi bu “urusnan osmannının” davası hardan çıxdı, bilmirəm, amma bilirəm ki, bizimkilər indi gərək elə “balans” eləsinlər ki, tay o balansdan bəla çıxmasın. Eliyəllər vallah, bunlar onu da eliyər, bəlkəm o tərəfə də keçər. Görək.
P.S. Bu metafizikanı-taleni-zadı da qoyaq kənara. Lap elə 2004-cü ildə Yunanıstandakı olimpiada da bir ibrət dərsi idi, yəni adamlar “doşab almışdılar, bal çıxmışdı”. O olimpia bitəndən dərhal sonra kasıbdan kasıb dövlətin müstəsna paralarla tikilmiş bütün obyektləri viran halına gəldi. Yəni, bunu görmək üçün əsla dahi olmaq gərək deyildi.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…