“Ola bilsin ki, bu axtarışın mahiyyətində elə bir ciddi şey yoxdur, amma bunun “səs-küyü” çox olacaq”

Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Azadlıq Radiosunda axtarışı pislədilər

Source:


Vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Azadlıq Radiosunda axtarışı pislədilər

Ölkənin vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri Azadlıq Radiosunun Bakı ofisində prokurorluq orqanlarının apardığı axtarışla bağlı “Turan İA”-a şərhlər veriblər.

Bütün şərhləri birləşdirən yeganə meyar axtarışın aparılmasına olan mənfi münasibətdir. Bundan əlavə, axtarışın belə kobud şəkildə aparılmasının ABŞ-Azərbaycan münasibətlərinə mənfi təsiri də şərhlərdə yer alıb.

Tanınmış jurnalist Şahvələd Çobanoğlu bu axtarışı ölkədə çoxdan başlanmış azad mətbuatın və alternativ informasiya qaynaqlarının sıaradan çıxarılması dalğasının növbəti addımı kimi dəyərləndirib. Ç.Çobanoğlu müstəqil hüquq müdafiəçilərinin, müstəqil QHT-lərin, müstəqil vəkillərin sıradan çıxarıldığını xatırladaraq, artıq növbənin radionun bağlanmasına çatdığını vurğulayıb. “Bu, rəsmi Bakının müstəqil düşüncəli insanları, alternativ informasiya mənbələrini bütünlüklə yox etmək cəhdidir”, deyə Ş.Çobanoğlu baş verənlərə münasibət ifadə edib.

Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu axtarışı jurnalist Xədicə İsmayılın həbsindən doğan məsələ kimi dəyərləndirib. Radionun xarici ölkə qurumu olmasını xatırladan ADP rəhbəri axtarışın qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacibliyinə diqqət çəkib. Radionun ABŞ konqresi tərəfindən maliyyələşdirilməsinə diqqət çəkən S.Cəlaloğlu bu məsələnin iki dövlət arasında münasibətləri korlaya biləcəyi xəbərdarlığı edib.

Fəaliyyəti dayandırılan “Ayna-Zerkalo” qəzetinin redaktoru Elçin Şıxlı bu axtarışı vaxtilə qəzetin əməkdaşı Rauf Mirqədirovun həbsindən sonra ofislərində aparılan axtarışla müqayisə edib. E.Şıxlı radionun ABŞ konqresi tərəfindən maliyyələşdirilməsini xatırladaraq, bu haqda radionun baş ofisini xəbərdar etməklə sivil qaydada axtarış aparmaq gərəkdiyini vurğulayıb. “Ola bilsin ki, bu axtarışın mahiyyətində elə bir ciddi şey yoxdur, amma bunun “səs-küyü” çox olacaq”, deyə E.Şıxlı bu axtarışın ABŞ-Azərbaycan arasında qalmaqala səbəb olacağına işarə edib.

Politoloq Zərdüşt Əlizadəyə görə, bu axtarış rəsmi Bakının fərqli düşünənləri, fərqli xəbər mənbələrini sıradan çıxarmaq siyasətinə bağlıdır. “Bunlar öz düşüncələrini, öz xəbər qaynaqlarını xalqa sırımaqla xalqı öz istədikləri virtual “ədalətli” məkanlarına aparmaq istəyirlər”, deyə Z.Əlizadə münasibət ifadə edib.

Z.Əlizadə vaxtilə indiki iqtidar müxalifətdə olanda onları müdafiə edən azsaylı informasiya qurumlarından birinin Azadlıq Radiosu olduğunu və mərhum dövlət başçısı Heydər Əliyevin radionun fəaliyyətinə yüksək qiymət verdiyini xatırladıb. “Elə həmin radiodur və həmin prinsiplərlə fəaliyyət göstərir, o zaman yaxşı idi, indi pis?”, deyə Z.Əlizadə rəsmi Bakıya yaxın keçmişini xatırladıb.

Hüquq müdafiəçisi Arzu Abdulla birmənalı olaraq bu axtarışı pisləyib. Ölkədə durumun müsbətə doğru dəyişməsini gözlərkən daha da mürəkkəbləşdiyini nəzərə çatdırıb. Onun fikrincə, bu axtarış artıq rəsmi Bakının Vaşinqtonla münasibətləri birbaşa pisləşdirmək yolu tutmasıdır. A.Abdullaya görə, hansısa qüvvələr sanki ölkəni ABŞ-la qarşıdurmaya sürükləyirlər. “Azərbaycanın ABŞ-la belə qarşıdurmaya getməsi bizi qorxudur, beynəlxalq aləmdə çəkingən duruma salır”, – deyə hüquq müdafiəçisi prosesə münasibət bildirib.

Ana səhifəXəbərlər“Ola bilsin ki, bu axtarışın mahiyyətində elə bir ciddi şey yoxdur, amma bunun “səs-küyü” çox olacaq”