Təranə Abdullayeva

Mənbə: Meydan Tv

Başlıq: Təranə Abdullayeva

“Oğlumu o qədər döyüblər, axırda ölü bilib, bir həftə meyitxanada saxlayıblar”

Ana: “Xanlar Vəliyev dedi, istəyirsiz lap İlham Əliyevə deyin...”

“Tərtər işi”nə görə həbs olunanlardan Zaur Abdullayevin ailəsi imkansızlıqdan əziyyət çəkir. Gəncədə yaşayan anası deyir ki, pulsuzluqdan bir ildir oğlunun yanına gedə bilmir.

“Oğlumun cinsiyyət üzvünə elektrik cərəyanı veriblər”

Zaur Abdullayev 17 il azadlıqdan məhrum edilib. Həbs həyatı 1 saylı cəzaçəkmə müəssisəsində keçir. Dekabrın 10-da apelyasiya məhkəməsi olmalıydı, amma pandemiyaya görə baş tutmayıb.

“Təxirə saldılar, dedilər ki, ayın 20-də keçiriləcək. Sonra yenə saxladılar. Heç bir cinayət törətməyən adama 17 il... Nə qədər işgəncə veriblər ona. Armaturla döyüblər, dişini çəkiblər, dili tutulub, hətta cinsiyyət üzvünə elektrik cərəyanı veriblər. O işgəncə qalmayıb ki, görməsin...“, - anası Təranə Abdullayeva danışır.

Zaur Abdullayev 2017-ci ilin mayında həbs olunub. Onun 17 il azadlıqdan məhrum edilməsi haqda hökmdən yuxarı instansiya məhkəmələrinə verilən şikayətlər də nəticəni dəyişməyib. Həm Gəncə Apelyasiya Məhkəməsi, həm də Ali Məhkəmə hökmü qüvvədə saxlayıb.

Bu ilin mayında Cinayət Məcəlləsinə edilən dəyişikliklərdən sonra Zaur Abdullayevin işi ilə əlaqədar yenidən məhkəməyə müraciət olunub. Çünki onun ittiham olunduğu maddələrə də dəyişiklik edilib, cəzalar azaldılıb. O da cəzasının dəyişikliklərə uyğunlaşdırılmasını istəyib. Zaurun saxlandığı 1 saylı cəzaçəkmə müəssisəsi Nizami rayonu ərazisində yerləşdiyinə görə məsələyə də sentyabrda bu rayonun məhkəməsində baxılıb.

Təranə Abdullayeva deyir ki, oğlunun cəzası 3 ay azaldılıb. Lakin prokurorluq buna da etiraz edərək, qərardan apelyasiya protesti verib. Bakı Apelyasiya Məhkəməsində hazırda həmin işə baxılır: “4-5 maddəyə dəyişiklik ediblər, amma cəzadan cəmi 3 ay azaldıblar”.

32 yaşlı Zaur Abdullayev evlidir, iki oğlu var. Uşaqların hər ikisi azyaşlıdır. Təranə xanımın dediyinə görə, Zaur həbs olunanda ikinci oğlunun doğulmasını gözləyirmiş: “Hər iki oğlum hərbçi idi. Bir yerdə işləyirdilər. Zaur 11 il idi işləyirdi, qardaşı 2 il 7 ay. Hər ikisi 2016-cı ildə aprel döyüşlərinin iştirakçısı olub. Zaura görə kiçik oğlumu işdən çıxardılar. Nə qədər işgəncə görüb o da. Axırda yararsız kimi işdən buraxdılar, indi evdə dustaqdı. Xəstəlik tapıb. O qədər döyüblər ki, ciyərlərinə ləkə düşüb. Müalicə elətdirirəm, sağalda bilmirəm”.

