Oqtay Gülalıyev

Mənbə: Foto: arxiv

Başlıq: Oqtay Gülalıyev

Oktay Gülalıyevin vəkilinin vəsatətinə cavab verilmir

Fuad Ağayev Baş prokurora məktub göndərib

Hüquq müdafiəçisi Oktay Gülalıyevin avtomobillə vurulmasıyla əlaqədar istintaqda onun qardaşıyla yanaşı, vəkil Fuad Ağayev də zərərçəkmişin nümayəndəsi qismində tanınıb. F.Ağayev hələ ötən ilin dekabrında istintaqa videogörüntülər və başqa materialların alınması üçün vəsatət təqdim edib. Vəkilin Meydan TV-yə bildirdiyinə görə, üstündən 6 aydan çox vaxt keçib, amma indiyə qədər vəsatətinə cavab verilməyib.

O.Gülalıyevin vurulmasıyla əlaqədar Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma - zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

“Hələ ötən ilin noyabrında mən və Oqtayın hüquqlarını təmsil edən daha iki nəfər Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində bir sıra zəruri materiallarla, o cümlədən videoyazılarla tanış olduq. Elə o zaman müstəntiqin nəzərinə çatdırdıq ki, ibtidai araşdırmanın hərtərəfliliyi, obyektivliyi və qərəzsizliyinin təmin edilməsi, iş üzrə bütün mümkün fərziyyələrin tam yoxlanılması üçün bir sıra sübutların iş materiallarına əlavə edilməsi, tədqiqi zəruridir. Bu barədə dekabrın 17-də əsaslandırılmış vəsatət verdim. Həmin vəsatətin təmin edilib-edilmədiyi haqda uzun müddət mənə heç bir məlumat verilmədi. Bu ilin martında Nəsimi rayon prokurorunun adına bununla əlaqədar şikayət göndərdim. Ondan da iki aydan artıq vaxt keçib, indiyə kimi mən heç bir cavab almamışam”, - deyə F.Ağayev bildirib.

Fuad Ağayev

Fuad Ağayev

Mənbə: Meydan TV

Vəkil bu məsələ ilə əlaqədar indi də Baş prokuror Kamran Əliyevə məktub göndərib. Ümid edir ki, koronavuris pandemiyasıyla əlaqədar məhdudiyyətlərin əksəriyyətinin aradan qalxdığına görə imkan tapıb, onun da vəsatətinə cavab yazacaqlar.

O.Gülalıyevin aylardır ki, Türkiyədə xəstəxanada komadadır. Onun bu duruma düşməsinə səbəb olan yol-nəqliyyat hadisəsi ötən il oktyabrın 29-da axşam saat 18.00 radələrində partaxtın 28 May və Puşkin küçələrinin kəsişməsində baş verib. Piyada O.Gülalıyev yaşıl işıqda yolu keçərkən “Hyundai” markalı, “90-PZ-543” dövlət nömrə nişanlı avtomobil onu vurub. Amma avtomobilin sürücüsü Kənan Abdullayev dərhal onu Kliniki Tibbi Mərkəzə çatdırıb.

Hüquq müdafiəçisinin fəaliyyəti, onun hökumətin ünvanına tənqidlərinə görə qəsdən vurulması barədə ehtimallar irəli sürülsə də, sürücü K.Abdullayev bu haqda deyilənləri təkzib edib. O bildirib ki. O.Gülalıyevi əvvəldən tanımayıb. Taksi sürücüsü kimi fəaliyyət göstərən K.Abdullayevin sözlərinə görə, hadisə özünün diqqətsizliyi nəticəsində baş verib.

Ona qarşı Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti qaydalarını pozma - zərərçəkmişin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/wzfowk

Ən çox baxılan