Ohanyandan sonra Balasanyana cinayət işinin açıldığı bildirilir

V.Balasanyan. Foto: “armenpress.am”

O, vəzifə səlahiyyətlərindən sui-istifadədə günahlandırılır

Qondarma Dağlıq Qarabağ Respublikasının Təhlükəsizlik Şurasının keçmiş katibi Vitali Balasanyana qarşı cinayət işi başlanıb.

Bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, cinayət işi V.Balasanyanın vəzifədə olduğu dövrdə qeydə alınan sui-istifadə halları ilə bağlıdır:

“Ola bilər ki, yaxın vaxtlarda bu iş hətta tribunal statusu da alsın”.

“Hazırda daha bir neçə iş üzrə materiallar hazırlanır, onların əsasında yeni cinayət işləri başlana bilər”, – deyə qeyd olunub.

Vitali Balasanyan 1959-cu ildə Əsgəran rayonunda anadan olub.

O, 1990-cı ildə Yerevan kooperativ ticarət texnikumunu, 2011-ci ildə isə Ermənistan Dövlət İqtisadiyyat Universitetini bitirib.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları başlanan 1988-ci ildə V.Balasanyan Əsgərandakı özünümüdafiə hissələrindən birinə rəhbərlik edib.

2 il sonra isə özünümüdafiə qüvvələrinin komandiri seçilib.

V.Balasanyan 1999-cu ilin sentyabrında 2005-ci ilə kimi tanınmamış DQR müdafiə nazirinin müavini olub.

2000-2005-ci illərdə o həm də “Artsax müharibəsi veteranları ittifaqı” ictimai təşkilatının sədri olub.

Bir müddət öncə Ermənistanın keçmiş müdafiə naziri, Birinci Qarabağ müharibəsinin əsas iştirakçılarından sayılan Seyran Ohanyana da cinayət işi açılıb.

Fevralın 8-də isə Ermənistan parlamenti onun deputat toxunulmazlığını ləğv edib.

Ana səhifəSiyasətOhanyandan sonra Balasanyana cinayət işinin açıldığı bildirilir