“Obamanın çıxışı Azərbaycan üçün “sarı kart”dır” (VİDEO)

Amerika prezidenti Barak Obamanın Klinton Qlobal Təşəbbüsünün illik sessiyasındakı nitqindəAzərbaycanın adını çəkməsi siyasi gündəmə yeni müzakirə mövzusu gətirdi. Barak Obama bildirib ki, Rusiyadan Çinə, Venesuelayadək amansız basqılar görürük, hökumətlər legitim fikir ayrılığını dövlətə xəyanət sayırlar. Azərbaycan kimi yerlərdə qanunlar QHT-lərin fəaliyyətini inanılmaz dərəcədə çətinləşdirir. Hazırda bu bəyanat müxtəlif baxış bucaqlarından müzakirə olunur. Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə söhbətimizdə həmin baxış bucaqlarından məsələyə yanaşmağa çalışdıq.



Ərəstun bəy, ABŞ prezidenti Barak Obamanın çıxışını dinləmisiz. Prezident Obama bu bəyanatla nə demək istəyir?

–         Birinci, Barak Obamanın çıxışının mənzərəsini verib, təhlil etməliyik. Diqqət etmisinizsə, prezident həmin çıxışda vətəndaş cəmiyyətinin fəaliyyətini, hüquq və azadlıqların qorunmasını önəmli saymaqla yanaşı, bu azadlıqlara basqıları ABŞ üçün milli təhlükə mənbəyi elan edib. Bu, anlaşılan bir mövqedir. Uzağa getməyək, Azərbaycan hakimiyyətinin vətəndaş cəmiyyətinə qarşı olan misilsiz basqıları, saxta ittihamlarla həbslər, elə Amerika institutlarının fəaliyyətinin qarşısının alınması – bunlar hamısı Obama administrasiyasının ünvanına həm etimadsızlıq, həm də sərt tənqidlər doğurdu. ABŞ öz milli maraqları olaraq təhlükəsizlik, enerji mənafelərini önə çəkir və bu yolda demokratiya, insan hüquqlarından bir təzyiq vasitəsi kimi istifadə edir. Amma indi prezident Obama elan etdi ki, ABŞ-in milli marağı məhz budur. Yəni artıq yeni bir deklarasiyadır.



Demokratiya təhlükəsizlik və enerji məsələlərindən önə keçir?

–         Hər halda artıq onlara bərabər səviyyədə olur. Obama deyirsə ki, insan haqlarına, demokratiyaya, vətəndaş cəmiyyətinə qarşı basqılar var, bunlar ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir. Məncə, Azərbaycanla bağlı məqamın üzərində xüsusi dayanmalıyıq. Çünki Azərbaycan ayrıca bir bənd kimi göstərilir ki, bu ölkədə vətəndaş cəmiyyətinin fəaliyyətinə nəinki basqılar var, ümumiyyətlə, inanılmaz dərəcədə qanunla çətinləşdirilir. Faktiki olaraq, Azərbaycan hakimiyyəti hüquq və azadlıqların məhdudlaşdırılmasını insanların fəaliyyət azadlığının qarşısının alınmasını qanuniləşdirir. Bu isə nə Azərbaycanın beynəlxalq öhdəliklərinə, nə dünyanın hüquq və azadlıq standartlarına, nəhayət, Konstitusiyamızın ruhuna uyğun deyil.



Bir məqam var, hökuməti dəstəkləyən saytlar hesab edir ki, Obama özü çıxışı hazırlamayıb, ona Azərbaycanın adını dedizdiriblər. Yazılanları necə qiymətləndirirsiniz?

