“Qeyri-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanların siyahısını Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Vergilər Nazirliyinə göndərmişik. Onlar haqda ciddi tədbirlər görüləcək”
Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O bildirib ki, “Citynet”in abunəçi sayı digər qanunsuz kabel şəbəkəsi yayımı ilə məşğul olanların sayından qat-qat çoxdur: ““İPTV” adı altında böyük bir şəbəkə qeyri-qanuni kabel yayımı ilə məşğul olur. Onlara qarşı ciddi tədbirlər görüləcək. “İPTV” anlayışına insanlar fərqli yanaşırlar. Bunu internetə müdaxilə kimi qəbul edirlər. Amma bunun internetlə heç bir əlaqəsi yoxdur. Onlar xüsusi ayrıca şəbəkə yaradıblar və həmin şəbəkə vasitəsilə gəlir əldə edirlər. Özü də bu televiziya-radio yayımıdır. Əgər bir insan burdan gəlir əldə edirsə, ona uyğun olaraq da, qanunvericiliyin tələblərinə əməl etməlidir. Televiziya-radio yayımı lisenziyalaşdırılan sahədir. Ona görə də “İPTV” adı altında fəaliyyət göstərənlər lisenziya əldə etməlidir. Amma çox təəssüf ki, əvvəlcə gedib qeyri-qanuni fəaliyyət göstərirlər, sonra da lisenziya lazım olduğunu biləndə gəlib şantaj yolu ilə lisenziya almaq istəyirlər. Amma bu keçməz”.
N. Məhərrəmlinin sözlərinə görə, kabel şəbəkələrində yayımlanan televiziya kanalları MTRŞ-dakı razılaşdırılmış siyahıya uyğun həyata keçirilməlidir: “Hazırda Azərbaycanda kabel şəbəkəsi xeyli inkişaf edib. Biz bu işlə bağlı dünya təcrübəsini əsas götürərək Azərbaycanda bu təcrübəni tətbiq edirik. Necə ola bilər ki, Pribaltika, Ukrayna, Moldova və başqa ölkələrdə bu tətbiq olunanda buna normal yanaşılır. Amma Azərbaycanda tətbiq olunanda fikirləşirlər ki, bu addım kiməsə qarşı yönəlib. Belə bir şey yoxdur. Sadəcə, insanlar kabel şəbəkələrinə baxmalıdırlar və kabel şəbəkələrində yayımlanan televiziya kanalları MTRŞ-dakı razılaşdırılmış siyahıya uyğun həyata keçirilməlidir. Ermənistan kanalı və ya pornoqrafik kanal, yaxud da dini bir kanal Azərbaycanda sərbəst yayımlanacaqsa, bəs onda dövlət orqanı nə üçün lazımdır?”
MTRŞ sədri qeyd edib ki, kabel şəbəkəsi yayımı sahəsində təkmilləşdirmə işləri aparılır: “Biz Azərbaycanda kabel şəbəkəsi yayımçıları ilə birgə müzakirələr apardıq. Hazırda bu müzakirə öz müsbət nəticəsini verir. Deyilən tövsiyələr hamısı həyata keçirilib. Burada hər hansı bir problem yoxdur. Biz XXI əsrdə yaşayırıq. Xarici televiziya kanallarına baxmaq imkanları istənilən qədərdir. İnsanlar axtardığını internetdə, peyk antenasında və yaxud başqa yollarla da tapa bilər. Burda heç bir problem yoxdur. Ona görə də bu sahəyə müdaxilə edilir demək doğru deyil. Amma dövlətin özünün məqsədləri var. Dövlət bu qurumu ona görə yaradıb ki, bu sahəyə nəzarət etsin, burdakı problemləri üzə çıxarsın, onları tənzimləsin.
Dünya ölkələrində kabel şəbəkəsi yayımı ilə bağlı artıq müəyyən standartlar formalaşıb. Hər bir ölkədə kabel şəbəkəsinin sayı yüzlərlə olmur ki… Kabel şəbəkəsinin sayı 3, 4, 5 və yaxud 6-dır. Kabel şəbəkəsini işlətmək o qədər də asan deyil. Bəziləri qeyri-qanuni yolla fəaliyyət göstərir və pirat yolla xarici telekanalların siqnallarını tutub əhaliyə 3-4 manata yayımlayır. Elə bilir ki, bu həmişə belə davam edəcək. Amma kabel şəbəkələrinin yayımı ilə məşğul olanlar xarici kanalların hər biri ilə müqavilə bağlayıb bu yayımı həyata keçirməlidirlər. Müqaviləyə görə də kabel şəbəkələri xarici kanallara pul ödəməlidirlər”.
MTRŞ-dan APA-ya bildirilib ki, Azərbaycan qeyir-qanuni kabel şəbəkəsi yayımı ilə məşğul olanlar Alfanet MMC, Avirtel, Izone MMC, Azeronline, Enginet.az, Smart System technologys, Global service Provider, Eurosel, Uninet MMC, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi, Aztelekom, CityNet, Smartonline.az, Metronet, Az-Evro Tel MMC, Ott.az və GigaNet-dir.