O kişini buraxın

Oktyabrın 14-də Ali Məhkəmə Əli İnsanovun ikinci məhkumluğu ilə bağlı kassasiya şikayətinə baxmalıdır.

Source:

Oktyabrın 14-də Ali Məhkəmə Əli İnsanovun ikinci məhkumluğu ilə bağlı kassasiya şikayətinə baxmalıdır.

Onun barəsində yazmaq asan deyil. Çünki ona münasibət birmənalı deyil. Onu o tərəfdən də vururlar, bu tərəfdən də. Hakimiyyət cəbhəsinin münasibətini anlamaq olar. Orada hər şey kimi münasibət də göstərişlə olur. Demokratik düşərgədə də başına açılan oyunlara bəraət qazandıranlar az deyil. Əvvəlki qədər olmasa da (vaxt var idi, məhkəməsində iştirak belə qınaq yaradırdı), onu siyasi məhbus sayanları, müdafiəsinə qalxanları qınayanlar yetərincədir. Arqumentləri də çox sadədir: Bu gün məhz onun da qurucularından biri olduğu sistemin yüzlərlə qurbanı həbsdə yatır, onu müdafiə etmək, azı, həmin adamlara qarşı ədalətsizlikdir. Yəqin elə bu səbəbdən siyasi məhbuslar arasında həm yaşına, həm də həbs müddətinə görə ən qocamanı olmasına rəğmən, azadlıq çağırışlarında adı hələ də sonlarda çəkilir.

Sabiq səhiyyə naziri ilə eyni həbsxanada yatan tanınmış hüquq müdafiəçilərindən birinin bugünlərdə onunla bağlı bölüşdüyü bir epizod heç yadımdan çıxmır:

“Çox qızğın müzakirələrimiz olurdu Əli müəllimlə, mən onu keçmişinə görə ittiham edirdim, bəzən amansız olurdum. Nədəsə razılaşırdı, nədəsə yox, nədəsə özünə bəraət qazandırmağa çalışırdı. Bir gün belə müzakirələrin birində mənim ağır ittihamlarımdan sonra sakitcə üzümə xeyli baxdı və çox kədərli bir səslə soruşdu:

“Yəni deyirsiz, 11 illik məhkumluq həyatının qarşılığında da bu xalq günahlarımı mənə bağışlamayacaq?”

Ağır sarsıntılardan, özünü linç və mühakimələrdən keçmiş adamın açı etirafımı, tövbəsimi?..

“Hakimiyyət niyə Əli İnsanovu azadlığa buraxmaq istəmir” – sualı tez-tez səslənir. Bu mövzu çox dartışılıb və dediklərimlə yeni nəsə kəşf etdiyimə iddialı deyiləm.

Sistemin içərisindən çıxmış, hakimiyyətin və onun aparıcı partiyasının ən yüksək eşalonlarında təmsil olunmuş adamın əyilməməsi, əfv dilə(n)məməsi, sınmaması, dirənməsi bir tərəfə, onun məhkəmə çıxışları təkcə özünümüdafiə deyildi, o, daha çox ifşa edirdi: xidmət etdiyi sistemi ifşa edirdi, hakimiyyəti, onun partiyasını ifşa edirdi. Bu, hakimiyyətin və onun qulluğunda duran sistemin digər həbsə atdığı və atacağı sabiqlər üçün pis örnək idi. Lap isti nümunə – Cahangir Hacıyev. Bu başdan deyim ki, Ə.İnsanovdan fərqli olaraq o, sadəcə, özünü müdafiə edirdi. Çıxışları da buna köklənmişdi. Amma bu çıxışlarda, əslində, maliyyə sektorunda baş verən özbaşınalıqların mövcud sistemdən qaynaqlandığına bəzən üstüörtülü, bəzən də açıq işarələr, ifşaedici mesajlar az deyildi. “Bu cinayətlərə məni siz sövq etmisiniz, indi məni niyə tutursunuz?!” və ya “Bu sistemdə hamı və ya çoxu cinayətkar olduğu halda niyə məhz məni?!” Oxşar fikirlər bir qədər rabitəçilərin və MTN-çilərin məhkəmələrində də az səslənmədi.

Ə.İnsanov sıradan sabiqlərdən də deyil. Söhbət həm hakimiyyət içərisində, həm də hakimiyyətin əsas sosial dayaqlarından sayılan kəsim arasında (hər halda, son dövrlərə qədər belə olduğu qənaətindəyəm) yetərincə nüfuzu və dayağı qalmaqda olan birisindən gedir. Onun azadlığa çıxması (özü də, az qala, qəhrəman kimi!) hakimiyyətin onsuz da laxlamaqda olan sosial bazasını parçalayıb zəiflədə bilər. Üstəlik, Ə.İnsanov müxalifəti də aralıq dövr üçün birləşdirən fiqura çevrilə bilər. Hakimiyyət bütün bunları hesaba almamış deyil. Ola bilər, bunların heç biri baş verməsin, sadəcə, ona görə ki, Ə.İnsanov həyatının qalan hissəsini sakit yaşamaq istəsin. Amma onun hələ də içəridə olmasının əsas səbəblərindən biri də, böyük ehtimalla, belə bir öhdəliyi üzərinə götürməməsidir.

