O vaxt ümid var idi…

Müsavat Partiyası ziyafətlər təşkil edirmiş…

Source:

Bəzi iqtisadçıların hesablamalarına görə, Azərbaycan 90-cı illərin iqtisadi reallığına yenidən qayıdacaq. O dövrdən olan insanları hamımız tanıyırıq, onların dediyinə görə insanlar o zaman kasıb olsa da, gələcəyə daha ümidli idilər. Hamının özününkü saydığı yeni dövlət qurulurdu, qarşıdan böyük neft pullarının gələcəyinə, hamının daha firavan yaşayacağına böyük inam var idi.

Siyasi reallıq indikindən qat-qat daha yaxşı idi, hamı ağzına-ağlına (bu çox yaxşı şeydir) gələni sərbəst danışır, rahatca höküməti tənqid edir, mitinqlərə gedir, etirazını bildirir. Qəzetlər problemsiz istədiklərini yazır, satır, özəl kanallar ölkənin problemlərini sərbəst dilə gətirir, müxalif siyasi qüvvələr rahat formada verlişlərə çağrılır, orda fikirlərini səsləndirir, bir sözlə, ümumilikdə mətbuat daha azaddır.

Etibarlı mənbələrdən birinin məlumatına görə, o zamanlarda Müsavat Partiyasında ballar, ziyafətlər təşkil olunurmuş (indiki reallıqdan baxdıqda, adamın heç inanası gəlmir).

İnsanlar höküməti özünün düşməni yox, özündən biri olanların hakimiyyəti kimi görür, hökümətin onun problemi ilə maraqlanan görmək istəyir, öz növbələrində, müxtəlif formalarda yeni ölkə qurulmasında öz əməklərini əsirgəmirdilər. Razıyam, hamı bunu etməsə də, indi bunu edənlərdən qat-qat çox olduğunu yəqin heç kim inkar etməz.

Bu haqda çox yazmaq olar, çox paralelllər aparmaq olar. Əsas demək istədiyim odur ki, əgər biz indi iqtisadi olaraq, 90-cı illərə qayıtsaq (ki ora gedirik), insanlardakı eyni ümidi, istəyi, inamı daha tapmayacağıq. Cəmiyyət total laqeyidliyə bürünüb. O zaman Rusiyanın boyunduruğu altına düşməmək üçün Qarabağı itirməyi (rus ordusunu Azərbaycandan çıxarmtaqla) gözə alan xalqı indi Rusiyanın tərkibinə qatsalar da, buna nəyinki etiraz edər, hətta bəlkə sevinər də.

Əvvəlki iqtisadi reallığa qayıdırıq, amma siyasi avtoritarizmlə, özündən başqa heç kimi düşünməyən hökümət ilə, sındırılıb-məhv edilmiş mətbuat ilə, insan haqlarını pozan, icra hakimiyyətinin göstərişlərini icra edən, hətta JEK əleyhinə belə bir qərar çıxarda bilməyən məhkəmə sistemi ilə, tamamilə korrupsiyaya uğramış siyasi elita ilə, tamamilə kompetentliyini itirmiş texnokratlar ilə, dövlətə renta kimi baxan iqtisadi yanaşma ilə, getdikcə azalan və artıq yox çıxmış intellektuallar ilə, sosialoji problemləri manıslarla müzakirə edib, xalqa “məsləhət” verən televizya proqramları ilə və daha nələr, nələr ilə…

Amma bütün bunlardan daha vahiməlisi, məhv edilmiş səhiyyə və daha ciddi təhsildir. Azərbaycan höküməti ölkənin təhsil sistemini tamamilə məhv elədi. Yeni reallqda bizə çox lazım olacaq ən önəmli institut sıradan çıxıb. Təhsilin orta və ali qanadını təzədən müasir standartlara uyğunlaşdırmaq üçün bizə onilliklər lazım olacaq.

Çinlilərin bir atalar misalında olduğu kimi, mən bilmirəm, bu yaxşıdır, yoxsa pis. Amma indi tamamilə aydındır ki, biz uğursuz dövlət – “failed state” olduq. Bəli, 25 illik müstəqilliyimiz ərzində dünyaya və özümüzə sübut etdik ki, biz dövlət qura bilmirik. Yenidən sıfırdan başlamağa hazırıqmı?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəO vaxt ümid var idi…