Elxan Şahinoğlu: “Danışıqlarda irəliləyişin olmadığını Azərbaycan rəsmiləri də etiraf edir”
“Azərbaycan torpaqlarının qaytarılmasının vaxtı çatıb. Bütün danışıqların da mahiyyəti budur. Madrid prinsiplərində də göstərilir ki, ilk mərhələdə 5 rayon azad olunsun, ərazi minalardan təmizlənsin, köçkünlər qayıtsın. İkinci mərhələdə Laçın dəhlizinin formatı müəyyənləşsin, Laçın və Kəlbəcər qaytarılsın”.
APA-nın məlumatına görə, bunu Rusiyanın xarici işləri naziri Sergey Lavrovun Ermənistana son səfərindən sonra yayılan məlumatlara münasibət bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, Madrid prinsiplərində sülhməramlı qüvvələrin yerləşdirilməsi də nəzərdə tutulur: “Nizamlanmada məcburi köçkünlərin Dağlıq Qarabağa qaytarılması, sonrakı mərhələdə Azərbaycan Konstitusiyası çərçivəsində referendumun keçirilməsindən söhbət gedir. Təəssüf ki, Qərb dövlətlərindən tam ədalətli, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun mövqe görməmişik. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mövqelərində də bu müşahidə olunur. Ədalətli yanaşma olmayanda isə nizamlanmada ciddi problem yaranır”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Meydan Tv-yə bildirib ki, Novruz Məmməıdovun dediklərini bölüşür və Madrid planında bunlar göstərilib: “Ancaq mən Novruz Məmmədovun nikbinliyini bölüşmürəm. Yəni bu istiqamətdə iş gedirmi? Ermənistana təzyiq edilirmi? Azərbaycan rəsmiləri həmsədrləri tənqid edir və şayiələr yayılır ki, Ermənistan Rusiyanın təzyiqi ilə Dağlıq Qarabağ ətrafındakı rayonların bir neçəsini boşaldacaq. Rusiyanın xarici işlər naziri Lavrov Bakı və İrəvan səfərlərindən sonra da eyni şayiələr yayıldı. Axı Kremlin İrəvana təzyiqinin heç işartısı yoxdur. Başqa tərəfdən, separatçıların lideri Moskvaya səfər edir və sonra görüşlərindən danışır. Yaxud Lavrov İrəvanda deyir ki, AŞ PA Qarabağ məsələsinə qarışmasın. Çünki AŞ PA-nın müvafiq komitəsində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən məruzə təqdim edilib. Məruzədə Azərbaycan ərazilərinin azad olunması, köçkünlərin geri qaytarılması bildirilir. Moskva bütün bunların əleyhinə çıxırsa və Ermənistana heç bir təsir etmirsə, Dağlıq Qarabağ ətrafındakı rayonlar necə boşaldılacaq? Yəni danışıqlarda irəliləyişin olmadığını Azərbaycan rəsmiləri də etiraf edir”.
Elxan Şahinoğlu Novruz Məmmədovun sülhməramlı qüvvələrin bölgəyə yerləşdirilməsi barədə fikirlərinə də toxundu: “Bu məsələ də mübahisəlidir, şayiələr gəzir ki, Rusiya öz hərbçilərini əraziyə yerləşdirməklə rayonların boşaldılmasını təmin edə bilər. Bu, Azərbaycan əleyhinə yönəlmiş addımdır. Bu gün Qarakənd səması üzərində vurulan helikopterin ildönümü qeyd edirik, hansı ki, bu faciədə rus qoşunlarının bilavasitə iştirakı vardı. Yaxud Xocalı soyqırımının törədilməsində 366-cı alayın iştirakı unudulmayıb. Bunlardan sonra yenədəmi rus qoşunlarının Qarabağda yerləşdirilməsinə razılıq verəcəyik? Həm də ATƏT-nin Budapeşt Sammitinin 1994-cü ildə qəbul etdiyi qətnamə də rus ordusunun bölgəyə qaytarılmasını qadağa edib. Ən əsası əraziyə maraqlı dövlətlərin qoşunu yeridilməməlidir. Həmsədr dövlətlər də maraqlı dövlətlərdir. Mən Azərbaycan rəsmilərindən Bakının Rusiya qoşunlarının birtərəfli qaydada yerləşdirilməsinin əleyhinə olan açıqlama gözləyirəm. Hələ belə bir açıqlama eşitməmişəm. Elə Lavrovun AŞ PA-nın əleyhinə olan bəyanatı barədə Azərbaycan XİN-i susdu. Erməni separatçıları Londona gedəndə, Azərbaycan XİN-i Böyük Britaniyanı tənqid edir, amma Moskvaya gedəndə susur. Rəsmilərin susqunluğu da müxtəlif şayiələrin yayılmasına rəvac verir ki, guya Rusiya münaqişənin həllini sürətləndirir. Ancaq niyə sürətləndirəcək, bu suala cavab yoxdur”.