Fəal mühacirin qardaşı narkotika saxlamaqda təqsirləndirilir
“İlham Əliyevin Almaniyada Angela Merkellə görüşü zamanı orda təşkil olunan etiraz aksiyasında kiçik oğlum da iştirak etmişdi. Bununla əlaqədar bizdən qisas almaq məqsədilə sifariş verildi. Həmin sifarişin nəticəsi olaraq tapşırılmışdı ki, oğlum həbs edilsin. Özü də ağır maddə ilə”, – bu sözləri Almaniyada yaşayan gənc fəal Tural Sadıqlının atası Əlövsət Sadıqlı deyir.
Əlövsət Sadıqlının oğlu Erkin Sadıqlı həbs edilib. Ailə Erkinin qardaşının Berlindəki aksiyada iştirakına görə həbs edildiyini düşünür. Aksiyada iştirak edən azərbaycanlı fəal Tural Sadıqlının qardaşı fevralın 13-də 1.5 kq marixuana saxlama ittihamı ilə saxlanılıb. Barəsində iki aylıq həbs qərarı seçilib. Həbsdən apellyasiya şikayəti verilib və fevralın 20-də ev dustaqlığına buraxılıb. Təqsiri sübuta yetirilsə, 3 ilədək azadlıqdan məhrum edilə bilər.
Tural Sadıqlı 1 ildir ki, Berlində siyasi mühacir kimi yaşayır. Atası oğlunun orada da Azərbaycanın xeyri üçün nələrsə etməyə çalışdığını deyir. Təbii, o bilməzdi ki, vətənindən kənardakı mübarizəsi ailə üzvlərinə təhlükə yarada bilər:
“Tural burdan gedəndən sonra Almaniyada Avropa Demokratiyaya Dəstək Alyansı (ADDA) adlı təşkilat yaratdı. Həmin təşkilat az müddət ərzində fəaliyyəti ilə tanındı. Tez-tez Azərbaycandakı insan haqlarının durumu ilə bağlı tədbirlər həyata keçirirdilər. Eləcə də axırıncı dəfə Sərhədsiz Reportyorlar Təşkilatının bir tədbiri vardı. Belə ki, İlham Əliyevin Almaniyada Angela Merkellə görüşü zamanı ofisin qarşısında Sərhədsiz Reportyorlar Təşkilatı etiraz aksiyası təşkil etmişdi. Həmin aksiyanın da canlı qüvvəsi ADDA təşkilatının üzvləri idi. Ondan sonra mən hiss etdim ki burada bizi izləyənlər var. Hətta bir dəfə pəncərədən baxanda gördüm ki, iki nəfər maşınla gəldi. Əllərində bir kağız da var idi. Onlar bizim balkona baxırdılar. Bizim balkonu işarə verdilər. Bundan əlavə, evimizin ətrafında polislər artmışdı. Bilirdim ki, nə isə olacaq. Tək biz yox, həmin mitinqdə iştirak edən başqa insanların da ailələri incidilir. Bu barədə oğlum bizə məlumat verirdi ki, prosesə başlanıb. Məndən ehtiyatlı olmağımızı istəyirdi. Axırıncı zəngində də bildirdi ki, qardaşı real hədəf ola bilər. Onu ölkədən çıxarmağımızı istədi. Ancaq mən çatdıra bilmədim. Böyük oğlumu həbs etdilər”.
Əlövsət Sadıqlı oğlunun necə həbs edildiyindən də danışdı:
“Oğlum jalüz, pərdə işində çalışırdı. Buna görə də çoxlu sifarişləri olurdu. İşi maşınının olmağını tələb edirdi. Sifarişləri üst-üstə yığılığına görə fevralın 13-də məndən xahiş etdi ki, maşınımı bir günlük ona verim. Mən də bir problem görmədim, verdim. Pəncərədən arxasınca baxırdım, maşını işə saldı getdi. Heç 200 metr getməmiş yolda onu saxlayıblar. Mindiriblər öz maşınlarına. Bunun da maşınını özləri idarə edib aparıblar. Deyir ki, polis maşınında onu apararkən cibinə nəsə qoyulduğunu hiss edib. İmkan daxilində onların xəbəri olmadan, əlini də vurmadan, cibinin astarını çevirməklə atıb maşına. Polis İdarəsində üstünü axtarıb, heç nə tapmayıblar. Daha sonra kənardan gələn polis əlində başqa narkotik gətirərək, əlini arxa tərəfindən hərəkət etdirərək deyib ki, nə fərqi var, elə budur”.
Əlövsət Sadıqlı oğlunun həbsini siyasi motivli hesab edir. Deyir, bu həbs ailələrindən qisas almaq üçün atılan addımdır. Səbəb isə kiçik oğlunun Berlində yaratdığı təşkilat və həmin təşkilatın fəaliyyətidir:
“Hesab edirəm ki, bu həbs kiçik oğlum Turalın yaratdığı ADDA təşkilatı ilə bağlıdır. Birbaşa Angela Merkellə İlham Əliyevin Almaniyadakı görüşünə etiraz olaraq keçirilən tədbirlə bağlıdır. Sərhədsiz Reportyorlar Təşkilatının təşkil etdiyi aksiyada Turalın iştirakı ilə bağlıdır. Bu addım etiraza qalxanların ailələrindən qisas almaq üçündür. Başqa bir şey deyil”.
Tural Sadıqlının anası Mətanət Alməmmədova isə gedən prosesləri 1937-ci ilin repressiya dövrünə oxşadır:
“Mən o vaxtkı represiya dövrü ilə bağlı kitabların əksəriyyətini oxumuşam. O vaxt orda olmasam da, o dövrdəki hissləri indi keçirirəm. Mən siyasətlə maraqlanmıram, siyasətçi deyiləm. Ancaq bu gün hiss edirəm ki, 1937-ci ilin repressiyası indi də davam edir. Mənə çox pis təsir edir ki, qəlbində Allah qorxusu olmayan insanlar var. Günahsız bir gənc narkotik ittihamı ilə həbs edilir”.