Oksigen balonuna bağlı yaşayan keçmiş əsgər

“Həmin şəxs pulunu son qəpiyinəcən ala bilər”

Source: Foto: Meydan.tv


Elxan Mehdiyev: ''Hərbidəki şəraitsizlikdən ciyərim sıradan çıxıb, hava balonuna bağlı yaşayıram''

“Əsgərlikdəki şəraitsizlikdən, quru yerdə yatmaqdan vərəm oldum. Ciyərimin biri tamamilə sıradan çıxdı. Dövlət müalicə etdirmədi, laqeyd yanaşdı. Nəticədə bu gün 90 kiloluq ağırlığı olan oksigen balonlarına bağlı yaşayıram. Onlarsız nəfəs almağım mümkün deyil. Hara müraciət edirəm, kömək edən olmur”.

Tərtərin Təzəkənd kəndinin sakini, 33 yaşlı Elxan Mehdiyev belə deyir. 1995-ci ildə atasını Qarabağ döyüşündə itirən Elxan özü də sağlamlığını hərbidə qoyub. 2004-cü ildə həqiqi hərbi xidmətə çağırılıb. Əsgərliyinin bir ili bitənə yaxın vərəm xəstəliyinə tutulub. Ondan sonra bir müddət hərbi hospitalda müalicə alıb. Sağalmadığını görəndə, təxris edib, evinə yollayıblar. Bundan sonra isə onunla maraqlanan olmayıb. Deyir, həmin vaxtdan bu yana müraciət etmədiyi qurum qalmayıb. Müdafiə Nazirliyi, Prezident Administrasiyası, Tərtər Rayon İcra Hakimiyyəti və s. heç yerdən müsbət cavab ala bilməyib.


“Mənə dövlət kömək etməli, dəstək olmalıdır”

Əsgərliyini Füzuli rayonunda çəkən Elxan Mehdiyev deyir ki, xəstəlik onun sol ciyərini çürüdüb. Hamısı da hərbidəki şəraitsizliyin nəticəsidir:

“Soyuqda, şəraitsizlikdə, sızaqda xidmət etməkdən xəstə düşdüm. Mən sağlamlığımı hərbidə itirmişəm. Bu gün nəfəs ala bilməyəcək vəziyyətdəyəm. Aparatdan asılı qalmışam. Mənə dövlət kömək etməli, dəstək olmalıdır. Ancaq heç veclərinə də deyiləm”.

image00002.jpeg
oksigen balonların


“Aldığımız təqaüdlərin yarısından çoxunu kreditə veririk”

E.Mehdiyev təxris olunandan sonra dövlətdən kömək görməyincə, Türkiyəyə getməli olub. Deyir, oradakı müalicəsi onu xeyli yaxşılaşdırıb. Ancaq əməliyyata pulları çatmayıb deyə geri dönməli olublar. Elxana Türkiyədə ciyər nəqlini məsləhət görüblər. Ancaq onların bu əməliyyatı qarşılayacaq imkanları yoxdur.

Elxan Mehdiyevin anası Minarə xanım ailənin yeganə gəlirinin oğlunun aldığı pensiya və həyat yoldaşına görə aldığı prezident təqaüdü olduğunu söyləyir. Onları da üst-üstə qoyanda heç 300 manat etmədiyini deyir:

“Oğlum Türkiyədə müalicə alanda pula ehtiyac yarandı. Çox pul gedirdi. Məcbur olub bankdan kredit götürdük. İndi aldığımız təqaüdlərin yarısından çoxunu həmin kreditə veririk. Bir tərəfdən də xəstənin günlük xərcləri, dərmanları var. Oksigen balonu 8 saatdanbir boşalır, 12 manat verib, doldururuq. Bunların hamısı hesabdır, çatdıra bilmirik”.

image00010.jpeg
Minarə Mehdiyeva


“Zülmlə, zillətlə uşaq böyütdüm, axırı belə…”

