Ödənişi gecikdirilmiş kreditlərin həcmi artıb

Samir Əliyev: “Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur”

Source:


Samir Əliyev: “Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur”

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanın bank sektorunda ödənişi gecikdirilmiş kreditlərin həcmi 5,88 faizə çataraq 1 213,3 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının 2015-ci ilin birinci rübünün yekunu üzrə hesabatında deyilir.

Ötən ilin analoji dövründə bu göstərici 853,7 milyon manat (ümumi portfelin 5,37 faizi), 2015-ci il fevralın yekunu üzrə isə 1 138,2 milyon manat (5,5 faiz) olub. Ödənişi gecikdirilmiş kreditlərin payı il ərzində 42,12 faiz, ay ərzində isə 6,6 faiz artıb.

Hesabatda “Aqrarkredit” bank olmayan kredit təşkilatının analoji göstəriciləri nəzərə alınmayıb

Ölkənin bank sektoru 2015-ci ilin yanvar-mart aylarında iqtisadiyyatın kreditləşməsini ötən ilin analoji dövrü ilə müqayisədə 32,5 faiz artırıb. Mart ayı ərzində bu göstərici 0,3 faiz azalıb.

Azərbaycan Mərkəzi Bankının 2015-ci il aprelin 1-nə olan hesabatına əsasən, banklar tərəfindən 12 209,2 milyon manat (59,17 faiz) milli valyutada və 8432,2 milyon manat (40,83 faiz) sərbəst dönərli valyutada (SDV) olmaqla, ümumilikdə 20 632,3 milyon manat kredit verilib. 2015-ci ilin yanvar ayında bu nisbət müvafiq olaraq 73 və 27 faiz, fevralda isə 60 və 40 faiz olub. Müqayisə üçün: 2014-cü ilin mart ayının yekunu üzrə bu göstərici 15 889,5 milyon manat (11 503,2 milyon manat milli valyutada və 4 386,3 milyon manat SDV-də) olub.

2015-ci il mart ayının yekunu üzrə (451 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qısamüddətli kreditlərin həcmi 4 585,8 milyon manat təşkil edib. 2014-cü il mart ayının nəticəsi isə belədir: 388,8 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla, 3 544,2 milyon manat. İl ərzində qısamüddətli kreditlərin həcmi 29,4 faiz artıb.

Uzunmüddətli kreditlərin həcmi 2014-cü ilin mart ayındakı 12 345,4 milyon manata (464,9 milyon manat ödənişi gecikdirilmiş borclar daxil olmaqla) qarşı 2015-ci ilin yanvar-mart aylarında 16 046,4 milyon manat (762,4 milyon manat ödənişi gecikdirilmiş borclar daxil) təşkil edib. İl ərzində uzunmüddətli kreditlərin həcmi 30 faiz artıb.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən, ölkənin dövlət banklarının kredit portfeli 7440,8 milyon manat təşkil edib, özəl banklar tərəfindən isə 12 632 milyon manat kredit verilib. Qalan 2,7 faiz (559,5 milyon manat) bank olmayan kredit təşkilatlarının payına düşür.

Azərbaycanda 45 bank fəaliyyət göstərir.

Məsələni şərh edən Samir Əliyev hesab edir ki, bank sektoru təhlükə qarşısındadır, problemli kreditlər kritik həddə çatıb:

“Statistik məlumatlar vəziyyətin çox da kritik olmadığını göstərir. Ancaq reallıq başqadır. Geri qayıtmayan kreditlərin həcmi rəsmi məlumatlardan dəfələrlə çoxdur. Problemli kreditlərin payı təhlükəli həddi keçib. Bu gün ölkə üzrə problemli kreditlərin payının ikirəqəmli olmasını çəkinmədən deyə bilərik. Apardığımız müşahidələr və analizlər bu fikri təsdiq edir. Hətta elə banklar var ki, onların kredit portfelinin az qala yarısı problemlidir. Ölkənin kredit bazarının üçdə birinə sahib olan Beynəlxalq Bankın zərərli kreditlərinin həcmi ilə bağlı məlumatları göstərmək kifayətdir ki, vəziyyətin nə qədər ağır olduğunu dərk edək. Təxmini hesablamalar göstərir ki, ölkə üzrə problemli kreditlərin payı 20%-dən çoxdur. Bu, artıq kritik həddir”.

İqtisadçı hesab edir ki, mövcud böhranı heç də təkcə devalvasiya ilə əlaqələndirmək düzgün deyil: “Problem başlanğıcını kredit portfelini sürətlə artıran bankların risk menecmentini düzgün qurmamasından götürüb. Onların ən böyüyü Beynəlxalq Bankdır. Çünki Beynəlxalq Bank illərlə qüsurlu və riskli kredit siyasəti aparıb. Bu bankın kredit portfelinin şişməsi paralel olaraq problemli kreditləri şişirdib. Mərkəzi Bankın açıqlamalarının əksinə olaraq problemli kreditlərin istehlak yox, məhz biznes kreditlərinin hesabına artdığını həmişə vurğulamışıq. Günahkarın sadə vətəndaş yox, iri sahibkarlar olduğunu bildirmişik. Nəticə göz qabağındadır. Təbii ki bu işdə son nöqtəni devalvasiya qoydu. Manatın dəyərini 35 faiz itirməsi dollar kreditlərinin ödəniş məbləğini birdən-birə 35 faiz artırdı. Təsadüfi deyil ki, təkcə fevral ayında dollar kreditləri üzrə problemli kreditlərin həcmi 55 faiz artdı. Banklar 5 milyard manatlıq valyuta kreditini restrukturizasiya etməli oldular. Onların müddəti uzadıldı, faiz dərəcələri bir neçə bənd aşağı salındı. Ancaq bu addım problemi həll edə bilmədi.

Bir neçə ay öncə proqnozlaşdırdığımız vəziyyət artıq göz qabağındadır. Bank sektoru neftin ucuzlaşmasından və devalvasiyadan böyük zərbə alıb. İkinci devalvasiya bu sistem üçün öldürücü ola bilər. Kredit qoyuluşu zəifləyib. 1-ci rübün nəticələri göstərir ki, əksər bankların faiz gəlirləri kəskin aşağı düşüb. Bu da onların mənfəətinin azalmasına, zərərinin artmasına səbəb olacaq. Bir tərəfdən manat qıtlığı, digər tərəfdən aktivlərin zərərinin artması bankları kredit şərtlərini sərtləşdirməyə sövq edəcək. Artıq bu tendensiya müşahidə edilir. Əziyyət çəkənsə ölkə iqtisadiyyatı olacaq”.

Ana səhifəXəbərlərÖdənişi gecikdirilmiş kreditlərin həcmi artıb