Nuşirəvan Məhərrəmli: Bəzən aparıcılar o qədər sürətlə danışırlar ki…

Telekanallarda 850 pozuntu qeydə alınıb

Source:


Telekanallarda 850 pozuntu qeydə alınıb

“Müasir dövrdə böyük dövlətlərin dilləri milli dilimizin üzərinə sanki hücuma keçib. Buna qarşı mübarizə aparmaq çətindir, lakin biz mümkün olanı etməliyik”.

APA-nın məlumatına görə, bunu avqustun 15-də keçirilən mətbuat konfransında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.

O, televiziya aparıcılarının sürətli danışığını qəbul etmədiyini bildirib:

“Bəzən aparıcılar o qədər sürətlə danışırlar ki, onların dediklərinin mahiyyətini başa düşmək olmur”.

MTRŞ sədri deyib ki, narahatedici məqamlardan biri də efirdə şivə, ləhcə ilə danışmaqdır.

“Ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqlərinin nəticələrinə əsasən telekanallarda ədəbi dil normaları dilin bütün səviyyələri üzrə – istər fonetik, istər leksik, istər qrammatik, istərsə də üslubi səviyyədə pozulur”.

Ümumilikdə monitorinq zamanı 850 pozuntu qeydə alınıb. Bunlardan 371-i fonetik, 177-i leksik, 200-ü qrammatik, 104-ü üslubi norma pozuntularıdır. Monitorinq prosesinə “İctimai TV”, ATV, “Space”, “Lider”, “Xəzər” və ARB telekanalları cəlb olunub.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi, “Elektron Mediaya Yardım Fondu”nun «Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması» layihəsi əsasında Milli Televiziya və Radio Şurası və Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2017-ci ilin iyun-iyul aylarında teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqləri aparılıb.

Ana səhifəXəbərlərNuşirəvan Məhərrəmli: Bəzən aparıcılar o qədər sürətlə danışırlar ki…