Oğlunu itirmiş ata: Ora sağlamlıq ocağı deyil, tövlədir

“Səhiyyə Nazirliyindən bir nəfər cəzalandırılmadı…”

Source:
Narkoloji mərkəz (illüstrasiya)
Narkoloji mərkəz (illüstrasiya)


“Səhiyyə Nazirliyindən bir nəfər cəzalandırılmadı…”

Demokratiyanın İnkişafı və İnsan Hüquqlarının Müdafiəsi Fondunun sədri Murad Sadəddinov sentyabrın 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verib. O, martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində dünyasını dəyişmiş qardaşı Azər Sadəddinovun ölümünə görə zərərçəkmiş statusunda tanınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə keçirilən prosesdə hüquq müdafiəçisi qısa ifadə verib. O, istintaqdakı ifadəsini təsdiqlədiyini deyib. Qeyd edib ki, hadisə haqda internet vasitəsilə xəbər tutub.

Mərhum Valeh Əliyevin qardaşı Abduləzim Əliyev ifadə verərkən yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov ona üzünü tutaraq deyib: “Qardaş, göydəki Allaha and olsun, mən eləməmişəm. Mənə işgəncə veriblər”.

Zərərçəkmiş qismində dindirilən Sübhan Quliyevin də qardaşı həyatını itirib. Onun sözlərinə görə, hadisə baş verən gün – martın 2-də qardaşının müalicəsi başa çatırdı, onu çıxaracaqdılar: “Ora yerləşdirmək üçün 450 manat pul vermişdik, 16 günlük müalicə yazmışdılar”.

Qardaşını itirən Rübabə İsmayılova isə araşdırmalardan narazı qaldığını deyib. Bildirib ki, əsl günahkarlar kənarda qalıb və bununla əlaqədar prezidentə müraciət edib. Onun fikrincə, Narkoloji Mərkəz məqsədli şəkildə yandırılıb: “Mənim qardaşım gözəl sənətkar idi. İçkiyə görə öz istəyi ilə ora yerləşdirmişdim. Dedi ki, “din yoluna qayıdacağam, tamam içkidən əl çəkmək istəyirəm”. Morqda onu gördüm. Bizə dedilər ki, tüstüdən boğulub, ancaq yalandır, qulağı, üzü yanmışdı. Qardaşım elə adam idi ki, quyunun dibinə düşsəydi, çıxa bilərdi. Onu bağlı qapı arxasında saxlayıblar, ona görə çıxa bilməyib. Əgər bu kişi yandırıbsa, bəs necə olub, o qaçıb çıxıb? Adam deyir ki, mənə işgəncə veriblər. Ona işgəncə verənlər çağrılıb dindirilsin”.

1936-cı il təvəllüdlü Abdulla Ələkbərov bildirib ki, yanğında yeganə oğlunu itirib. Nəticədə nəvəsi həm atasız, həm də anasız qalıb. Zərərçəkmişin sözlərinə görə, 2004-cü ildə gəlini 26 yaşında qəfildən ürək xəstəliyindən dünyadan köçüb, dörd yaşlı nəvəsi anasız qalıb. Bundan sonra oğlu işkiyə meyl edib. O, daha sonra ikinci dəfə ailə qurub. Spirtli içkidən tam uzaqlaşmaq üçün Mərkəzə müalicəyə gedib: “Ancaq ora sağlamlıq ocağı deyil, tövlədi. Köhnə balıqçıların yerini xəstəxana eləyiblər. Taxtadan xəstəxana olmaz ki… Türmədə həyat tərzi ondan yaxşıdı. Orada heç olmasa, gündə bir saat gəzintiyə buraxırlar. Bu qədər adam öldü, bir gün ölkədə matəm eləmədilər. Səhiyyə Nazirliyindən heç kimi cəzalandırmadılar”.

A.Ələkbərovun oğlu yanğın nəticəsində tanınmaz hala düşüb. Hadisədən bir neçə gün sonra DNT analizləri nəticəsində onun Tərlan Ələkbərov olduğunu müəyyənləşdirib, ailə üzvlərinə veriblər.

Məhkəmə prosesi sentyabrın 14-də davam edəcək.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə almış Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4 (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9 (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə ittiham olunur. Əvvəlcə o, həbs olunub. Daha sonra Mərkəzin sabiq direktoru Telman Məmmədhəsənov, mühəndis Mahir Abdullayev və şöbə müdiri Azad Ələkbərov həbs olunub. Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.

Başqa bir şöbə müdiri Afət Məmmədova isə həbs olunmasa da, onun da barəsində cinayət işi başlanıb, CM-in 311-ci (rüşvət alma) maddəsilə ittiham elan olunub.

A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun barəsindəki cinayət işi ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Ana səhifəXəbərlərOğlunu itirmiş ata: Ora sağlamlıq ocağı deyil, tövlədir