Firəngiz Fətəliyeva Göyçay Rayon Prokurorluğundan şikayətçidir
“Oğlumu evinin, yatağının içində döyüb, ölümcül etdilər. Şərlədilər ki, guya gəlinlərinə sataşıb. Xəstəxanaya apardıq, baxan olmadı. Sonra polisə apardılar. Puldan basıb polislə hədələdilər. Dözmədi, intihar etdi”.
Göyçay rayonunun Hacıağabəyli kəndinin sakini Firəngiz Fətəliyeva belə deyir. O, oğlunun intihara sövq edildiyini, Göyçay Rayon Prokurorluğunun işi doğru-dürüst araşdırmadığını söyləyir.
Hadisə iyunun 20-də olub. F. Fətəliyeva deyir ki, oğlu evində yatıbmış. Qonşu ailə evlərinə girərək onu yataqdaca döyüb:
“Yazıqda salamat yer qoymamışdılar. 7 nəfər olublar. Onlara necə müqavimət göstərmək olardı? Uşağı stəkanla, daşla al qana boyayıblar. Sonra da çıxıb gediblər. Səbəb kimi də deyiblər ki, guya mənim oğlum səhər tezdən gedib onların gəlininə sataşıb. Halbuki, yazıq uşaq fəhləlikdən yorğun düşüb yatıbmış. Xəstəxanaya apardıq, vəziyyəti pis idi. Xəstəxanada da normal yiyə durmadılar. Elə bir az özünə gəlmişdi ki, polis gəlib apardı. Axşam heç nə sübut edə bilmədiklərinə görə buraxdılar”.
Həmin günün səhərisi Anar Fətəliyev intihar edib. Anası düşünür ki, oğlu intihar həddinə çatdırılıb. Deyir, Göyçay Rayon Prokurorluğu öz maddi maraqlarına görə oğlu Anarı özünü öldürmə həddinə çatdırmış bir qrup şəxsləri cinayət məsuliyyətindən kənarda saxlayıb. Ana prezident İlham Əliyevdən, onun xanımı Birinci vitse-prezident Mehriban Əliyevadan və Baş prokuror Zakir Qaralovdan rica edir ki, oğlu Anar Fətəliyevin özünü asaraq öldürməsi ilə bağlı açılmış cinayət işinin ədalətli araşdırılması ilə bağlı göstəriş versinlər.
Azərbaycan Respublikası Baş Prokurorluğundan məsələyə münasibət öyrənmək mümkün olmayıb. Göyçay Rayon Prokurorluğundan isə işin araşdırmasının bitmədiyini söyləyiblər.