Ucar sakini evindən zinət əşyası və pul aparan oğrunun tapılmamasında yerli polisi günahlandırır
“Nazir Ramil Usubov Göyçayda vətəndaşların qəbulunu keçirirdi, mənə onun qəbuluna getməyə imkan vermədilər. Qəsdən maneçilik törətdilər”.
Ucar rayon sakini Mahir Kərimov Meydan TV-yə danışır ki, ötən il fevralın 7-də ona məxsus mənzilə oğru girib. Mənzildən qızıl-zinət əşyaları və 685 manat oğurlanıb. Ancaq 1 ildən çox keçməsinə baxmayaraq, yerli polis cinayətin üstünü açmayıb:
“Ailəmlə yaxın qohumumun evindəydik, fevralın 7-də evə oğru girib, anamgillə çəpər qonşusuyuq, səhəri gün ilk onlar xəbər tutmuşdu, anam zəng vurdu ki, tez evə gəl, pəncərələrin açıqdır, deyəsən evinə giriblər. Evə gələndə gördüm bəli, evə giriblər, baxdım ki, həyat yoldaşımın brilyant üzüyünü, qızıl dəstini, bir də pulu aparıblar. Dərhal DİN 102 xidmətinə zəng vurub məlumat verdim, Ucar rayon Polis Şöbəsinin polisləri gəldi. Evə baxış keçirildi, əl izləri götürüldü”.
“Hər dəfə deyirlər, araşdırma davam edir”
Mahir Kərimovun sözlərinə görə, hadisə baş verəndən sonra dəfələrlə rayon polis şöbəsinə müraciət edib, oğrudan bir xəbər var deyə, maraqlanıb. Ancaq hər dəfə də ona bildirilib ki, araşdırmalar davam edir:
“Mən əl izləri ilə maraqlandım, dedilər ki, əl izlərindən bir şey çıxmayıb. Necə ola bilər ki, evə oğru girsin, heç bir iz qoymasın? Sadəcə, araşdırmırlar. Yaşadığım ərazidə bizdən əvvəl də, sonra da dəfələrlə oğurluq hadisələri olub, heç birinin üstü açılmayıb”.
Mahir Kərimov deyir, məhz cəzasızlığın nəticəsidir ki, 1 ildən sonra oğru yenə onun evnə girməyə cəhd edib:
“Dediyim kimi, birinci oğurluq hadisəsi ötən ilin fevralında baş vermişdi. O cinayətin üstü açılmamış, bir ilin tamamından 1 həftə sonra – bu ilin fevralın 14-də gecə saatlarında evimə növbəti dəfə oğru girməyə cəhd elədi. Sadəcə, evdə olduğumuza görə bu cəhdi alınmadı. Evdə üç azyaşlı uşaq vardı, ikisi özümün, biri qardaşımın balası… Uşaqlar möhkəm qorxdular, stress keçirdilər. Yenə DİN 102 xidmətinə məlumat verdim. Evimə girmək istəyən şəxsin görüntüsü qapıdakı kameraya düşmüşdü. Polislər görüntüyə baxdılar, həmin şəxsin kimliyini də müəyyən etdilər. Həmin şəxsi şöbəyə götürdülər, mənə isə bildirdilər ki, nəticəsi barədə məlumat verəcəklər. Şöbədən bir xəbər çıxmadığını görəndə özüm gedib maraqlandım, dedilər, narahat olma, araşdırma aparılır”.
