Lerikdəki yanğının qəsdən törədildiyi məlum olub
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Lerikdə yanan evlə bağlı birgə məlumat yayıb.
Bildirilir ki, araşdırmalar nəticəsində yanğının qəsdən törədildiyi məlum olub:
“Avqustun 22-i saat 05.20-də rayonun Vivəzəmin kənd sakini Mehdi Mirzəzadə Daxili İşlər Nazirliyinin “102-Zəng Xidməti” Mərkəzinə zəng edərək atası Elman Hüseynovun yaşadıqları evi yandırdığını, habelə anası Şükufəni və bacısı Süsəni öldürmək istədiyini deyib. Rayon prokurorluğu və polis əməkdaşları həmən ora gediblər. Hadisə yerinə çatanda ev yanırmış”.
Məlumatda bildirilir ki, yanğın söndürüldükdən sonra mənzildən ev sahibi Elman Hüseynov, onun həyat yoldaşı Şükufə Hüseynova və qızı Süsən Hüseynovanın meyitləri tapılıb.
Mehdi Mirzəzadə izahatında həmin gün səhər radələrində atasının bıçaqla anasını və bacısını vurduğunu, daha sonra ona da xəsarət yetirməyə cəhd göstərsə də, həyətə qaçdığını, sonda isə evi yandırmaqla atasının intihar etdiyini deyib:
“Məhkəmə-tibb ekspertizası tərəfindən meyitlərin müayinəsi zamanı Elman Hüseynovun boyun və sağ kürək nahiyələrində deşilmiş-kəsilmiş xəsarətlərin olması müəyyənləşdirilib”.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 125-ci (özünü öldürmə həddinə çatdırma) və 186.2.2-ci (əmlakı qəsdən yandırmaqla məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanıb. Ekspertizanın rəyi ilə M.Mehdizadənin izahatı arasında uyğunsuzluq yarandığından, eləcə də üç ailə üzvünün öldürülərək evin yandırılması cinayətini törətməsində əsaslı şübhələr olduğundan M. Mirzəzadə şübhəli şəxs kimi saxlanılıb.
Daha sonra müəyyən edilib ki, avqustun 21-də günorta və axşam radələrində Elman Hüseynovla həyat yoldaşı arasında mübahisə olub. Avqustun 22-nə keçən gecə səsə oyanmış Süsən valideynlərinin yatdığı otağa daxil olub. Bu zaman anasını divanda huşsuz görüb. Qəfil yaranmış hay-küyün səbəbini öyrənmək üçün yataq otağına daxil olan M.Mehdizadə bacısının atası tərəfindən öldürülməsinin şahidi olub. Eyni aqibətlə üzləşməmək üçün bıçaqla atasının boyun və sağ kürək nahiyəsinə bir neçə zərbə endirib. Sonra cinayətin izini itirmək üçün o, yataq otağındakı lampanın neftini həyatlarını itirmiş ailə üzvlərinin üzərlərinə, evin digər hissələrinə tökərək mənzili yandırıb. M.Mehdizadə ifadəsində atasını qətlə yetirdiyini, sonra isə evi yandırdığını etiraf edib. O, cinayət alətini maddi sübut kimi istintaqa təqdim edib.
Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Hadisə avqustun 22-də Lerikin Vizəzəmin kəndində baş verib.