–         Bu, absurddur və Molla Nəsrəddinin cızıqdan 3 dəfə çıxması lətifəsini xatırladır. Görün, nə qədər məntiqsiz yanaşmadır ki, çıxışın konteksinə irad tuta bilmirlər, Azərbaycan adının ikinci cəhddən çəkməsinə ilişdirirlər. Azərbaycan sözünün tələffüzü ingilisdilli insan üçün çətindir. Barak Obamaya kiminsə nəsə deməsinə ehtiyac yoxdur. O, senator olarkən Azərbaycanda səfərdə olub, yəni səfərdə olduğu ölkənin adını bilmirmi?! Bu, elə mənasız və məntiqsiz izahdır ki, ona ciddi reaksiya verməyin tərəfdarı deyiləm. Sadəcə, tələffüzdə çətinlik çəkdiyindən ikinci dəfə tələffüz edir. İstənilən Avropa dillərində danışan insanlar üçün bizim ölkənin adını çəkmək o qədər asan deyil. Çünki uzun addır. Çox təəssüf ki, bu məsələyə izah verməli oldum, ona görə ki, izah veriləsi məsələ deyil.



Prezident İlham Əliyev bir neçə ay əvvəl Azərbaycan diplomatlarıyla görüşəndə bildirmişdi ki, heç bir ölkənin başçısı ona daxili siyasətlə bağlı söz deməyib. Obamanın bəyanatı reaksiya sayıla bilərmi?

–         Ona cavabdır. Ümumiyyətlə, son illər Azərbaycanda son illər vətəndaş cəmiyyətinə, siyasi opponentlərə, beynəlxalq təşkilatlara, o cümlədən, ABŞ-ın beynəlxalq statuslu təşkilatlarına və rəsmilərinə qarşı aparılan təxribata cavabdır. İndi ola bilər ki, prezident Obama bugünə qədər İlham Əliyevin qəbuluna düşə bilmədiyindən bu fikirləri deyə bilməyib. Amma hər halda imkan yarandığı zaman dedi.



Obama, doğrudanmı, Əliyevin qəbuluna düşmək istəyir?

–         Onu bilmirəm, dəqiqləşdirmək lazımdır.



Bəs o zaman bəyanatın ardı gələcəkmi və yaxud Azərbaycanın demokratikləşməsini istəyən qüvvələr bunun üçün nə etməlidir?

–         Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan hakimiyyətinin davranışı bezdirici faktora çevrilib, hamı rəsmi Bakının davranışından yorulub. Son bir ayda baş verən hadisələrə diqqət yetirin, ABŞ vətəndaşı Səid Nurini Azərbaycanda saxlayırlar, amma nəyə görə saxladıqları məlum deyil. Əgər bu addımı atmağa əsas vardısa, o zaman nə üçün ölkədən buraxdınız? Bu, çox ciddi sualdır. ABŞ vətəndaşı olmasın, başqa ölkənin vətəndaşı olsun, Azərbaycan qanunlarına əsasən cinayətə yol veribsə, onu ölkədən buraxmırlar, istintaq davam edir. Ancaq istintaqda Səid Nuriyə ən yüksək Pentaqon generalları barədə təxribatçı suallar verilir. Bu, kənardan gələn sifarişdir



Kənar deyəndə, hansı ölkəni nəzərdə tutursunuz?

–         Rusiyanı. Bu sualların məqsədi ABŞ-Azərbaycan münasibətlərini dağıtmaqdan ibarətdir.



Ancaq deputat Zahid Oruc Obamanın bəyanatverməsində bir məqam kimi baş nazirin birinci müavini Yaqub Eyyubovun Rusiya haqqında müdafiəyönümlü fikirlərinin rol oynadığını düşünür…

–         Mən düşünmürəm ki, Obama, ümumiyyətlə, Yaqub Eyyubovun kim olmasıyla maraqlanır və bu, onun üçün bu dərəcədə önəmli bir məsələdir. Hesab etmirəm ki, Azərbaycan hakimiyyətinin Rusiyapərəst mövqeyi prezident Obama və bu dövlət üçün ciddi bir problemə çevrilib. ABŞ bugün Rusiyayla ciddi münaqişədədir və bu münaqişənin də əlamətləri özünü göstərməkdədir. Azərbaycanın ənənəvi bir yanaşması var: ABŞ-dan tənqid gələndə Rusiyaya tərəf gedir, Kremldən sərt təpki gəlirsə, o zaman Qərbə tərəf qaçır. Bax, bu divar artıq bitib.



Obamanın çıxışından sonra nə olacaq?

–         Heç nə. Siz düşünürsünüz ki, Rusiyaya tərəf gedəcəklər?



