O taydan – bu taya, Azərbaycan musiqisini öyrənmək üçün “vətən” dedikləri ölkəyə gələnlər burada dar ayaqdadır. Son illər İrandakı iqtisadi vəziyyətin pisləşməsi və valyutanın dəyərdən düşməsi ilə Bakıda oxuyan İran azərbaycanlıları maddi çətinlik içində qalıblar. Tələbələrin arasında təhsilini davam etdirə bilməyib İrana dönənlər də var.
Sentyabrın 5-də dünyanın müxtəlif yerlərində faəliyyət göstərən 40-dan çox Azərbaycan dərnəyi hökumətə birgə müraciət ünvanlayıb. Mətndə İran azərbaycanlısı tələbələrin təhsil haqqından azad olunmaları istənilir.
Yaşadıqları ölkədə ana dilində təhsil almaq, musiqi ifa etmək, qadağan olunan güneyli tələbələrin doğma musiqilərini öyrənmək üçün tək çıxış yolu Azərbaycanda təhsildir. Buraya məhz milli musiqi öyrənmək, ana dilində ifa edə bilmək eşqi ilə gəlirlər.
Təhsil Nazirliyinin əməkdaşı bu məsələnin geniş müzakirə tələb etdiyini, indiki halda cavab verə bilməyəcəklərini deyib. Nazirlər Kabinetinə etdiyimiz zənglər də cavabsız qaldı.