Minarə Mehdiyeva həyat yoldaşını 29 yaşında itirib. İki övladını çox çətinliklə böyütdüyünü deyir. Təkbaşına kiçik bir daxma tikib, uşaqlarını həmin palçıqdan tikdiyi daxmada böyüdüb. Ancaq indi həmin evin də qəzalı olduğunu söyləyir. Qaldıqları evə gəlincə, kənddən tanıdıqları birinə aiddir. Evi satır, deyib, satılanacan içində yaşayın:

“Bu ev satılanacan içində qalacağıq. Satılanda yenə köhnə evimizə getmək məcburiyyətindəyik. Onun da heç bir şəraiti yoxdur. Necə olacaq, bilmirəm. Başqa bir ev üçün bünövrə tökdürmüşük, ancaq tikməyə imkanımız yoxdur. Qızım da ailəsindən ayrılıb, bizimlə qalır. Onun da iki uşağı var. Yazıq qız onlara baxa bilmək üçün səhərdən axşamacan fəhləlik edir, kök qazır, soğan dəstələyir. Hələ bizə də əl atır”.


“Evimiz kəndin o başında kiçik, qəzalı bir daxmadır”

E.Mehdiyev deyir ki, artıq utanır. Anası ilə bacısı onun oksigen balonlarını güclə daşıyırlar. O, evin tək oğludur. Deyir, işləyib, anasına, bacısına baxmaq əvəzinə, onlar bunun üçün əziyyət çəkirlər:

image00006.jpeg
ev

“Bir də oğlum var, məktəblidir. Məktəbə güclə göndəririk. Çətindir, inanın, çatdıra bilmirəm. Ata yox, qardaş yox, bircə anam, bacım var. Onları da canlarından bezdirmişəm. Dəfələrlə kömək üçün aidiyyatı orqanlara müraciət etmişəm. Bir köməklərini görməmişəm. Halbuki mən atamın evində xəstələnməmişəm, hərbidə, şəraitsizlikdən belə hala düşmüşəm. Bu aparatları da imkanlı şəxslər alıb verib. Yoxsa mən çoxdan ölmüşdüm. Heç bir kömək yoxdur. Heç yaşadığım ev də özümün deyil. Özümüzün evimiz kəndin o başında kiçik, qəzalı bir daxmadır”.


“Dövlət zəlil qoyub və boynuna götürmür”

E.Mehdiyev deyir ki, çoxdan həyatından bezib. Oğluna, anasına görə güclə dözür. Ancaq bu yaxınlarda dözməyib, canına qəst etmək istəyib, dayısı qarşısını alıb:

“Özümü yandırmaq istəyirdim. Dayın mənə mane oldu. Bundan sonra rayon rəhbərliyi məni Bakıya, Ağciyər Xəstəlikləri İnstitutuna göndərdi. Olmayan ciyərin nəyini müalicə etməli idilər ki? Həkim dedi ki, bizim xəstəxanada oksigen yoxdur, sən isə oksigenlə yaşayırsan. Çıx get, sənə bizim bir köməyimiz dəyməz. Mənə ciyər köçürülməsi əməliyyatı edilməlidir. Onu da burada etmirlər, Türkiyədə var. Mənim isə bu əməliyyatı etdirmək üçün imkanım yoxdur. Dövlət də boynuna götürmür. Zəlil qoyub və boynuna almır”.

image00007.jpeg
zirzəmi


“Aldığı pensiya təkcə dərmanın puluna bəs edir”

Ailə hər ay 120 manat kredit ödəyir. Minarə Mehdiyeva deyir ki, oğlunun əsas bir dərmanı var, onu da ancaq Bərdədən tapıb, ala bilir:

“10 günə bitir. Qiyməti də 45 manatdır. Bunun qarşılığında oğluma ayda 155 manat pensiya verirlər. Bircə dərmanın puluna bəs edir. Bəs bu adamın dolanışığı, ehtiyacları, əməliyyatı necə olsun?”