Mən sual verirəm.Rəsmi Bakı Moskvaya doğru gedə bilərmi?

–         Xeyr! Çünki gedə biləcəyi qədər gedib, burdan o tərəfə gedə bilməyəcək. Səbəb də odur ki, burdan o tərəfə Rusiyanın istədiyi faktiki olaraq hakimiyyətdir. Yəni Rusiya Azərbaycanı Gömrük İttifaqına qoşulmağa çağırırsa, bu istiqamətdə təzyiqlər göstərirsə, o cümlədən, Avrasiya İqtisadi Birliyinə qoşmaq istəyirsə, bu, artıq hakimiyyət məsələsidir. Təsəvvür edin ki, Azərbaycan hakimiyyətinin üzərində dayandığı, mövcudluğunu qoruyub saxladığı ən vacib instrument gömrükdür. Gömrük vasitəsilə hər şey olunur. Məhz bu səbəbdən də Azərbaycan Rusiyaya bundan yaxın gedə bilməz. Diqqət yetirin, Rusiya artıq Xəzərin statusunu yeni kontekstdə gündəmə gətirib və bu, Azərbaycanın maraqlarına cavab vermir. Mən hələ 2-3 il əvvəl demişdim ki, bir gün mövqe tələb olunacaq. Bütün bu “balanslaşdırılmış xarici siyasət” adlandırılan, əslində isə siması və hədəfləri olmayan siyasət bir gün gətirib elə bir dalana çıxardacaq ki, hər tərəfdən təzyiqlər başlayacaq.



Həmin gün bugündürmü?

–         Bəli.



Yəqin ki, hakimiyyəti dəstəkləyənlər Obamanın çıxışını hazırlayanlara Azərbaycanın əleyhinə olan qüvvələrin təsirinin olduğunu deyəcəklər. Depuatat Siyavuş Novruzov isə daha unikal fikir iişlədib:



Obama ya özü, ya da köməkçilərinə tapşırmalıdır ki, Azərbaycanda QHT-lər haqqında qanun layihəsini oxusun və ona düzgün məlumat versinlər



. Bu mənada doğrudanmı, prezident çıxışından xəbərdar olmur?

–         Mənə elə gəlir ki, biz dövlət rəsmilərinin reaksiyalarını gözləməliyik. Siyavuş Novruzov partiya funksioneridir, Zahid Oruc isə heç bir partiyanın nümayəndəsi deyil. Yəni onların dedikləri göstərici deyil. Bu normal praktikadır ki, dövlət başçısına hansısa məruzəni onun aparatı hazırlayır. Ancaq mən onu da bilirəm ki, QHT sektorundakı situasiya Barak Obamanın dediyindən qat-qat pisdir. Qanuni məhdudiyyətdən başqa QHT-lərin böyük əksəriyyətinə sanksiyalar tətbiq olunub, bank hesabları dondurulub, bəzi insanların şəxsi bank hesabları dondurulub. Yəni “Obamaya kimsə nəsə hazırladı”, “hansısa lobbilər təkil etdi” kimi fikirlər o qədər absurd və məntiqsizdir ki, heç onu şərh etməyə dəyməz. Həqiqətən ABŞ-ın siyasətinə hansısa lobbilər təsir göstərirsə, o zaman Azərbaycan niyə lobbiçiliyə bu qədər pul xərcləyir, hanı bunun təsiri? Bugünlərdə “New-York Times” qəzetində lobbi şirkətləriylə imzalanmışkontraktların surəti dərs olundu. Bu işdə birbaşa Azərbaycanın ABŞ-dakı səfiri iştirak edib, imza atıb. Buda anormal praktikadır, ancaq hər halda hanı bunların nəticələri? Niyə Azərbaycanı dəstəkləyən lobbilər həmin sənədi Barak Obamaya təqdim etmirlər?Çünki ABŞ prezidentinə heç kim yalanı təqdim edə bilməz. O, yalanı səsləndirər, bundan sonra Amerika mediasının tənqidinə tuş gələr və yalanı sırıyan məmurlar cəzalandırılar.



Nə gözləyirsiz, hökumət bu çıxışdan sonra hansısa addımlar atacaqmı?