Hakimiyyətin, indiki ağır siyasi, iqtisadi və sosial durumda narazı elektoratın müxtəlif kəsimlərini birləşdirə və ya onların arasında körpü rolunu oynaya biləcək adamı azadlıqda görmək istəməməsi başa düşüləndir. Həbsxanada həyatı üçün real təhdid və təhlükələr qarşısında belə içindən çıxdığı sistemi ifşa edən yazıları, çıxışları ilə təhlükəli bir adama çevrilib Əli İnsanov. İkinci uzunmüddətli real həbs təhlükəsi xəbəri qarşısında “Əli İnsanovun dəmir barmaqlıqlar arxasında kədər heykəlinə dönməsini görməyəcəklər. Əli İnsanov mübarizə üçün doğulub. Bilin və agah olun, Əli İnsanov ölümlə rəqs edənlərdəndir. Məni heç bir təhdidlə sındırmaq mümkün deyil. Mən bu yola kəfənlə çıxmışam” – deyən adamdır Əli İnsanov. Bu şəxs həbsdə ola-ola mənə meydan oxuyursa, gör azadlıqda nə oyundan çıxacaq – deyə hakimiyyətin düşünmək və ondan qorxmaq üçün yetərincə əsasları var.

Son dövrlər yüksək ranqlı məmurlardan tutmuş, hakimiyyətə sədaqəti ilə seçilən, uzun illər onun himayəsindən yararlanan imkanlı iş adamlarına qədər geniş dairəni əhatə edən həbslər dalğası həmin çevrədə də təşviş və qorxu yaratmaya bilməz. Çox sayda insanın ölkədən çıxışına qadağan qoyulması da həmin adamlara həbs ehtimalının ciddiliyi barədə xəbərdarlıqdır. Bu adamlar qurbanlıq quzu lazım olanda və ya hər hansı səbəbdən hökmdarın qəzəbinə tuş gələndə həbsə göndərilə biləcəklərini anlamamış deyillər. Ə.İnsanova gizli dəstək (şərait dəyişəndə isə aşkar) verənlərin arasında belələri də az olmayacaq çox güman.

Qayıdaq əvvələ.

İnsanları anlamaq olar, situasiya, doğrudan da, həssasdır: nazir olduğu dövrdə korrupsiyanın çiçəkləndiyi səhiyyə, bu sistemi yaradan və ona sədaqətlə xidmət edən, ondan müsahibə almaq istəyən jurnalistə “konkret olaraq rədd ol” deyə biləcək birisiydi Əli İnsanov. Bütün bunlar yaddaşlarda hələ də qalır.

Amma, əvvəla, bu adam toplum qarşısında keçmiş günahlarını publik etiraf edib və 11 illik cəzasını da günə gün yatıb və ən vacibi, ləyaqətlə yatıb, sınmayıb, əyilməyib, ayaqlara düşməyib. 11 il çox böyük müddətdir. Onunla eyni vaxtda və eyni ittihamlar əsasında tutulanların hamısı azadlıqdadır.

Bir də ki, hazırda hakimiyyətdə Ə.İnsanovdan qat-qat ağır cinayətlər törədən və hələ də ən yüksək kürsülərdə oturan o qədər adam var ki.

Və nəhayət, Əli İnsanov siyasi məhbusdurmu?

Ola bilər, sabiq nazirin birinci məhkumluğu ilə bağlı onun siyasi məhbusluğu şübhə, mübahisə doğursun. Bu sistemlərdə korrupsiyaya bulaşmamış nazir (təkcə nazir yox!) olmur (onun həbsini sifariş verən və icra edənlərin özlərinin nə qədər təmiz olmaları sualını kənara qoysaq). Amma ikinci cinayət işi onu heç bir mübahisə və şübhə yeri qoymadan siyasi məhbus edir.

Bir də ki, Əli İnsanovun yaxşı, yoxsa pis adam olması, keçmişi ilə bağlı müzakirələr hadisənin ictimai kontekstini arxa plana atır. Dövlət vətəndaşı ilə düşmənçilik edir, ondan qisas alır və bunu həbsxanaların, hüquq-mühafizə orqanlarının, məhkəmələrin əli ilə edir. Bu isə çox təhlükəlidir, çünki hər birimizi potensial qurbana çevirir: dindarı da, cinsi azlığı da, jurnalisti də, naziri də, müxalifətçini də, yapçını da, qeheteşniki də, keqebeşniki də…

Buraxın o Kişini…

p.s. Bugünlərdə başqa bir siyasi məhbus Rüfət Səfərov 36 yaşını həbsdə başa vurdu. Onu təbrik edirəm. Rüfət bəy atası tanınmış YAP-çılardan olan Eldar Sabiroğlunun oğludur, özü də müstəntiq idi. Ölkədəki korrupsiyaya, insanı əzən rejimə etiraz etdiyinə görə həbsə atılan Rüfət də qurbandır. Atasının uzun illər sədaqətlə xidmət etdiyi sistemin qurbanı.



Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəMənim FikrimcəO kişini buraxın