Ola bilər

Əslində bizim xalqı qınayanlar insafsızdırlar

Source: Meydan.tv


Əslində bizim xalqı qınayanlar insafsızdırlar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları artıq 18 ildir rəhbərlik etdiyi dövlətin təməl qayələrindən sanki xəbərsiz olduğunu sərgiləyərək Şəmkir və Cəlilabad rayonlarına təyin etdiyi yeni icra hakimiyyəti başçılarını qəbul edərkən əhalimizin mütləq əksəriyyətinə ritorik görünmüş bir sual səsləndirmişdir: “Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?”

Bu sual mücərrəd fəlsəfi və ya məişət səviyyəli ötəri sual deyil. Bu sual, cəmiyyətimizin bu günə kimi yaşadığı və şübhəsiz ki, bundan sonra da, Allah izn versə, yaşayacağı həyat tərzimizin mayasını müəyyənləşdirəcək təməl sualdır.

Bu suala cavabdan çox şey asılıdır.

Əgər cavab müsbətdirsə, deməli, həm yeni, həm köhnə icra başçıları üstəgəl nazirlərin mütləq əksəriyyəti (həqir bəndəniz siyasi həyatımızda işıqucu saxlamaq niyyətilə “hamısı” demir) İlham müəllimin və onun sadiq komandasının vətəndaşlarımızın belinə şələlədiyi palanı möhkəmlədəcək və “xalq malını yeməyən əfəldir” şüarı ilə palana minib dövlət büdcəsini və vətəndaşların cibini soyacaq.

Yox, əgər cavab mənfidirsə, deməli, bu yaxınlarda İlham müəllim öz zaylığını danılmaz tərzdə sübut etmiş “prezidentin yerlərdəki səlahiyyətli nümayəndələri – icra hakimiyyəti başçıları” adlanan icra qurumunu yerli-dibli ləğv edəcək və əvəzində əhali tərəfindən seçiləcək və əhali qarşısında hesabat verəcək yeni seçkili bir qurum təsis edəcək.

Bunu yazdım və həmin andaca eşitdim ki, “bu kişi yenə xərifləyib. Hansı əhali? Hansı seçki? Ə, bu əhali sabah gedib elə bir qulduru, elə bir heyvərəni seçəcək ki, camaat indiki rüşvətxor və oğru məmurların dədələrinə rəhmət oxuyacaq”.

Belə deyən insanlar haqlıdırlar, zira bizim əhali indiyə kimi danılmaz tərzdə sübut edib ki, “Ölünü başına qoysan, kəfəni yırtıb qaçar”, yəni seçim əhaliyə etibar ediləndə “Hamı gedib quş gətirdi, Şahqulu bayquş gətirdi” məsəlləri yüz faiz səhihdir. Uzağa niyə gedirik… Lənətu-l-lahi alə-ş- şeytani-r-racim, düşüncə tərzim məni yenə köhnə əyyama apardı. Axı demişdim ki, “keçənə güzəşt” deyərlər.

Əslində bizim xalqı qınayanlar insafsızdırlar. Niyə tək bizim xalqı qınayırlar? Bəs o boyda fransız xalqı gedib Sarkozini, yaxud Hollandı, və ya Makronu seçəndə olur “savadlı və demokratik”, bizim xalq “N” bəyi seçəndə olur nadan və səriştəsiz? Sarkozinin nəyi, Hollandın harası və Makronun niyəsi bizim məşhuri-cahan “N” bəydən üstündür?


Yaxud əskikdir?

İstəmirsiniz fransızlarla müqayisəni, götürək lap elə amerikanları, bizim Tramp bəyi və Bayden cənablarını… Hı-ı!

Yaxud qonşularımızı… Yaxşı, yaxşı, daha ucundan tutub ucuzluğa getməyəcəyəm, gəlin razılaşaq ki, tək Skandinaviya ölkələrini və İsveçrəni çıxmaq şərtilə bizim xalq dünyada heç kəsdən nə artıqdır, nə də əskik.

Yaşasın millətlərin zəkaları arasındakı musavat!

Qayıdıram yerli seçkilərə. Əgər yalnız seçki sahəsində qara camaata hürriyyət verilirsə, elə əzəl başdan deyim ki, heç verməsələr daha yaxşıdır. Elə qalaq indiki çirkabın içində. Çünki bu camaat ki, mənim tanıdığım camaatdır, gedib həqiqətən ən zırrama və ən nanəcib bir kəsi seçəcək, nə var, nə var, bu nanəcib camaata pul paylayıb, ya da heç paylamayıb, söz verib ki, seçilsə, paylayacaq.