–         Obamanın çıxışında Azərbaycanın ayrıca kontekstdə göstərilməsi “sarı kart”dır. Bu məsələyə ümumi kontekstdə yanaşmaq lazımdır. Mən Avropa Parlamentinin məlum qətnaməsini nəzərdə tuturam. Elə həmin qətnamə də “sarı kart” adlandırıla bilər. Çünki sənəddə sanksiyalardan söhbət gedir.



Amma bəzi fikirlərə görə, qaz anlaşması məlum qətnaməni kağız parçasına çevirdi…

–         Həmin qaz anlaşması Türkiyəylədir.



Qaz kəməri Türkiyə vasitəsilə Avropaya getməyəcəkmi?

–         Xeyr, gəlin məsələləri qarışdırmayaq. Avropa ölkələrinin Azərbaycan qazına marağı “Nabucco” ilə bağlı olub. Çünki söhbət Azərbaycan qazından getmir, bizim çox cüzi qazımız var və bu, Avropanın tələbatını 1 faizdən çox ödəmir. Təəssüf ki, “Nabucco” layihəsinin gerçəkləşməsinə Türkiyə də imkan vermədi, Azərbaycan hakimiyyəti də istəmədi və Ankara bir növ alternativ kimi TAP-ı, TANAP-ı təklif etdi. Artıq Qərbin enerji məsələsində Azərbaycana əvvəlki maraqları yoxdur. Ona görə ki, dünyaya yeni qaz gəlir, KİV artıq İran prezidenti Həsən Ruhaninin Avropa ilə mümkün qaz anlaşması barədə fikrini yayıb. Bundan əlavə, Şimali Afrika qazı gəlir, Avropanın şimal dənizindəki qaz yataqarının işlənməsi başlayır. Nəhayət, Rusiyada başqa proseslər başlayır, mən iki aparıcı neft şirkətinin prezidentinin açıqlamalarını nəzərdə tuturam – “Rosneft” və “Lukoyl”u. Açıq şəkildə göstəriblər ki, Rusiyada neftin, qazın hasilatı 20 faiz düşə bilər. Yüksək ehtimalla da düşəcəkdir. Əgər iş adamları dilə gəlirsə, məsələ çox ciddidir. Deməli, Rusiyanın hasilatı risk altındadırsa, artıq bu ölkədən qorunmaq, ona alternativ axtarmaq məsələsi dominant deyil. Çünki Rusiya özü asılı duruma düşür.



Bütün hallarda Azərbaycanın demokratik qüvvələri nə etməlidir ki, bəyanatın ardı gəlsin?

–         Birinci növbədə daxildə vətəndaşlarla işləməliyik, insanlara vəziyyəti izah etməliyik. Biz bunu etmirik. Mənimlə müşahidələrini bölüşən beynəlxalq təşkilatların nümayəndələri deyir ki, Azərbaycan əhalisinin böyük bir hissəsi anti-Rusiya mövqeyində dayandığı halda hakimiyyətin böyük əksəriyyəti Rusiyapərəstdir. Necə də paradoksal durum yaranıb. Biz həmin o anti-Rusiyayönümlü cəmiyyətlə işləməliyik. Azərbaycanın seçimi 1918-ci ildə edilib, Avropa ölkəsi qurmalıyıq. Avropa ölkəsi olmaq üçün həmin dəyərləri bölüşmək, yaymaq və qəbul etmək lazımdır. Avropa dəyərlərini primitiv, yaxud hansısa aşağılayıcı şəkildə təqdim etmək lazım deyil. Avropa dəyərləri azadlıqdır, demokratiyadır, insan amilinə və ləyaqətinə hörmətdir. Əgər Avropa dəyərləri belə pisdirsə, niyə Azərbaycanın ən Rusiyapərəst məmurları övladlarına evləri Qərb ölkələrində alırlar, yaxud ora oxumağa göndərirlər. Heç olmasa, bunu xatırlasınlar və Avropa dəyərlərinə qarşı primitiv təbliğata komanda verəndə bir dəfə özlərinə “dur!” desinlər.

Ana səhifəVideo“Obamanın çıxışı Azərbaycan üçün “sarı kart”dır” (VİDEO)