ODA Teatrı bağlana bilər (VİDEO)


“Əgər MMC bağlansa, ODA teatrı da avtomatik olaraq fəaliyyətini saxlayacaq. Çünki bizim 20 min manat vermək imkanımız yoxdur”.

ODA teatrının direktoru Elmin Bədəlov məhkəməyə verilməsindən və 20 min manatlıq cərimə oluna biləcəyindən danışır. Onu məhkəməyə verən də digər bir teatrın rəhbəridir. Şuşa Musiqili Dövlət DramTeatrının (ŞMDDT) direktoru Yadigar Muradov Elmin Bədəlovu bir vaxtlar rəhbəri olduğu Elitar.az saytındakı məqaləyə görə məhkəməyə verib.

“Mən Elitar.az saytının rəhbəri olduğum vaxt Şuşa teatrının aktyorları anonim olaraq Elitar.az saytına Şuşa teatrından şikayət məktubu göndərmişdilər. Biz həmin məktubun anonimliyini qoruyaraq saytda dərc etdik. Yazı dərc olunandan sonra Şuşa teatrının rəhbəri Yadigar Muradov telefonla mənlə əlaqə saxlayıb, məni təhqir etməyə başladı. Mən də telefonu söndürdüm və bir daha onun zənglərinə cavab vermədim. Bir müddət sonra məlum oldu ki, Yadigar Muradov məni məhkəməyə verib və 20 min manat təzminat istəyib. O, bildirib ki, bu yazıdan sonra Yadigar Muradovun şərəf və ləyaqətinə zərər dəyib”.

Şuşa Musiqili Dövlət DramTeatrının rəhbəri Yadigar Muradovla telefon əlaqə saxlamaq mümkün oldu. O bildirir ki, Elmin Bədəlovu məhkəməyə verməsinin yeganə səbəbi anonim məktubun kim tərəfindən göndərildiyinin ona açıqlanmaması olub. Yadigar Muradov onu da qeyd edir ki, dəfələrlə saytdan bu yazının götürməsini tələb etsə də buna əməl edilməyib.

“Elmin Bədəlov məndən üzr istəyib məktubu kimin yazdığını desə, mən ona 20 min manatlıq təzminatı bağışlayaram. Çünki bilirəm ki, o kasıb oğlandı, pulu verməyə imkanı yoxdu, mən hamısını öyrənmişəm”.

Hüquqşünas Xalid Ağalıyev deyir ki, jurnalist mənbənin kimliyini gizlədə bilər. O, əlavə edir ki, informasiya ilə bağlı narazılıq varsa, təkzib vermək olar, amma mənbənin kimliyini açmağı tələb etmək qanuni deyil.

Elmin Bədəlov isə deyir ki, Yadigar Muradov tələblərində haqsızdı və onlar artıq bununla bağlı məhkəməyə etiraz ediblər.

“İlk etirazımız bu həftəsonu ODA teatrında tamaşanı saxlamaqla etdik”.

Ana səhifəVideoODA Teatrı bağlana bilər (VİDEO)