”Oğlumu evdən çağırdılar, getdi, qayıtmadı”

Bir il əvvəl yoxa çıxmış Əlizamin Mehdiyevin ailəsi iddia edir ki, onu öz müştəriləri öldürüb

Source: Meydan TV


Bir il əvvəl yoxa çıxmış Əlizamin Mehdiyevin ailəsi iddia edir ki, onu öz müştəriləri öldürüb

“Gəlib evdən çağırdılar, qapıdan çıxanda dedi, ana, gedirəm, görüm bunların mənə son sözü nədir, aldıqları inəklərin, qoyunların, keçilərin pulunu nə vaxt verirlər… O gedən getdi, bir də qayıtmadı”.

Ağsunun Bəyimli kənd sakini Fındıq Mehdiyeva belə deyir. Oğlu, 40 yaşlı Əlizamin Mehdiyev 1 ildən çoxdur ki, yoxa çıxıb.



“Son söz eşitmək istədi, son gedişi oldu”

Fındıq Mehdiyeva Meydan TV-yə danışır ki, Əlizamin illərdir heyvandarlıqla məşğul olurmuş. Elə həyətində mal-qara, qoyun-quzu çoxaldıb satır, ailəsini dolandırırmış. Sonuncu dəfə evdən çıxanda da anasına “satdığım mal-heyvanın pulunu almağa gedirəm,”- deyib. Ana danışır:

“Oğlum öz həyətində şərait yaratmışdı, heyvandarlıqla məşğul olurdu. Alırdı, çoxaldırdı, satırdı. Onlar da bununla yaxın münasibət qurmuşdular, guya dost olmuşdular. Oğlum onlara çox inanırdı, nisyə mal verirdi, gəlib qapıdan heyvanları götürüb Ömər adlı adamın fermasına aparırdılar. Deyirdilər, pulu yaz borcun üstünə… Bir ildə həyətdən nə qədər heyvan apardılar. Elə mən bildiklərim 25 baş iribuynuzlu mal, 140 qoyun, 70 keçidir. Ancaq oğlum onlara bundan da çox heyvan verib, pullarının heç bir qismini də ona ödəməyiblər. Hələ mən daşıyıb apardıqları toyuq-cücəni, qazı-hinduşkanı, kisələrlə yemi hesaba salmıram. Gəlib daşıyıb aparırdılar, deyirdilər, yaz borcumuzun üstünə… İş o yerə çatmışdı ki, həyətdə nə heyvan qalmışdı, nə toyuq-cücə… Əlizamin satdığı heyvanların pulunu tələb edirdi, günü-günə satırdılar, bu da əsəb keçirirdi. Keçən ilin əvvəli söz verdilər ki, yanvarın 20-dək pulları ödəyəcəklər. Yanvarın 17-də gəlib qapıdan apardılar, bir də geri qayıtmadı”.



“Ferma sahibi çağırtdırmışdı”

Ana deyir, ötən il yanvarın 17-də axşam saatlarında Rövşən adlı şəxs onlara gəlib, Əlizaminə bildirib ki, ferma sahibi Ömər onu borcla bağlı danışığa çağırır:

“Dedi, ana, deyəsən puldan vermək istəyirlər. Gedim görüm, son sözləri nədir, həmin axşam sonuncu dəfə çıxdı evdən… Gördük, gəlib çıxmır, növbəti gün polisə xəbər verdik. Bu işi polis də, prokurorluq da yaxşı bilir. Sonuncu dəfə kimlər ona zəng edib, nə danışıblar, hara dəvət ediblər, hamısı ortalıqdadır. Polis açıq-aşkar deyir ki, bu adamı elə bunlar öldürüb, ancaq meyiti harda basdırıblar, bilinmir. Bunu deyən polis şübhəli bildiyi adamları bircə gün də şöbədə saxlamayıb. Niyə? Maraq nədir ki, bu işin üstünü ört-basdır edirlər? Hara da şikayət yazırıq, göndərirlər rayon prokurorluğuna, ordan da deyirlər, sakit olun, araşdırma aparılır, hər şeyin üstü açılacaq… Bir sözlə, vaxt qazanırlar. İstəsələr, işin üstünü 1 saatın içində açarlar. Burda açılmalı iş də yoxdur, kor-kor, gör-gör, gəlib evdən çağırıb aparıblar, geri qayıtmayıb”.



“Nə öldüsündən xəbər var, nə qaldısından…”

Əlizamin Mehdiyevin üç azyaşlı övladı var. Onlar hər gün nənədən atalarının nə vaxt qayıdacağını soruşurlar:

“Ürəyim dağlanır. Nəvələrim ikinci ildir ki, hər martın 5-də atalarının ad gününü onsuz keçirirlər. Gözləri qapıda, qulaqları səsdə qalıb. Bir var ki, dünyasını dəyişə, aparıb dəfn edəsən, uşağa deyəsən, atan yoxdu, öldü. Bir də var ki, gözüm 1 ildən çoxdur qapıdan çəkilmir, cavan uşağımın nə öldüsü, nə qaldısı var ortalıqda… Gedirən prokurorluğa, deyirəm, bu uşağa bu adamların borcu olub, gəlib aparıblar, çağırın, sıxışdırın, öyrənin, hara aparıblar, niyə aparıblar… Bu hal nə qədər belə davam edəcək? Deyirlər, nənə, get, otur evdə, işimizə qarışma. Çünki özləri hər şeyi yaxşı bilirlər. Polis özü deyir ki, bu uşağı bunlar yoxa çıxarıblar. Deyirəm, bəs niyə tutmursuz? Deyir, sübut yoxdur. Deyirəm, axırıncı telefon danışıqlarından yaxşı sübut?”



“Adları çəkilən şəxslərin ifadələri alınıb”

Ağsu Rayon Prokurorluğundan bildirilib ki, Əlizamin Mehdiyevin itkin düşməsi ilə bağlı Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlıanıb. Cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ailənin göstərdiyi bütün xüsusatlar araşdırılır, qeyd olunan şəxslərin ifadələri alınıb. Ancaq hələ ki, bu şəxlərin faktla əlaqələri təsdiqini tapmayıb. Bununla yanaşı, Ağsu Rayon Polis Şöbəsi tərəfindən cinayətin üstünün açılması istiqamətində görülən işlər də nəzarətə götürülüb.

Ailənin şübhəli bildiyi Ömər Məmmədov həm də Ağsu Şəhər Mərkəzi Xəstəxanasında uşaq həkimidir. Onun ferması olduğu bildirilir. Meydan TV dəfələrlə əlaqə saxlamağa çalışsa da, onunla danışa bilməyib. Ömər Məmmədov telefonlara cavab verməyib, yazılan ismarıcları cavablandırmayıb.

Ana səhifəBölgə”Oğlumu evdən çağırdılar, getdi, qayıtmadı”