Zərdüşt Əlizadə: “Rusiyanın hakim zümrəsi və dövlət quruluşu elə vəziyyətdədir ki, dövlət itirə-itirə gedir”
Aprelin 5-də prezident İlham Əliyevin Səudiyyə Ərəbistanına rəsmi səfəri başlayıb. Prezidentin rəsmi saytının məlumatına görə, İlham Əliyevlə İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun görüşü olub.
Söhbət zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında ikitərəfli münasibətlərin hazırkı səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın inkişafı baxımından bu səfərin əhəmiyyəti yüksək qiymətləndirilib.
Aprelin 7-də isə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan İrana səfər edir. Səfərin diqqətçəkən tərəfi iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf etməsidir. Hətta İranın bəzi deputatları səfərin təxirə salınmasına çağırıblar. Onlar prezident Ərdoğanın açıq şəkildə Səudiyyə Ərəbistanının Yəməndə hərbi əməliyyatlarına tərəfdar çıxmasını göstəriblər.
Qeyd olunan səfərləri Meydan TV-yə şərh edən politoloq Zərdüşt Əlizadə hesab edir ki, bu səfərlərlə ümumi vəziyyət dəyişməyəcək.
Politoloq Türkiyə ilə İran arasında münasibətlərin ilıqlaşacağını düşünür: “Çünki ortaq iqtisadi maraqlar var, İran neftini və xüsusilə qazını Avropaya satmağa çalışır. Bunun üçün yeganə yol Türkiyə üzərindən keçir. Artıq bir qaz kəməri var, Türkiyə onun vasitəsilə hər il 9 milyard kubmetr qaz satır. İran dünya qazının 18 faizinə malikdir, çox güman ki, Qərblə münasibətlər normallaşandan sonra cənub qonşunun qazı Türkiyə ərazisindən Avropaya daşınacaq. İraq neftinin, Azərbaycan, Rusiya qazının Türkiyə ərazisindən keçdiyini nəzərə aldıqda bu ölkə dünya enerji bazarında vacib oyunçulardan birinə çevrilir. Ona görə Ərdoğanın İranla normal münasibətlər quracağına əminəm, İrana da bu lazımdır”.
Azərbaycan prezidentinin Səudiyyə Ərəbistanına getməsi, Dubay şeyxinin Bakı səfərinə gəlincə, Zərdüşt Əlizadə hər üç ölkənin eyni ruhlu siyasi rejim olduğunu deyib əlavə etdi ki, sülalə hakimiyyəti və xalqın sərvətini ələ keçirmək bu cür rejimlər üçün adi şeydir: “Düzdür, Azərbaycandan fərqli olaraq ərəb ölkələrində xalq üçün daha çox pay ayırırlar. Amma avtoritar, qeyri-demokratik və arxaik siyasi rejimlər çətin anlarda bir-birinə dəstək üçün öz aralarında isti münasibətlər yaradırlar”.
Politoloq hesab edir ki, ABŞ Konqresində respublikaçılar Obama Administrasiyasına İranla razılaşmanın təsdiqinə mane ola bilməyəcəklər: “Amerika hökuməti istəyəndə cəmiyyəti barışmaz ədavətə də kökləyir, istəməyəndə də rasional siyasətə. İndiki halda Obama komandasına neft qiymətlərini nəzarətdə saxlamaq və İsrailin “köpünü” almaq üçün İranla yaxşı münasibətlər lazımdır. Baxmayaraq ki, İsrail ABŞ-İran münasibətlərinin normallaşmasına əngəl olmağa çalışır, hətta baş nazir Netanyahu Konqresdə Obamanı tənqid də etdi. Ağlasığmaz vəziyyətdir ki, xarici dövlətin başçısı Konqresdə ABŞ prezidentini tənqid edir və konqresmenlər də onu alqışlayır. Amma bunların heç bir köməyi olmayacaq, Obama istədiyini həyata keçirəcək, çünki o, Amerikanın prezidentidir, Azərbaycanın yox. Dünya miqyasında informasiya, maliyyə, siyasi və hərbi gücə malik şəxsdir. Ən əsası İranla müqavilə Amerikanın dövlət maraqlarına cavab verir”.
Zərdüşt Əlizadə İran açılımından Rusiyanın heç nə qazanmayacağını bildirdi: “Rusiyanın hakim zümrəsi və dövlət quruluşu elə vəziyyətdədir ki, dövlət itirə-itirə gedir. Bir ölkənin ki, hakim zümrəsi gecə-gündüz xalqın malını oğurlayır, onun sağlamlığı və savadı haqqında düşünməyir, həmin ölkənin gələcəyi yoxdur. Təəssüf ki, Azərbaycan da oxşar durumdadır”.