Heydərnamə
Can baba əmr etmisən, biz də durub getmişik
Əl çalıb hər kəlmənə, arzulara yetmişik
Bir divar artırmısan, ölçüsü 170 il
Tut bu divardan yeri, qurtara bilməz divar,
İstədiyin yar idi, yetirdi pərvərdigar.
Enli çadırlar qurub, xalqı qovuşdurmusan
Çox İsa Qəmbərlərin burnun ovuşdurmusan
Dalda qəfil əyləşib, üzdə yaman durmusan
İndi sənə işləyir yurd özü biixtiyar,
İstədiyin yar idi, yetirdi pərvərdigar
Etibara göz yumub, başqa cür aldatmısan
Çoxlu Rəsullar çıxıb, xaricə yollatmısan
Möhkəm otaqlardan öz şəklini sallatmısan
Heç Qarabağ olmasın, lap da cəhənnəmdi yar
İstədiyin yar idi, yetirdi pərvərdigar.
Mətləbi qammır deyə, Murtuzu qaldırmısan
Görcək əlillər çaşır, zindana saldırmısan
Çox kişilər eşqinə vağzalı çaldırmısan
Burda Mil alt-üst olub, orda Muğan tarimar,
İstədiyin yar idi, yetirdi pərvərdigar.
Məsləki endirsələr, özləri enməz bunlar
Arxada xalq can verə, arxaya dönməz bunlar
Lap söyəsən bunların zatına, dinməz bunlar
Çünkü seçib qoymusan hər otağa bir xiyar,
İstədiyin yar idi, yetirdi pərvərdigar.
Qulpda çıxıb söylədim, Qulpa da qulp qoydular
Ağzımı açdım ətə, ağzıma turp qoydular
Alnıma yumruqları, guppa-gurup qoydular
İndi çalır Qulp özü, ay can alan, yari-yar,
İstədiyin yar idi, yetirdi pərvərdigar.
Tində ömür eylirik, tin də fırıldaq gəlir
Hin tapırıq yatmağa, hin də fırıldaq gəlir
Üz tuturuq İslama, din də fırıldaq gəlir
Gəl bu biyar ölkədə, dində də yoxdursa ar,
Onda yetirdiklərin kaş ala pərvərdigar.
Xalq daha durmaz ayağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Partiyabaz ər kişilər,
Dövlət ilə əl kişilər
Eyliyər əngəl kişilər
Omba atır kəl kişilər
Meyl eliyir oynamağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Xalq ki, nə var bilən deyil
Qeyrətə day gələn deyil?
Yoxsa sənin kölən deyil?
Ac ki qalıb ölən deyil
Həsrət elə ətə, yağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Xalqı ilan yaman çalıb
Doğrusuna yalan salıb
Bir koramal ilan çalıb
Laylasını çalan çalıb
Day ayılan deyil, qağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Kef eyliyib gələr duxa
Rəis buğa, sədr buğa,
Qəzet keçib şuluqluğa?
Yazarsan baş qoduğluğa
Efirləri sal oynağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Bitdi bu Tofiqin işi
Bitərəfin tərəfkeşi
Tut dama basdır, ay kişi
Kimdi onu sayan, əşi
Cismi də yükdür torpağa
Taxtını rahla, ay ağa,
Xalq daha durmaz ayağa!
Papaq
Başımız üstə əsrlər boyu şelləndi papaq,
Bərk yapışmışdıq, “otuz yeddi”də yelləndi papaq.
Bəxt açılsın deyə, ta tərsinə çöndərdik onu,
Aclıq oldu yedik, axırda qan əndərdik onu.
Kommunistin araba çarxına döndərdik onu,
Yetmiş il partblet eşqiylə diyirləndi papaq.
“Şiş” dedik, “kepka” dedik, “norka” dedik saldıq ələ,
Əllərə qalmışı tərk eyləməmiş qaldıq ələ…
Baş qoyub onda ki, asudəliyi aldıq ələ,
Başı tərk eyləyib asudə veyilləndi papaq.
Bir də gördük papaq altdan kişilər çıxdı üzə,
Kişilər çıxcaq üzə partiyalar qalxdı yüzə.
Qarşıya qoyduq, oturduq papaqinən üz-üzə,
O qədər susduq, axırda özü dilləndi papaq.
Başa çırpıldı nəhayət şapalaqtək papaq ox!
Ömrünü sürmədi başlarda papaqtək papaq oxx!!
Qazanın ağzına örtüldü qapaqtək papaq oxxx!!!
Elə yelləndi ki, ev küncünə hilləndi papaq.
Elə yatdıq papaq altında ki, yelləndi papaq.
