“Dünya hər iki ölkədən keçəcək bir yol açacaq ki, bu da Rusiya və Çindən asılılığı azaltmağa imkan verəcək”
Rəsmi Vaşinqton düşünür ki, Ermənistan və Azərbaycan Rusiyanın prosesə müdaxiləsindən məyusdur.
İyulun 30-da ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Ceyms O’Brayn Senatın Xarici Əlaqələr Komitəsində çıxışı zamanı belə deyib.
Ceyms O’Brayn ABŞ-nin Yerevan və Bakı arasında sülh arzusunun gerçəkləşməsi üçün çox çalışdığını əlavə edib.
“Turan”ın yazdığına görə, senator Ben Kardinin sualını cavablandıran O’Brayn bildirib ki, Ermənistan Rusiyanın əli ilə Azərbaycan tərəfindən ərazisi (Sünik vilayəti-red.) zəbt edildikdən sonra öz sərhədlərinə qarşı real təhlükə ilə üzləşib.
“Ermənistan əhalisinin əksəriyyəti Rusiyadan uzaqlaşmaq istəyir və biz buna şərait yaradırıq”,-Ceyms O’Brayn belə deyib.
O, həmçinin “Zəngəzur dəhlizi” məsələsinə toxunub:
“Dünya hər iki ölkədən keçəcək bir yol açacaq ki, bu da Mərkəzi Asiya ölkələrinə qlobal bazarlara çıxmağa və Rusiya və Çindən asılılığı azaltmağa imkan verəcək. Beləliklə, bütün bunlar ölkələrə qlobal bazarlara öz yollarını seçmək imkanı vermək üçün lazım olanların bir hissəsidir”.
Həmin gün Azərbaycan Prezidentinin köməkçisi Elçin Əmirbəyov Vaşinqtonun “Hudson” İnstitutunda çıxışı zamanı sülh prosesi barədə danışıb. O, xüsusilə keçən ilin dekabrında hər iki tərəfin birbaşa ikitərəfli təmaslara başlamaq qərarına gəldiyi vaxtdan bəri “əhəmiyyətli nailiyyətlərin” olduğunu bildirib.
“Biz heç vaxt sülh sazişinə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin düşmənçilik səhifəsini bağlamaq və Cənubi Qafqazı sabitlik və sülh məkanına çevirmək üçün tarixi imkanları var”.
Elçin Əmirbəyov deyib ki, Bakı Ermənistan rəhbərliyinin Dağlıq Qarabağa heç bir iddiası olmadığına dair mövqeyini təsdiqləyəcəyini gözləyir:
“Ona görə də biz ümid edirik ki, qalan çətinliklər qısa müddət ərzində lazımı şəkildə həll olunacaq”.
Elçin Əmirbəyov Türkiyə-Ermənistan yaxınlaşması haqda suala belə cavab verib:
“Türkiyəli dostlarımız da başa düşürlər ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşması daha çox Ermənistan və Azərbaycan arasında əldə olunan irəliləyişlə bağlıdır. Biz türk dostlarımızla eyni mövqedəyik, çünki onlar da başa düşürlər ki, Cənubi Qafqaz regionunda ərazi iddiaları məsələsi dərhal həllini tələb edir və sülh prosesi ətrafında onsuz da çox kövrək atmosferi çətinləşdirə biləcək istənilən addımlar istisna edilməlidir”.
İyulun 29-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan kiprli həmkarı Konstantinos Kombos ilə keçirdiyi mətbuat konfransında “Azərbaycanla düşmənçiliyə qalib gəlmək üçün tarixi məqamdan istifadə etmək lazımdır”-deyə bəyan etmişdi:
“Düşmənçilik səhifəsini bağlamaq və mühüm yol ayrıcında yerləşən bütün regionu iqtisadi inkişaf və firavanlıq üçün daha yaxşı gələcəyə hazırlamaq üçün hazırkı tarixi andan istifadə etməliyik”.
İyulun 30-da Ermənistan-Türkiyə nümayəndə heyətlərinin görüşündə bəzi məsələlər razılaşdırılıb. Ermənistan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Ahurik-Akyaka dəmir yolu sərhəd-keçid məntəqəsinin bərpası imkanlarını nəzərdən keçirəcəklər:
“Habelə, diplomatik/xidməti pasportlara malik olan şəxslər üçün viza prosedurlarının qarşılıqlı asanlaşdırılması barədə razılığa gəldik”