”Oğurluq faktının artmasına səbəb sosial problemlərdir”

Natiq Cəfərli: ”Sosial gərginlik qaldıqca, məişət zəminində oğurluqların artması ehtimalı yüksəkdir”

Source:


Natiq Cəfərli: ”Sosial gərginlik qaldıqca, məişət zəminində oğurluqların artması ehtimalı yüksəkdir”

Lənkəranda oğurluqla məşğul olmaqda günahlandırılan şəxslər saxlanılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində rayon ərazisində oğurluq etməkdə şübhəli bilinən 3 dəstənin üzvləri saxlanılıb. Onlar ötən ilin oktyabr ayından başlayaraq rayon ərazisində müxtəlif vaxtlarda külli miqdarda oğurluq etməkdə təqsirli bilinirlər.

Polis Şöbəsindən bildirilib ki, oğru dəstələri vətəndaşların evlərindən və ticarət obyektlərindən ən azı 20 min manat dəyərində nağd pul, məişət əşyaları, mobil telefonlar, maşın ehtiyat hissələri, ərzaq məhsulları, geyim malları oğurlayıblar.

Saxlanılanların 4-nün yetkinlik yaşına çatmayan şəxslər olduğu bildirilib.

Oğurluq faktı artıb

2016-cı ildə baş verən cinayətlərin statistikası tam açıqlanmayıb. Daxili İşlər Nazirliyinin yarımillik hesabatına görə, mülkiyyət əleyhinə cinayətlərdən oğurluqlar azı 1140 fakt artıb.

Təkcə, yarımildə 4181 oğurluq faktı qeydə alınıb. 2015-ci ilin analoji dövründə isə bu göstərici 3041 olub.

Oğurluğun artması sosial şəraitlə əlaqəlidir

Rəsmi məlumatı Meydan TV-yə şərh edən hüquqşünas Əyyub Kərim oğurluq və məişət zəminində baş verən cinayətlərin artımını sosial şəraitlə əlaqələndirir:

Əyyub Kərim

“Belə xarakterli cinayətlər sosial şəraitin ağırlığından doğur. İqtisadi-sosial vəziyyət yaxşılaşanda bu cür cinayətlərin sayı da azalır. İşsizlik və gəlirlərin azalması oğurluğa üstünlük verir. Baxın, bu hərəkətləri daha çox yeniyetmələr edir və bu, pis tendensiyadır. Düzdür, bir cinayətin, məsələn, oğurluğun kökünü kəsmək mümkün deyil, o, həmişə olub və olacaq. Amma sosial şəraitin yaxşılaşması, işsizliyin azalması müsbət təsirini istər-istəməz göstərir”.

Nəticə yox, səbəb araşdırılmalıdır

İqtisadçı Natiq Cəfərli isə dünya ölkələrinin təcrübəsinə istinad edərək bildirib ki, sosial-iqtisadi ağırlığın yarandığı dövrlərdə məişət və xırda oğurluqların sayı artır:

“Son iki il sosial-iqtisadi ağırlıqlarla, qiymətlərin artımı, insanların real gəlirlərinin azalması və işsizliyin artımıyla yadda qalıb. Bunlar sosial gərginlik mənbəyi olaraq qalır. Çox təəssüf ki, sovet dövründə də belə idi və həmin illərdə olduğu kimi indi də müvafiq orqanlar nəticə ilə mübarizə aparmağa üstünlük verirlər. Yəni faktların səbəblərinin araşdırılması və bunun üçün hansısa profilaktik tədbirlərin gerçəkləşməsindən daha çox cinayət törədənlərin özlərinə qarşı mübarizə gücləndirilir. Bu isə uğurlu yanaşma deyil”.

Natiq Cəfərli foto Meydan TV

Natiq Cəfərli hesab edir ki, dövlət qurumları analitik mərkəz yaradıb bu istiqamətdə monitorinqlər aparmalıdırlar:

“Suallar qoyulmalıdır: nəyə görə bir ildə məişət zəminində oğurluq hadisələri 30 faizdən çox artıb? Bunun səbəbləri araşdırılmalı və səbəblərə qarşı hərəkətlər edilməlidir. Əgər bunlar edilməzsə və nəticəyə hesablanmış addımlar atılarsa, səbəblərin aradan qaldırılmasına imkan verilməyəcək. Səbəblər, sosial gərginlik qaldıqca, məişət zəminində oğurluqların artması ehtimalı yüksəkdir”.

Ana səhifəXəbərlər”Oğurluq faktının artmasına səbəb sosial problemlərdir”