Gəncə sakini: “Mənim balama nəsə olsa, onların heç birindən əl çəkən deyiləm. İllərdir zülm eləyirlər bizə…”
Son bir il ərzində narkotik ittihamıyla həbs olunan dini inanclılardan biri – Gəncə sakini Şahin Verdiyevin təcridxanada intihara cəhd etdiyi bildirilir. Bu barədə Meydan TV-yə danışan anası Seminarə Cəfərova deyir ki, hadisə dekabrın 22-də səhər Gəncədəki 2 saylıq istintaq təcridxanasında baş verib.
“Nə yaxşı ki, ip qırılıb, yerə düşəndə stul aşıb, səsə kameradakı o biri dustaqlar oyanıb. Dərhal təcridxanadakı əməkdaşlar, rəhbərlik xəbər tutub. Ona ərizə yazdırıblar ki, türmədəki şəraitdən, əməkdaşların rəftarından narazılığı yoxdur. Bu yolla özlərini sığortalayırlar ki, sabah bir şey olsa, onlar məsuliyyət daşımasın”, – Seminarə Cəfərova bildirib.
Ananın sözlərinə görə, oğlunun başına gələnlərdən elə onun özünün telefon zəngindən sonra xəbər tutub. Dekabrın 22-də səhər saat 7 radələrində o, ailəsiylə telefonla əlaqə saxlayıb və baş verənləri danışıb.
Seminarə Cəfərova deyir ki, oğlu intihar edəcəyini öncədən onlara da demişdi. Bu üzdən onlar da narahat idilər:
“Gəncə şəhər Baş Polis İdarəsinin işçiləri – Ramin, Şahin, Zaur və digərləri onu narkotiklə şərləyiblər, ona işgəncə veriblər. Oğlum heç bir günahı olmadan 9 aydan çoxdur ki, həbsdədir. Belə zülm olmaz ki, bunlar camaatın başına gətirirlər. Şahin deyirdi ki, mən bu ləkə ilə yaşaya bilmərəm. Ona görə bir həftə idi ki, Gəncədə istintaq təcridxanasının qapısında yatırdım. Yalvarırdım ki, bu uşağı nəzarətdə saxlayın, deyirsə, intihar eləyər. Əhəmiyyət vermədilər, nəticəsi də bu oldu. Bu gün xəbəri alandan dərhal sonra getmişəm, Şahin adlı rəis müavini məni hədələyir. Deyir ki, “belə getsə, onun əl-qolunu bağlayıb, “karsa” salacağam”. Mənim balama nəsə olsa, onların heç birindən əl çəkən deyiləm. İllərdir zülm eləyirlər bizə…”.
1993-cü il təvəllüdlü Şahin Verdiyev 2018-ci ilin iyulunda Gəncədə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsddən sonra həbs olunmuşdu. Həmin vaxt tutulan onlarla yerli sakin kimi, ona da kütləvi iğtişaşlarda iştirak, polisə qarşı zorakılıq ittihamları verilmişdi. O, 2019-cu ilin sentyabrında şərti cəza ilə həbsdən buraxılmışdı.
Anası deyir ki, o zaman məruz qaldığı işgəncələr nəticəsində Şahin Verdiyevin səhhətində ciddi problemlər yaranıb: “O vaxt həbsdə olduğu dövrdə insult keçirmişdi, bədəninin bir tərəfi iflic olmuşdu. Ağır nevroloji xəstəliyi yarandı, neçə dəfə müalicə elətdirmişik. Sənədlər də var. Tez-tez yaddaşı itir. Belə bir adamı yenidən şərləyib həbs eləmək, işgəncə vermək insanlığa sığmır”.
Seminarə Cəfərova oğlunun ekspertizadan keçirilməsini tələb edir. Deyir ki, istintaq təcridxanasının rəhbərliyi intihara cəhd faktını ört-basdır eləməyə çalışır:
“Rəis müavini mənə deyir ki, elə şey olmayıb. Mən də tələb eləyirəm ki, dərhal ekspertiza keçirilsin, Şahinin boynundakı izlər qeydə alınsın”.
Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham olunan Şahin Verdiyevin işinə hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılır. Bu iş Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyasının icraatındadır.
Anası deyir ki, əllərində Şahin Verdiyevin şərləndiyini təsdiqləyən videogörüntü var. Vəkil həmin videonu məhkəməyə də təqdim edib: “Məhkəməni təxirə sala-sala gedirlər”.
Penitensiar Xidmət isə Şahin Verdiyevin intihara cəhd etməsi barədə məlumatı təkzib edib. Seminarə Cəfərovanın səsləndirdiyi iddia ilə əlaqədar Meydan TV-nin sorğusuna Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən cavab olaraq bildirilib ki, belə bir hadisə baş verməyib.
“Müdafiə Xətti” insan haqları təşkilatının məlumatına görə, son bir il ərzində Azərbaycanda yüzlərlə dini inanclı fəal narkotik ittihamıyla həbs olunub. Həbs olunanlar ittihamı qəbul etmir, narkotiklə şərləndiklərini bildirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidməti isə həbs olunanların şərlənməsi, işgəncəyə məruz qalması haqda deyilənləri təkzib edib. Bu qurumdan Meydan TV-yə bildirilib ki, həbs olunanlar konkret faktlar əsasında saxlanıblar.