Hazırda həbsdə olan hüquq müdafiəçisi Leyla Yunus “Turan” İnformasiya Agentliyinə məktub göndərib. Məktubda deyilir:
“Sentyabrın 11-də saat 10:15-10:25-də Kürdəxanı istintaq təcridxanasında mənim saxlanıldığım kameraya BMT-nin işgəncələr əleyhinə komissiyasının nümayəndələri gəlib.
Təklikdə komissiyaya mənə qarşı olan psixi və fiziki təzyiq metodları, məhbus Nuridə Hüseynovadan mənə qarşı istifadə olunması haqqında məlumat vermək imkanım var idi.
Şənbə günü N.Hüseynovanın mənə yetirdiyi xəsarət nəticəsində sağ ayağımda əmələ gəlmiş 20-25 sm-lik qançırı BMT nümayəndəsinə göstərdim. Həmçinin, kömək istədikdə məhz mənə töhmət verildiyini qeyd etdim.
BMT nümayəndələri digər kamera yoldaşlarımla söhbət edərək, onlara problemləri haqqında suallar veriblər. BMT nümayəndələri kameranı tərk etdikdən 6-7 dəqiqə sonra Nuridə Hüseynova mənə hücum edib, qışqır-bağır salaraq, heç kimin köməyinə ümid etməməyimi dedi.
O, TV-nin səsini axıra qədər açdı və məni təhqir etməyə davam etdi, ümumiyyətlə, əlimi-ayağımı qıracağı ilə hədələdi… Qapıya vurmağa başladım. Nəzakət Məmmədova qapını açdı, psixoloji təzyiqə və zorakılıq təhdidinə məruz qaldığım üçün BMT nümayəndələrini yenidən kameraya dəvət etməyi xahiş etdim. N.Məmmədova nəzakətlə bildirdi ki, onlar başqa kameradadırlar, çıxan kimi onlardan yanıma gəlməyi xahiş edəcək. O, vədini iki dəfə təkrar etdi.
Əlbəttə, məni növbəti dəfə aldatdılar. Artıq qapını döymədim, bir saat sonra nəzarət əməkdaşı BMT nümayəndələrinin korpusu tərk etdiklərini dedi. Nuridə Hüseynova isə istehza və hədələrinə davam etdi.
Belə bir nəticə çıxır ki, ondan mənim fiziki və psixi sağlamlığımı pozmaq üçün istifadə edirlər (ola bilər ki, prokurorluq). O, hələ BMT nümayəndələri istintaq təcridxanasında olarkən mənə hücum etdi.
Mənə yatmağa imkan vermirlər, BMT-nin müdafiə edə bilməyəcəyini nümayiş etdirirlər”.