Lap belə…
Köhnə doşab sirkə çıxıbdır deyən,
Sirkəni bal eyləyənin lap belə…
Kal yedirib xalqına dəymiş kimi,
Dəymişi kal eyləyənin lap belə…
Ermənidən torpağı al,ver bizə,
Yoxsa bu iş görsənir alver bizə…
Fars nə gəzir neftdə-sual ver biz,
Bir də sual eyləyənin lap belə.
Biz nə yeyək-əppəyimiz oxdusa?!.
Eldən əl üz-rus başını soxdusa…
Sizdə əyər zurnalıq iş yoxdusa,
Zurna-qaval eyləyənin lap belə…
Lap belə ərkim çatır ilhamıma,
Xalq özü istər ki,yetəm kamıma.
Amma ki,and olsun”əlif”,”lam”ıma,
Qəddimi”dal”eyləyənin lap belə…
Ovcuza kimlər,nə qədər bac qoyub?..
Fəhlə elim böyrünə sayğac qoyub.
Mən kimi xalqın balasın ac qoyub,
Cahu-cəlal eyləyənin lap belə…
Mən elimin tərtəmiz övladıyam,
Həm ləzizəm,həm qəliz övladıyam.
Allahımın bir əziz övladıyam,
Varı xəyal eyləyənin lap belə…
Amma qoyub yağlını,yağsız verib,
Tofiqi lal eyləyənin lap belə…
Görüm belə baxtı…Vətən!..
Qonaqların kabab kimi,
Ətimizi tıxdı, vətən!
Bizi fələk də yıxmazdı,
Kommunalın yıxdı, vətən!
Yaşadıqca itin ömrün,
Sümürüldü tütün ömrüm.
Banklarında bütün ömrüm,
Kriditə çıxdı,vətən!
“Igidlərin” yeyib baldan,
Uzaq gəzdi qalma-qaldan.
Məmurların sənə daldan,
Pis göz ilə baxdı, vətən!
Gecə-gündüz yedik şoru,
Gözümüzə çəkdi toru.
Sərvətinsə,boru-boru,
Yad ellərə axdı, vətən!
Kasıb ümmətin kor baxtı,
“Beytül-mala” da kor baxdı.
Mollası haqqa xor baxdı,
Ürəyimi sıxdı vətən…
Solun getdi, sağın getdi,
Neçə-neçə dağın getdi.
Getdi, Qarabağın getdi..!
Dağın, bağın “çoxdu”,vətən!..
Iqbalın yoxdur, dedilər,
Falçıya baxdır, dedilər.
Bu da bir baxtır, dedilər,
Görüm belə baxtı…Vətən!..
Eşqi-İlahi
Hicrinlə tökər göz dəli leysan,üzə dəyməz,
Hicrin mənim olduqda gecəm gündüzə dəyməz.
Dünyaya məni-bəndədən əslində nə bəxşiş,
Dünya özü mənnən doğulan bir sözə dəyməz.
Bir möcüzə eşqindən umanlar bunu bilmir,
Bir xəlq olunan əşrəfə min möcüzə dəyməz.
Məndə o gözəldir ki,ətəkdən tutur ellər,
Səndə nə gözəldir ki,ətəklər dizə dəyməz.
Yar var ki,”gözəllər gözəlindən də gözəldir”,
Tofiq deyən ondan da gözəldir,gözə dəyməz.
Tofiqəm
Mən sözü sahmanla quran Tofiqəm,
Mən sözüm üstündə duran Tofiqəm.
Azərbaycana səda eyləyən,
Çox “bəyi”bir sözlə gəda eyləyən.
Xalqa arıq canı fəda eyləyən,
Şax qulağı tərsə buran Tofiqəm.
Dövlət özündən ki, məni küsdürür,
Gen qapısın dərdi-bəla kəsdirir.
Çox kişilər şilləvuran gəzdirir,
Mən sözinən şillə vuran Tofiqəm.
Haqqa görə arxada durmaq nədir…
Əyri görüb boynunu burmaq nədir…
Düz danışıb-əyri oturmaq nədir…
Düz danışıb, düz oturan Tofiqəm.
Çəkmərəm əsla sözün əndişəsin,
Gözlərə sallam qələmin tişəsin.
Köhnə siyasət dağının rişəsin,
Köhnə külüngümlə yaran Tofiqəm.
MTN in olsa nə məktəbləri,
Anlayıram hiylə və mətləbləri.
Bir sıra məmuri-mürəkkəbləri,
Sadə karandaşla qıran Tofiqəm.
Mən, özü öz tabutunu qəbrinə,
Öz beli üstə aparan Tofiqəm.