Camaata azad və sərbəst seçmək hüququ verməzdən əvvəl onu bu azadlığa hazırlamaq lazımdır. Yəni bu azadlığın səmərəsini və hüdudlarını qoruya biləcək təsisat və qaydalar yaranmalıdır. Bu təsisatların adı “vətəndaş cəmiyyəti özəkləri”dir, qaydaların adı isə “demokratik oyun qaydalarının işləmə mexanizmləri və vərdişləri”dir. Bu ilkin iki şərt ödənilməsə, demokratik seçki mümkün deyil, əgər onlar yoxdursa, demokratiyanı aparıb indidən zibilliyə atmaq daha sərfəlidir.

Bəli, elə ki, vətəndaş cəmiyyəti özəkləri asudə fəaliyyət göstərmək imkanı qazanır, cəmiyyətdəki bir növ adamlar var ki, onlara indi xalqımız sevərək və iftixarla “demaqoq” deyir, yığışır bu özəklərə, daha doğrusu, elə özləri xeyli sayda belə özək təşkil edir.

Bu özəkmi, dərnəkmi deyək, dəqiq bilinmir, nə ilə məşğul olur? Demaqoqluqla.


Nədir bu?

Məsələn, Rövnəq müəllim əziz qohum-əqrəbası ilə girişib xalqımızın neft sərvətini talan edir. Ölkədə alçaqlıq və vicdansızlıq təzahürlərinin qatı düşməni olan İlham müəllimin atalıq qayğısı nəticəsində demək olar ki, tam məhv edilmiş vətəndaş cəmiyyəti dərnəkləri, əgər sağ olsaydılar, əsl demaqoq kimi haray-həşir qoparıb Rövnəq müəllimin intəhasız və həyasız iştahının millətimizə vurduğu maddi və mənəvi ziyanı son qəpiyinə kimi açıqlayıb, hələ onu məhkəməyə də verəcəkdilər. Lakin millətini sevən İlham müəllim bu vətəndaş cəmiyyətini məhv edərək korrupsiyaya qarşı mübarizəni ona əziz və yaxın əhli-hal məmurlara tapşırdığından, həmin bu məmurlar görkəmli dövlət xadimi Rövnəq müəllimin incə və kövrək xətrinə dəyib onun qulağından yapışmır və demir ki, “ay kişi, hara basırsan bu milyonları? Bu, xalq malıdır, ehsan deyil!”

Yaxud, Gömrük Komitəsinin sədri cənab Mehdiyev Səfərin ölkəmizdə azad bazar iqtisadiyyatı adlı bədnam və təhlükəli bir təzahürə qarşı apardığı ağır, lakin şərəfli bir mübarizə tarixçəsini götürək. Səfər müəllim Dövlət Gömrük Komitəsində ətrafına topladığı qohum-əqrəbası ilə bu bazar iqtisadiyyatının köklərini qazıb kötüklərini çıxarmaqda o qədər mahirləşib ki, iqtisadi özfəaliyyətlə məşğul olub ailələrini dolandırmaq istəyən vətəndaşların yalnız inilti və xırıltısı eşidilir. Əgər vətəndaş cəmiyyəti özəklərini İlham müəllim quylamasıydı, indi böyük bir demaqoq ordusu həm möhtərəm Səfər müəllimin özünün, həm də onun çoxsaylı qohumlarının hər birinin xalqdan və vətəndaşlardan çırpişdırdıqları hər qəpiyin, hər manatın, hər milyon manatın haqq-hesabını tələb edib xalq malını bu dövlət qulluqçularından çığırda-çığırda geri alacaqdı. Hələ üstəlik elə bir gömrük qaydası təsis edəcəkdi ki, hətta Amerika və Avropa gəlib bizim qabaqcıl təcrübəmizi öyrənəcəkdi.

Xoşbəxtlikdən, Azərbaycanda yoxdur vətəndaş cəmiyyəti. İlham müəllim öz şanlı komandası ilə birlikdə bu xalq istək və tələblərini ifadə edə biləcək qurumları məhv edib. Niyə? Demaqoqlar Rövnəq və Səfər müəllimlərin fədakar fəaliyyətinə mane olmasınlar.

İndi isə sual verir ki, “Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?”

Ola bilər! Sizin sayeyi-mərhəmətinizdən, bundan on qat artığı da ola bilər!

Hər yerdə, hətta insanın ağlına belə gəlməyən yerlərdə, məsələn, Xarici İşlər Nazirliyində, Mədəniyyət Nazirliyində… Təbii ki, iqtisadiyyat, rabitə, aviasiya, dəmir yolu, avtonəqliyyat, polis, sərhəd, təhlükəsizlik, ordu, xülaseyi-kəlam, Ali Baş Komandanın rəhbərlik etdiyi bütün dövlət cihazında, başdan ayağa, istisnasız…

Bəli, ola bilər!!!

Ana səhifəXəbərlərOla bilər