“Rəisin biri 300, o biri 400 manat təklif elədi”
Şikayətçi deyir, daha bir neçə gün keçəndən sonra yenə xəbər çıxmadığını görüb növbəti dəfə polis şöbəsinə gedib. Bu dəfə şöbənin cinayət-axtarış bölməsinin rəisi ilə görüşüb. Rəis ona bildirib ki, həmin adamı araşdırıblar, cinayətlə əlaqəsi yoxdur:
“Cinayət-axtarış bölməsinin rəisi mənə 300 manat təkif etdi. Soruşdum ki, bu pulu mənə niyə təklif edir. Heç nə demədi. Onun otağından çıxıb təhqiqat bölməsinin rəisinin yanına getdim, o da eyni sözləri dedi, dedi, gəl, sənə 400 manat verək, get… Mən razılaşmadım, dedim, axı, bu pulu mənə niyə verirsiz ki? Gördü etiraz edirəm, dedi, get, araşdırma davam eləyir, bir xəbər olanda çağırarıq…”
Bu il fevralın 27-də kifayət qədər sübut olmadığı üçün fakt üzrə cinayət işi başlanması rədd edilib.
Hələ ötən ilin fevralında evə oğru girməsi ilə əlaqədar polisdəki araşdırmadan narazı qalan Mahir Kərimov hadisədən bir ay sonra Ucar Rayon Prokurorluğuna şikayət edib. Prokurorluq da vətəndaşa yazıb ki, onun müraciəti əsasında material öyrənilərkən polis şöbəsinin istintaq bölməsində tam və obyektiv araşdırma aparılmadığı, zəruri olan prosessual hərəkətlərin icra olunmadığı üzə çıxıb: “… Cavab məktubunda qeyd olunub: “… Yaşayış evinizdən qızıl-zinət əşyalarının oğurlanması xüsusatı üzrə Ucar RPŞ-nin İstintaq Bölməsində araşdırılan yoxlama materialı 29.03.2018-ci ildə icrası məcburi göstərişlərlə Ucar RPŞ-nin İB-nə qaytarılıb”.
“Nazirin qəbuluna getməyə imkan vermədilər”
Mahir Kərimov prokurorluğa şikayət etməklə kifayətlənməyib. Ötən ilin aprelində xəbər tutub ki, daxili işlər naziri Ramil Usubov Göyçayda vətəndaşların qəbulunu keçirir. O da polisdən narazılığını bildirmək üçün Ucardan Göyçaya getmək istəyib. Ancaq Ucar polisi qarşısını alıb:
“Polislər dedilər ki, göstəriş var, getmək olmaz… Nazirin görüşü bitənədək məni nəzarətdə saxladılar, rayondan çıxmağa imkan vermədilər”.
Mahir Kərimov deyir, evinə girən oğrunun tutulmasını istəyir. Bu, ona ən azı, təhlükənin hardan gəldiyini bilməsi üçün lazımdır:
“İki uşaq böyüdürəm, onları evdə qoyub işə gedirəm, gəlirəm… Bilməliyəm ki, düşmənim kimdir, evimə girən, talan eləyən kimdir. Bu gün cəzasız qalan sabah ikinci, üçüncü, dördüncü dəfə evimə girəcək. Mənim uşaqlarım, ailəm niyə qorxu içində yaşamalıdır? Polis nə üçündür? Vətəndaşın təhlükəsizliyini, arxayın yaşamasını təmin etmək üçün… Oğrunu polis tutmayacaqsa, kim tutacaq? Mən özüm tutub cəzalandırmalı deyiləm ki… Polis öz vəzifəsini icra etməlidir, mən də arxayın olum ki, ailəm təhlükədən qurtardı”.
Ucar Rayon Polis Şöbəsindən bildirilib ki, Mahir Kərimovun ötən il mənzilində baş vermiş oğurluq faktına görə araşdırmalar davam edir. Onun istintaqa bildirdiyi şübhələri araşdırılıb, sübuta yetirilməyib. Bu ilin fevralında yaşadığı mənzilə oğru girməsi cəhdi ilə bağlı müraciəti də yoxlanılıb və sübuta yetirilməyib. Ənvər adlı rayon sakini polis şöbəsinə gətirilib dindirilsə də, oğurluğa cəhdlə əlaqəsi üzə çıxmayıb. Polisdən vətəndaşa pul təklif olunmasıyla bağlı deyilənlər də təkzib edilib.