Avqustun 2-də Hövsan – Zığ yolunda yerləşən “Duzlu göl” ətrafındakı obyektlərin sökülməsi məcburi köçkünlərin etirazına səbəb olub. Zəngilan köçkünləri 1993-cü ildən burada məskunlaşıblar. Onlar deyir ki, çörək pulu qazanmaq dərdinə düşüb, gölün ətrafında kiçik obyektlər tikiblər. Sahibkarların sözlərinə görə, söküntünü aparanlar Novruz Məmmədovun adından istifadə edirlər:
“Deyirlər ki, Novruz Məmmədov buranı yoldaşının adına alıb. Özü ilə danışdıq, dedii, siz gedəndən sonra gəlib buranı bərpa edəcəm. Sonra heç iki il çəkmədi onun qardaşı uşaqları peyda oldular. Dedilər ki, ya yer pulunu ver, ya da söküb dağıdacağıq. 2500 manat yer pulu verirəm”.
“1993-cü ildən 47 ailə burada oluruq. Buranı işlədirdik. İndi 5-6 ildir ki, Novruz Məmmovun qardaşı oğlu Ayaz Məmmədov gəlib. Hər il 2000 manat ona pul veririk. Bu il hava yoxdur. Allaha qurban olum, gedib yuxarıda dava etməyəcəyik ki? Hava yoxdur. Dirənib ki, 2000 manatımı ver bura. Kimdən gedib borc alım gətirim?
Bu ərazidə 7 obyekt yerləşir. Köçkünlər bildirir ki, yalnız dünən onlara bildiriş yollayıb, obyektlərini sökəcəklərini deyiblər:
“Dünən axşam bu kağız bizə verilib ki, sabah sizin yerlərinizin hamısı söküləcək. Bizə bildirişi 15 gün əvvəl gəlməli idi. Camaat da işini bilərdi. Novruz Məmmədovun adından istifadə edib sökürlər. Sənəd varsa, niyə göstərmirlər? Jurnalistlər burda idi, niyə müsahibə vermədilər? Niyə qaçdılar? Belə yiyəsizlikmi olar?”
Söküntünü aparanlar suallarımızı cavablandırmadı. Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi Cəlaləddin Əhmədov isə deyir ki, bu yerlər antisanitariya olduğunu görə sökülür:
“Ayıbdır, zibillikləri çək. Bura antisanitariyadır, kriminal mənbəyidir, içkixanadır. Get zibillikləri, tualeti çək”.
İxtiyar Məmmədov sökülmüş obyektindən salamat qalan prezidentlərin portretini çıxarır.
“Babamız deyirdi ki, qaçqınlar toxunulmazdır. Mən Ayaz Məmmədova deyirəm ki, prezidentimiz belə bir söz deyib. Deyir, o babanız öldü, getdi. Mən də deyirəm ki, babamız öldü, amma oğlu yerində durub. Xahiş edirəm, bizim şikayətimizə baxın. Oradan oradakı ermənilər, buradan da buradakı ermənilər qovub bizi. Biz hara qaçaq?”