Həbsdə məni ən çox düşündürən məsələlərdən biri də həbsdə olanların bir-birinə qarşı münasibəti idi. O müddətdə bir şeyi anladım ki, həbsxanada insanlar bir-birinə qarşı daha xoşgörülü və daha tolerantdırlar. Azadlıqda hansısa sözə görə bir-birini bıçaqlamağa hazır insanlar həbsdə bir-birini dinləməyi öyrənirlər.
Buna yaşadıqlarımdan misal verim. Mən həbsimin ilk yeddi ayında 6 nəfərlik kamerada 8 nəfərlə qalırdım. Arada hətta 9 nəfər də bir yerdə qaldığımız olub. Bir neçə ay sonra, müraciət elədim və kameranı 6 nəfərlik elədilər. Yeddi aydan sonra isə yenə öz istəyimlə iki nəfərlik kameraya köçürüldüm.
Böyük kamerada olanda hadisələr elə gətirdi ki, kamera yoldaşlarım mənim “ateist” olduğumu bildilər. Bəziləri həyatlarında ilk dəfə “ateist” görürdülər. Əvvəl mənə münasibətləri nəsə bilmədikləri, tanımadıqları bir şeyə münasibət idi. Sonra yavaş-yavaş alışdılar.
Bu mövzuda çoxlu mübahisələrimiz olub. Amma heç vaxt müəyyən sərhədlər keçilməyib. Hətta elə vaxt olub ki, kamerada altı nəfər olmuşuq və digər beş nəfər namaz qılıb, təkcə mən qılmamışam. Kamera yoldaşlarım müəyyən intellektual və mədəni səviyyəyə mənsub insanlar deyildi. Əgər elə olsa idi, burda danışmalı məsələ olmazdı. Çünki azadlıqda olanda belə tanışlarım olub. Ancaq kamera yoldaşlarımla azadlıqda bir ortamda olsam və onlara“ateist” olduğumu desəm və din barədə mübahisələr eləsəm, çox pis hadisələr baş verərdi. Azadlıqda, ümumiyyətlə, onlarla bir ortamda ola bilməzdim. Ancaq həbsdə biz uzaqbaşı mübahisələr edirdik. Qalan vaxtlar demək olar ki, çox mehriban idik. Bir yerdə yemək yeyirdik, televizora baxırdıq, oyunlar oynayırdıq və çoxlu söhbət edirdik.
Hətta müəyyən söhbətlərdən sonra o namaz qılan beş nəfərdən biri namaz qılmaqdan vaz keçdi. Bu ona görə baş vermədi ki, mən ateist idim və dinə qarşı mübarizə aparırdım. Sadəcə həmin adam namaz qılmaqla özünü aldadırdı və kamerada olan qatı dindarların təsirinə düşmüşdü. Üstümə gəlmək istəyəcək dindar dostlar üçün onu da qeyd edim ki, əvvəllər kamera yoldaşım olmuş bir narkomana isə, əksinə, namaz qılmağı tövsiyə etmişdim. Mənim o zamankı fikrimə görə, onun üçün müəyyən mənada yeganə çıxış yolu bu idi. Ancaq o məsləhətlərə qulaq asmadı və kameramız ayrılandan sonra onu təsadüfən bir neçə dəfə görəndə məndə yaranan təəssürata görə, o adam bu məsləhətlərə qulaq assaydı, daha yaxşı olardı.
Yeri gəlmişkən, müqayisə üçün hərbi xidmətdə başıma gələn hadisəni yazım. Hərbi xidmətdə olanda məni bir dəfə “ateist” olduğuma görə döyüblər. Həbsdə isə belə bir şey olmayıb.
Həbsdə olduğum müddətdə bu münasibətlər sisteminin səbəblərini axtarmışam həmişə. İlk olaraq elə fikirləşirdim ki, bunun səbəbi “oğru qaydaları”dır. Uzun müddət bu fikirdə qaldım. Ancaq daha sonra bu fikrimin yanlış olduğunu özüm üçün yəqinləşdirdim. “Oğru qaydaları” həbsxanalar üçün çox ciddi məsələdir, amma əsas məsələ deyil. Xüsusilə son dövrlərdə həbs yerlərində Penitensiar Xidmət rəhbərliyi tərəfindən “oğru dünyası”na qarşı aparılan siyasət bu dünyanın təsir imkanlarını xeyli azaldıb. Bir də bu dünyanın qaydaları elədir ki, bir çox mövzularda bu qaydalardan yan keçmək müəyyən mənada çox asandır.
Digər məsələ həbsxana rəhbərliyindən, yəni “paqonlardan” qorxudur. Bu da müəyyən səbəbdir. Ancaq hamımızın bildiyi kimi, Azərbaycanda bundan da yan keçmək çox da problem deyil. Dustaqlar başqa məsələlərlə bağlı “paqon”lara qarşı çıxmaqdan, nəticədə döyülməkdən və ya “kars”a düşməkdən əksərən çəkinmirlər. Bəs, onda həbsdəki insanların azadlıqda olanlara nisbətdə bir-birinə qarşı daha xoşgörülü olmasının səbəbi nədir?
Məncə, bunların səbəbi həbsdə insanların artıq başqa çıxış yollarının olmamasıdır. Azadlıqda həmişə seçim var. Olduğun ortamı dəyişmək mümkündür. Amma həbsxanalarda xüsusilə qapalı rejimlli yerlərdə seçimin yoxdur. Ən zəhlən getdiyi və sənə hərtərəfli əks olan adamla da mehriban olmağa məcbursan. Çünki iyirmi dörd saat bir yerdə yaşamaq çox çətindir. İnsanların çoxu bunu düşünmədən sadəcə instinktiv olaraq edir. Bunu etməyənlərin içəridə vəziyyəti çox pis olur.
Azadlıqda olanda bir-birinə heç salam verməyə tənəzzül etməyəcək, heç vaxt bir ortamda ola bilməyəcək insanlar həbsxanalarda eyni kameralarda aylarla bir yerdə qala və həbsxana dili ilə desək hətta “qardaşlaşa” da bilərlər. Bu onların bir-birlərinə təsir etməsi nəticəsində olmur. Az-az istisnalarla heç kim öz fikrini, şəxsiyyətini dəyişmir.
Sadəcə bir yerdə yaşamağı öyrənirlər.
19.11.2014 Kürdəxanı. BİT