“İcra Hakimiyyəti əlindən gələn köməyi edib”

Meydan TV məsələyə münasibət öyrənmək üçün Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən Elxan Mehdiyevin durumundan xəbərdar olduqlarını söyləyiblər:

“Bəli, bizə dəfələrlə müraciət edib, ağır xəstədir. Ötən günlərdə biz onu ambulansa qoyub, Bakıya xəstəxanaya göndərdik. Bundan əlavə, oksigen balonlarından istifadə edir, onları doldurduq, ailəyə maddi dəstək olduq. Evləri yoxdur, daha doğrusu, şəraitsizdir. Yenisini tikmələri üçün bir az material da yolladıq. Bu, icra hakimiyyətinin əlindən gələn köməklərdir. Ona əməliyyat lazımdır, bahalı prosesdir. Bizim buna yetəcək büdcəmiz yoxdur. Bunun üçün yuxarılara müraciət etməlidir”.

DSC_0104.JPG
Tərtər Rayon İcra Hakimiyyəti

Bir neçə gün ərzində məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.


“Dövlətdən onu əməliyyat etməsini tələb edə bilər”

Hərbi ekspert Cəsur Sümərinli isə deyir ki, hərbidə sağlamlığını itirən hər bir şəxsin müalicəsini dövlət həyata keçirməlidir. Bunun üçün həmin şəxs indiyə qədər xərclədiyi vəsaitlərin qəbzlərin ilə birgə Müdafiə Nazirliyinə müraciət etməlidir:

“Həmin xərcləri qarşılamasalar, o, məhkəməyə müraciət edə bilər. Ən son da Avropa İnsan Haqları Məhkəməsinədək yolu var. Bununla kompensasiyasını ala bilər”.

C.Sümərinli deyir ki, hərbidə itirilmiş sağlamlığa görə qanunla 3 cür cavabdehlik var:

Cəsur Sümərinli
Cəsur Sümərinli

“Birincisi, icbari sığortalama qanunu, ikincisi, Müdafiə Nazirliyinin vəzifəli şəxslərinin səhlənkarlığı nəticəsində ortaya çıxan problem (xəstəlik), üçüncüsü isə hərbi hissənin tibbi təminatındakı problemlə bağlı yaranmış vəziyyət. Bu vəziyyətlərə görə, həmin hərbçi maliyyə tələb etməlidir və almalıdır. İcbari sığorta qanununda əksini tapan nüxtəlif məbləğlər var. Bu, xəstəliyə, əlilliyə görə dəyişir. Doğrudur, həmin şəxs hərbidə 2004-cü ildə olub. Üstündən xeyli vaxt keçib, ancaq gec deyil. İndi də müraciət edə, bugünədək xərclədiyi vəsaiti geri istəyə və dövlətdən onu əməliyyat etməsini tələb edə bilər”.


“Həmin şəxs pulunu son qəpiyinəcən ala bilər”

C.Sümərinli deyir ki, hər bir halda hərbçi haqlı tərəfdir və məhkəmədə udmaq şansı böyükdür. Ancaq Müdafiə Nazirliyi 90-cı illərdən hərbçilərə olan borclarını (məzuniyyət pulu, ev və s) hələ qaytarıb qurtarmayıb. Ola bilər ki, onun alacağı vəsait də gecikər:

“İndiyədək buna oxşar yüzlərlə məhkəmə prosesi olub. Bu da növbətisi olacaq. Sadəcə ailə əvvəlcə sənədlərlə xərclədikləri vəsaiti Müdafiə Nazirliyinə göndərməlidir. Əgər onlar ödəmədən boyun qaçırsalar, bu zaman məhkəməyə müraciət etməlidirlər. Həmin şəxs pulunu son qəpiyinəcən ala bilər, almalıdır. Bu, onun haqqıdır”.

Ana səhifəBölgəOksigen balonuna bağlı yaşayan keçmiş əsgər