“Xanlar Vəliyev dedi, istəyirsiz, lap İlham Əliyevə deyin, xeyri yoxdur”

Zaur Abdullayev həbsdə dizinin arxa nahiyəsindən əməliyyat olunub. Təranə xanım məhz işgəncələr nəticəsində oğlunun ayağının sıradan çıxdığını deyir:

“Əməliyyatı da düz eləməmişdilər. Yarası sonradan çirk eləmişdi. Çox əziyyətlər görüb. Komaya düşüb, ölü bilib, bir həftə meyitxanada saxlayıblar. Şəfayət İmranov (hərbi prokurorun müavini, ədliyyə general-mayoru-red.) özü deyib ki, 7 nəfər ölüb, bu da olsun 8-ci. Hər yerə müraciət eləmişik. Hərbi prokuror Xanlar Vəliyevin də qəbulunda olmuşuq. Əvvəlcə bizi arxayın elədi, dedi ki, hər şey yaxşı olacaq. Ali Məhkəmədə hamımızı çölə çıxardılar, iştirak eləyə bilmədik”.

Ali Məhkəmədə əvvəlki qərarın qüvvədə saxlanıldığını görən 16-17 valideyn yenidən Xanlar Vəliyevin qəbuluna gedib. Bu dəfə söhbət xoş keçməyib:

“Üzü dönmüşdü onun. Dedi, işin arxasında mən dayanmışam, əlimdən gələni eləyəcəm ki, bu uşaqlar həbsdən çıxmasın. Söz verdiyini yadına saldım. Dedim ki, uşaqlarımızı şərləyiblər. Avropa Məhkəməsinə çıxacağımızı dedim. Dedi, istəyirsiz, Avropa Məhkəməsinə, istəyirsiz, lap İlham Əliyevə deyin, xeyri yoxdu. Üstümüzə, hətta polis də gətirdilər”.

“Bir ildir oğlumun yanına gedə bilmirəm”

Zaurun atası Akif Abdullayev də hərbçidir, Qarabağ veteranıdır. Təranə xanım Gəncədə məskunlaşmış ailənin indi çox pis vəziyyətdə yaşadığını deyir:

“Zaurun uşaqlarını saxlaya bilmədim, gəlin götürüb getdi atasıgilə. Axı uşağın yeməyi, içməyi, geyimi var, mən də çatdıra bilmirəm. Düz bir il əvvəl – 2019-cu il dekabrın 30-da yanında olmuşam uşağımın. Heç cür imkan eləyib gedə bilmirəm. Kiçik oğlumun müalicəsinə pul gedir. Həyat yoldaşıma bu dəqiqə sistem köçürdürük. Heç nəvələrimin yanına da gedə bilmirəm”.

Təranə xanımın sözlərinə görə, evdə heç kim işləmir. Qadın əvvəllər istixanalarda işləyirmiş. Pandemiya ilə əlaqədar tətbiq olunan sərt karantin rejimi onu da işsiz qoyub. Akif Abdullayev pensiya alır. Amma məbləğin az qala, hamısı kredit borcuna gedir: “Hamımız oturmuşuq evdə. Çox pis gündəyik. Səhər Zaur zəng vurmuşdu ki, ay ana, mümkündüsə, mənə 50-60 manat göndərin. Dedim, anan ölsün, hardan tapım o pulu?!”

“Tərtər işi” üzrə həbs olunanlara işgəncə verilməsi, nəticədə 9 nəfərin ölməsi yerli və beynəlxalq insan haqları təşkilatlarının hesabatlarında da əksini tapıb.

Bu iş üzrə təqsirləndirilən şəxslərə qarşı dövlətə xəyanət, tabeliklərindəki hərbçiləri casusluğa vadar etmə, onlara qarşı zorakılıq kimi ittihamlar irəli sürülüb. Lakin onlar bu ittihamları qəbul etmir, təqsirsiz olduqlarını bildirirlər.

Məhkəmə hökmlərində onların cəzalandırılmasına əsas verən sübut kimi, həm özlərinin, həm də bir-birinin əleyhinə olan ifadələrə istinad olunub. Onlar isə bildirirlər ki, həmin ifadələr həqiqəti əks etdirmir, ağır işgəncələrə dözməyərək, həmin ifadələrə imza atıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/hreup4

Ən çox baxılan